7 Noyabr 2019 18:13
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə bu toplantının hansı səbəbdən və niyə məhz indi keçirildiyi diqqət cəlb edir.

Bu sözləri Axar.az-a açıqlmasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı noyabrın 5-də sabiq səhiyyə naziri, həbsxanadan bir müddət öncə azad edilən Əli İnsanovun da iştirak etdiyi müxalif partiya rəhbərlərinin birgə toplantısını şərh edərkən deyib. O qeyd edib ki, bu, ilk baxışda gücdən düşən və elektoratını itirən radikal müxalifətin qarşıdan gələn parlament seçkilərinə hazırlıq məqsədilə toparlanma cəhdi kimi görünə bilərdi:

“Normal siyasi proseslərdə adətən belə olur: seçkilərə ən azı bir il qalmış hazırlıqlara start verilir. Əslində müxalifət sonuncu parlament seçkisində acınacaqlı səviyyədə uduzduqdan sonra nəticələri təhlil etməli, növbəti seçkilərə hazırlaşmalı idi. Ancaq təəssüf ki, “radikal müxalifət” adlandırdığımız kəsimin düşüncəsində normal siyasi təşkilatlanmaya yer yoxdur”.

A.Camalqızının sözlərinə görə, bu fakt əslində toplantının mahiyyəti ilə bağlı fərqli yozum tələb edir:

“Prosesi – yəni radikal müxalifətin aktivləşmə cəhdlərini ölkədə aparılan ciddi siyasi-iqtisadi islahatlar fonunda qiymətləndirmək zəruridir. 2019-cu ilin ilk ayında Prezident İlham Əliyev açıq şəkildə bu ili “islahatlar ili” elan etdi və konkret tənqidlərini səsləndirərək, hökumət qarşısında tələblərini qoydu. Bunun dərhal ardından “radikal müxalifət”in ilk canlanma çabalarını müşahidə etdik.

Sözügedən müxaliflərin – bura daha çox Milli Şura və Əli Kərimli aiddir – növbəti “kampaniyası” isə Prezident İlham Əliyevin ciddi kadr və struktur islahatlarına, hakim komandanın yenilənməsi, gəncləşməsi və çevikləşməsi prosesini başlatdığı vaxta təsadüf etdi. Bunların heç biri təsadüfü sayıla bilməz”.

Politoloqun qənaətinə görə, Prezidentin islahatlar kursu ilə bağlı “sərt iradə ortaya qoyulub” fikri və bunun ardınca atdığı ciddi addımlarla paralel, MŞ və Əli Kərimlinin 19 oktyabr fiaskosundan sonra, Müsavat Partiyasının siyasəti də maraq doğurur:

“Müsavat Partiyası da meriyaya müraciət edir, Qaradağ rayonunda mitinq üçün bəlli yer ayrılır, müraciət müəllifləri ayrılan yerdə aksiya keçirməkdən imtina edir və bunun ardınca Müsavat Bakı şəhər İcra Hakimiyyətinin qarşısına piket elan edir. Tamamilə MŞ və Əli Kərimli “ssenarisidir”. İstər-istəməz sual yaranır: Əli Kərimli və MŞ-nın iflasına səbəb olan bu ssenarini təkrarlamaq qərarını Müsavat özümü qəbul etdi? Yoxsa bu ssenari tamamilə fərqli bir yerdə yazılıb və indi də Müsavata bu ssenariyə “multfilm çəkmək” tapşırılıb?”

Aynur Camalqızının sözlərinə görə, hətta bu “ssenari” xaricdən idxal edilməsə və “daxili mətbəx”də hazırlansa belə, müxalifətin mübarizə formalarının nə qədər bərbad və uğursuz olduğunu və əslində müxalifət adını məşğul edən bu insanların tamamilə tükəndiyini isbatlayır:

“Əli İnsanovun da oyuna cəlb edilməsi isə radikalların əsl niyyətini anlamaq üçün olduqca mühüm detaldır. Heç Əli İnsanovun vaxtilə müxalifətə qarşı söylədiyi ağır ifadə və ittihamlara toxunmayaq. 2005-ci ildə evindən çıxan zinət əşyaları və nəğd pullarla böyük rüşvətxor və korrupsioner olduğu haqda kimsədə şübhə yeri qalmayan Əli İnsanovun müxalifətə hansı qatqısı və yaxud müsbət təsiri ola bilər? Hakimiyyət hərisliyindən başqa heç nə düşünməyən Əli İnsanovun sadəcə qisas hissi ilə yanıb-yaxıldığı kimə aydın deyil? Müxalifət bu tip korrupsioner və rüşvətxor bir şəxslə “dialoqa” gedirsə, bəllidir ki, onun hədəfi hakimiyyət uğrunda sivil mübarizə aparmaq yox, nə yolla olursa-olsun, hakimiyyət yanğısını təmin etməkdir. Bu, bir daha təsdiqləyir ki, radikal müxalifət hətta şeytanla saziş bağlamağa hazırdır, təki hakimiyyət uğrunda mübarizədə xırdaca da olsa, şans əldə etsin. Amma xalq imici rüşvət və korrupsiyadan ibarət olan Əli İnsanov kimilərinin müxalifətdə “mövqe tutması”nı qəbul edə bilərmi və edirmi?

Müxaliflər bunu anlamır və yaxud anlasalar da, “ssenarist”lər onları bu “dialoqa” məcbur edirlər.

Digər tərəfdən, müxalifət uzun illərdir hakimiyyətin gəncləşməsi, struktur və kadr islahatlarının vacibliyindən dəm vururdu. Prezident İlham Əliyev bunun ən gözəl örnəyini ortaya qoyur – hətta 70 yaşdan yuxarı yüksək vəzifəli şəxslərin istefa mədəniyyəti nümayiş etdirməsinin vacibliyini də bildirir və proses hamının gözləri önündə gedir.

Belə halda radikallar siyasi karyerası çoxdan bitmiş 73 yaşlı Əli İnsanovla nə “qururlar”? “Qocalar klubu”, yoxsa “Pensiyaçılar qrupu”? Hakimiyyətin gəncləşməsini istəyən müxalifətin özü hansı gənclərlə çalşıır, kimlərlə “prosesə” start verir? Rusiyadan qovulan uğursuz diplomat Hikmət Hacızadə ilə?”

A.Camalqızı Əli İnsanovun radikal müxalifətlə bir masa arxasında oturmasını həm də Prezident İlham Əliyevin apardığı böyük islahatları dayandırmaq üçün növbəti uğursuz cəhd adlandırıb:

“Üçüncü məsələ məhz budur: hakimiyyətin yenilənməsi, gəncləşməsinə qarşı müxalifətin qocalmış vitrini!

Ancaq diqqətdən qaçırırlar ki, əvvəla, siyasi baxımdan özünü tamamilə xərcləmiş şəxslərlə hər hansı siyasi proses başlamaq əvvəlcədən fiaskoya məhkumdur. İkincisi, uğursuz layihə və “taktikadan” imtina qabiliyyəti olmalıdır. Əgər MŞ və Əli Kərimli “bu taktikanı” sınayırsa və uğursuzluğa düçar olursa, Müsavat Partiyasının başqa forma seçə bilməməsi yalnız məzmunsuzluğun nəticəsidir. Başqa sözlə desək, siyasi ömürlərini başa vurmuş bu “Qocalar klubu” heç bir ideya ortaya qoya bilmir və onlar yalnız Müsavatın dar otağına yığışıb, xatirə şəkilləri çəkdirməyə yarayırlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər