28 Avqust 2019 22:39
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın SSRİ-nin tərkibindən çıxdığı yolla Dağlıq Qarabağın da Azərbaycanın tərkibindən çıxdığına dair iddiaları həm hüquqi, həm də tarixi baxımdan yanlışdır".

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Paşinyanın məlum bəyanatını şərh edərkən bildirib.

F.Şəfiyev qeyd edib ki, Ermənistan tərəfinin hüquqi nöqteyi-nəzərdən bu cür yanlış və əsasız fikirlər səsləndirməsi ilk dəfə deyil:

"SSRİ Konstitusiyasına əsasən yalnız 15 sovet respublikasının Sovet İttifaqından ayrılmaq hüququ var idi. Dağlıq Qarbağ isə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar region olub. Muxtar bölgələrin isə sovet konstitusiyasında ayrılmaq hüququ yox idi.

Yerevanın dəfələrlə irəli sürdüyü iddiaya əsasən, Dağlıq Qarabağın Azərbaycandan ayrılması “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununa əsasən mümkün olub və istənilən Sovet respublikası tərəfindən ayrılma prosedurunun başladılması zamanı muxtar quruluş da Sovet İttifaqında qalmaq və ya çıxmaqla bağlı müstəqil qərar qəbul etmək hüququna malik olur. Lakin Azərbaycan, o cümlədən Ermənistan və digər Sovet respublikaları Sovet İttifaqını onun süqutu ilə bağlı 8 dekabr 1991-ci il tarixli Belovej razılığı əsasında tərk edib. Bununla əlaqədar olaraq yuxarıda adıçəkildən 2 aprel 1990-cı il tarixli Sovet İttifaqı Qanununa istinad edilə biməz. Belə ki, Azərbaycan, eynilə Ermənistan SSRİ-dən çıxarkən bu qanundan istifadə etməyib".

F.Şəfiyevə görə, Ermənistan hələ Sovet dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini hüquqi yolla ilhaq etmək üçün çoxsaylı cəhdlər edib və ən son olaraq 1 dekabr 1989-cu ildə edilən cəhd Sovet Konstitusiyası və qanunlarının bəzi maddələrinin pozulması əsas gətirilərək mərkəzi Sovet hökuməti tərəfindən ləğv edilib: "Azərbaycan hökumətinin razılığı və regionun azərbaycanlı əhalisinin iştirakı olmadan 1991-ci ilin 10 dekabrında keçirilən qondarma “referendum” da qanunsuz həyata keçirilib.

Azərbaycan və Ermənistan müstəqil olduqdan sonra 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunublar. Onların sərhədləri Azərbaycan və Ermənistan Sovet respublikalarının sərhədlərini bir daha təsdiqləyən “uti possitedis” prinsipi əsasında tanınıb və orada Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilib. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar bu statusu bir daha təsdiqləyiblər".

Mərkəz rəhbəri qeyd edib ki, erməni milliyətçilərinin Azərbaycanın Dağlıq Qarabağ regionuna qarşı irredentist işğalçı iddialarını öz müəddəratını təyinetmə bəhanəsi altında gizlətmək cəhdləri həm hüquqi, həm də tarixi nöqteyi-nəzərdən etibarsızdır: "Ermənistanın hazırkı rəhbərliyi yaxşı anlamalıdır ki, onlar bir tərəfdən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin “müstəqil statusunu” təbliğ edən, digər tərəfdən isə “Dağlıq Qarabağ Ermənistanındır” iddialarını əks etdirən məsuliyyətsiz bəyanatlarla regionu, o cümlədən öz xalqını daha böyük faciələrə aparır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər