18 Noyabr 2019 16:10
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etiraz və mitinqlərin keçirilməsi normal və təbii haldır, amma bu qanun çərçivəsində olmalı, qanunazidd hərəkətlərə yol verilməməlidir.

Bu fikirləri Teleqraf.com-a “Gürcü Arzusu” Partiyasının deputatı Mahir Dərziyev Tiflisdə parlament binası qarşısında müxalifətin keçirdiyi mitinqlər haqqında danışarkən deyib.

Deputat mitinqlərin səbəbi haqqında danışarkən xatırladıb ki, Gürcüstanda bir il əvvəl yeni kosntitusiya qəbul edilib. Onun sözlərinə görə, yeni konstitusiyada Gürcüstanın demokratiya sahəsində əldə etdiyi bir sıra uğurlar öz əksini tapıb:

“Bu vaxta qədər Gürcüstanda qarışıq seçkilər sistemi mövcud olub. Gürcüstan müstəqillik əldə etdikdən sonra həm mojaritar, həm də proporsional seçki sistemləri var, 150 deputat yerinin 77-si proporsional, 73 isə mojaritar yolla seçilir. Yeni konstitusiyada isə proporsional seçki sisteminə keçid nəzərdə tutulub. Sösüz ki, həm proporsional, həm də mojaritar seçki sisteminin hər birinin öz tərəfdarı var. Amma gürcü ictimaiyyəti və siyasi spektri son 10 ildə proporsional seçki sisteminə keçidi tələb edirdi. Bu da onunla bağlıdır ki, azsaylı partiyalar parlamentdə yer ala bilmir, çünki keçid baryeri mövcuddur. Bu mülahizələr və cəmiyyətin istəyini nəzərə alaraq, 2024-cü ildə nəzərdə tutulan parlament seçkilərinin proporsional seçki sistemi əsasında keçirilməsi nəzərdə tutulur. Amma konstitusiyada keçid müddəası var ki, 2020-ci il parlament seçkiləri qarışıq seçki sistemi əsasında keçiriləcək.

Bu ilin yayında ölkəmizdə etiraz aksiyaları müşahidə olundu. Bizim partiyanın lideri Bizdina İvanaşvilinin təşəbbüsü ilə “Gürcü Arzusu” Partiyası 2020-ci il parlament seçkilərinin proporsional sistemlə keçirilməsinə dair qanun təşəbbüsü irəli sürdü. 93 deputat bu layihəni dəstəklədi. Bununla bağlı layihə parlamentdə müzakirəyə çıxarıldı, ötən həftə ciddi və gərgin müzakirələr oldu. Hətta bizim partiyanın bir qrup deputatı vaxtilə imza atdıqları bu qanunvericilik təşəbbüsünü müdafiə etmədiklərini elan etdilər. Ötən həftənin dördüncü günü səsvermə zamanı hakim partiyanın 100 deputatı qanun layihəsinin lehinə səs verdi, 37 deputat səsvermədə iştirak etmədi, 3 deputat isə əleyhinə səs verdi. Konstitusiya qanununun qəbulu üçün 113 səs lazımdır. Bu səbəbdən qanun layihəsi keçmədi. Təəssüf ki, bizim deputatların bəzisi səsvermədə iştirak etmədi, bəzisi əleyhinə çıxdı. Bu, bizim partiyanın daxili problemidir. Nəticə etibarilə 2020-ci il parlament seçkilərinin ənənəvi qarışıq seçki sistemi ilə keçiriləcəyi qətiləşdi”.

Mahir Dərziyev əlavə edib ki, bundan sonra müxalifət düşərgəsi etirazlara başlayıb: “Hazırda parlamentin qarşısında etiraz edirlər. Haradasa 5 min insan etiraz edirdi. Onlar təxirə salınmadan baş nazirin istefasını, proporsional seçki sisteminə keçid və növbədənkənat parlament seçkilərinin keçirilməsini tələb edirlər. Əslində müxalifət həm də alman seçki sistemini tələb edir. Onların iddiasına görə, bunun üçün konstitusiya dəyişiklikləri tələb edilmir, sadəcə yetərsəy tələb olunur. Amma bu həqiqətəuyğun deyil və konstitusiya dəyişikliyinə ehtiyac var. Həm də buna vaxt çatmaz. Çünki bunun üçün komissiya yaradılmalı, müzakirələr aparılmalı, sənədlər toplusu hazırlanmalı, ictimai müzakirələr olmalı və sonra parlamentdə fikir mübadiləsi aparılmalı, nəhayət, konstutusiya referendumu keçirilməlidir.

Amma Gürcüstan mahiyyət etibarı ilə artıq 2020-ci il parlament seçkiləri ilə bağlı seçki marafonuna start verib. Bizim partiya parlament seçkilərinə hazırlaşır. Müxalifətə də sözümüz odur ki, onlar da qüvvələrini səfərbər edib seçkilərə hazırlaşsınlar. Amma müxalifət radikal addımlar atır. Parlamentin qarşısında aksiya və piket keçirməyə qanunla qadağa yoxdur. Bizim partiyamız da 2009-cu ilə Gürcüstanda güclü etiraz aksiyası təşkil edib, mənim özüm 2 ay parlament qarşısında çadırda yatmışam. Amma hər şey qanun çərçivəsində olmalıdır. Qanun tələb edir ki, mitinqçilər dövlət orqanlarının fəaliyyətinə maneə olmasınlar. Amma bu gün müxalifət parlamentə girişi bağlayıb, barrikadalar qurub, yollar işləmir. Yəni ictimai asayişin pozulmasına dair faktlar var. Real vəziyyət bundan ibarətdir”.


Müəllif: Cavad