Bu üç dövlətin davamlı olaraq Suriya mövzusunda görüşüb müzakirələr aparması müsbət hadisədir. Problemlərin danışıqlar vasitəsilə həlli irəliyə atılan addımdır. Amma işin çətin tərəfi odur ki, Suriya məsələsində dövlətlərin maraqları fərqlidir.
Bu sözləri Teleqraf.com-a siyasi şərhçi Oqtay Qasımov Ankarada bu saatlarda Rusiya, İran və Türkiyə prezidentləri arasında keçirilən görüşü şərh edərkən deyib.
Siyasi şərhçi əlavə edib ki, Suriya məsələsində İran, Rusiya və Türkiyənin maraqları bir-birindən fərqlidir: “Türkiyənin maraqları bir çox məqamlarda hazırda müzakirə aparıb əməkdaşlıq etdiyi bu dövlətlərlə daban-dabana ziddir. Bu mənada Ankarada baş tutan görüşdə müzakirə ediləcək məsələlərin sayı kifayət qədər çoxdur.
Bu məsələlərdən bəziləri isə olduqca kritikdir. Bu sıraya İdlib vilayətində olan durum aiddir. Bu ərazi ilə bağlı məsələ müzakirə ediləcək. Xüsusilə, nəzərə almaq lazımdır ki, İdliblə bağlı Türkiyənin müəyyən öhdəlikləri, nəzarət məntəqələri var. Amma son dövrlər Suriya rejimi bu ərazilərə hücumlar həyata keçirib, bəzi əraziləri nəzarətə götürüb və minlərlə insan Türkiyə sərhədlərinə doğru qaçmağa başlayıb.
Bu mənada düşünürəm ki, Ankara sammitində müzakirələr gərgin keçəcək. Hər halda ortaq məqamlar tapılsa da, uzunvədəli razılıq gözləmirəm. Bu da, həmin dövlətlərin maraq və uzunvədəli baxışlarında fərqlərin olması ilə bağlıdır”.
Müsahibimiz əlavə edib ki, Ankarada müəyyən aqnlaşmanın əldə edilməsi qaçılmazıdır: “Məsələn, bir müddət əvvəl Bəşər Əsədə bağlı qüvvələr sistemli şəkildə İdlibə hücumlar həyata keçirirdi. O zaman prezident Ərdoğan Moskvaya səfər etdi, Putinlə danışıqlar apardı. Bunun nəticəsində İdlibdə gərgin vəziyyət nisbətən aradan qalxdı, Bəşər Əsədə bağlı qüvvələr birtərəfli atəşkəs elan etməli oldu. Amma bunlar müvəqqəti xarakter daşıyır. Başqa sözlə, strateji və fundamental razılaşmaların əldə edilməsi hələlik çətindir. Yəni təmas nöqtələri tam olaraq tapılmayıb. Odur ki, Ankarada görüşü zamanı da fundamental razılaşmalar olmasa da, ümumi razılaşmalar əldə ediləcək.
Nəzərə alın ki, ümumi razılaşmalar əldə edilməsə o zaman belə tədbirlərin keçirilməsi və müzakirələrə lüzum qalmazdı. Müəyyən irəliləyişlər olacaq, amma bu sammitdə köklü və əsaslı qərarların qəbul ediləcəyi və Suriya probleminə birdəfəlik nöqtə qoyulacağınə iddia etmək doğru olmazdır”.