20 Noyabr 2019 15:46
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 20-dən etibarən növbəti layihəyə – aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb.

Bu barədə Teleqraf.com-a MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı iki mərhələli treninq layihəsi hazırlanıb. MSK sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə noyabrın 20-dən start götürən ilk mərhələnin dörd gün davam etməsi nəzərdə tutulur. MSK Treninq Qrupu tərəfindən müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə tamamilə praktiki formada keçirilən “Trenerlər üçün treninq”lərdə hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 230-a yaxın yerli trenerinə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələrinə dair rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və hərtərəfli məlumat verilir.

Treninqlərin məntəqə seçki komissiyalarının üzvlərini əhatə edən ikinci mərhələsinə noyabrın 25-də başlanacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq təqribən bir həftə davam edəcək.

MSK-nın həyata keçirdiyi kifayət qədər genişmiqyaslı maarifləndirmə layihəsi olan treninqlər, bələdiyyə seçkiləri keçirilən seçki məntəqələrinin bütün 30 minə yaxın üzvünü əhatə edir.


Müəllif: Səxavət