1 Noyabr 2019 20:39
1 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresində saxta soyqırım məsələsi dəfələrlə qaldırılıb. Neçə illərdir ki, ABŞ bu amildən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir. İndiki mərhələdə bu məsələnin Konqresin alt palatasında gündəmə gətirilməsi əslində Türkiyənin apardığı siyasətin təzahürünün nəticəsidir.

Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.

Əlibəyli bildirib ki, Türkiyənin Suriyada apardığı siyasət Vaşinqton tərəfindən dəstəklənmir: “Eləcə də Türkiyənin Yaxın Şərq regionunda gücə çevrilməsi, öz müstəqil siyasətini Vaşinqtonla razılaşdırmadan qərarlı formada həyata keçirilməsi ABŞ-ın qəzəbinə səbəb olub. Eyni zamanda Türkiyənin maraqlarına uyğun olaraq Rusiya ilə müəyyən mənada yaxınlaşması, S-400 kompleksləri alması da ABŞ tərəfindən birmənalı qəbul olunmur. Odur ki, ABŞ Türkiyəyə qarşı qondarma erməni soyqrımı kartından istifadə edir. Konqresin aşağı palatasının saxta erməni soyqrımı haqda qanun layihəsi qəbul etməsinə bu prizmadan baxmaq lazımdır”.

Hüquqşünas əlavə edib ki, parlamentlər soyqırım haqda yalnız siyasi xarakterli qərarlar qəbul edə bilər. Onun sözlərinə görə, belə qərarların heç bir hüquqi gücü və məsuliyyəti olmur: “Amma burada incə bir məqam da var. Ehtimal budur ki, əksər ölkələr saxta soyqrımı tanıdıqdan sonra erməni tərəfi bu məsələni beynəlxalq məsələyə daşıya bilər. Hər halda erməni tərəfinin məqsədi bundan ibarətdir. Məhkəmənin qərarına əsasən Türkiyədən təzminat tələb edilsin. Ola bilsin ki, erməni siyasətçiləri bunu hesablayır. Lakin o da bəllidir ki, beynəlxalq məhkəmələr əsasən fakt və dəlillərə qiymət verir. Parlamentlərin qəbul etdiyi qərarlar isə nə fakt, nə də dəlildir, sadəcə siyasi qərarlardır. Başqa sözlə, parlamentlərin qəbul etdiyi qərarlar əsasında beynəlxalq məhkəmə hər hansı bir qərar çıxara bilməz. Odur ki, saxta erməni soyqrımına dair məsələnin Türkiyə üçün hüquqi nəticə törədəcəyinə inanmıram. Sadəcə siyasi baxımdan problemlər yaranır, iki dövlət arasında bir-birinə etimadsızlıq mühiti formalaşır”.

Qulamhüseyn Əlibəyli xatırladıb ki, əslində saxta erməni soyqrımı iddiasının beynəlxalq məhkəməyə daşınmasının özü qanunsuz addım olardı.

O, dediklərinə sübut kimi Maltada baş tutan məhkəməni göstərir: “Əslində indiyə qədər saxta soyqırımı ilə bağlı iki məhkəmə prosesi olub. Bunlardan biri Türkiyə daxilində olub. Səhv etmirəmsə əslən kürd əsilli hakim bu işə baxıb və Türkiyənin xeyrinə qərar çıxarıb. İkinci məhkəmə prosesi Malta adasında baş tutub. I Dünya Müharibəsində Osmanlı məğlub olduqdan sonra Böyük Britaniya xeyli sayda türk zabitlərini Malta adasına aparıblar. Adada zabitlər həm əsir kimi saxlanılıb, həm də onların üzərində saxta soyqırımla bağlı məhkəmə keçiriblər. Ancaq Malta məhkəməsi türk zabitlərinin uydurma soyqırımda türk hərbçilərinin günahkar olmasına dair heç bir sübut və fakt ortaya qoya bilməyib. Yəni sonradan türk zabitləri azad edilib. Əslində Maltada qurulan məhkəmə müəyyən mənada beynəlxalq məhkəmə kimi təqdim oluna bilər. İndi ikinci dəfə eyni əsasa görə məhkəmə prosesinin başlamasının özü beynəlxalq hüquq normalarına ziddir. Yəni bu məsələdə Türkiyəni sıxmaq mümkün olmayacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər