22 Noyabr 2019 09:05
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər İranda iqtisadi səbəbdən dəfələrlə qarşıdurmalar yaranıb, insanlar küçələrə çıxıb. Bu qarşıdurmalarda Güney Azərbaycan iştirak etməyib. Amma son hadisələr zamanı Güney Azərbaycan şəhərlərində də insanların küçələrə çıxmasını müşahidə edirik. Hələlik hakimiyyəti dəyişmək, inqilab şüarlarına rast gəlinmir. İnsanlar daha çox hakimiyyətdə olan iqtidarın tənqid edilməsinə üstünlük verir, islam rejimini qiymət artımına görə ittiham edirlər. Aksiyalara da ilk olaraq sürücülər başlayıb. Amma getdikcə şüarlar dəyişir, iqtidardan narazılıq artır.

Bu fikirləri son günlər qonşu İranda müşahidə edilən etiraz aksiyalarını şərh edən tanınmış türkoloq alim, sabiq təhsil naziri Firudin Cəlilov Teleqraf.com-a deyib.

O, əlavə edib ki, aksiyanı dağıtmaq istəyən polislə xalq arasında toqquşmalar baş verib:

“Üstəlik aksiyanı yatırmağa cəhd zamanı hər iki tərəfdən ölənlər var. İnsanlar yanacaqdoldurma məntəqələrini, dövlət və hökumət başçılarının fotolarını yandırıb, bank və digər strukturlara hücum edilib. Bu proses davam edir”.

Bununla belə alim deyib ki, aksiyaların İranda hakimiyyət dəyişikliyi ilə başa çatacağını demək doğru olmazdı: “Bu hələlik görünmür. Niyə? Çünki əsas hərəkatverici qüvvə Güney Azərbaycandır. Burada həm insan sayı çoxdur, həm də insanlar mübarizdir. Üstəlik İranda baş verən bu hadisələrə siyasi yön vermək istəyən xaricdəki çoxlu qurumlar var. Mücahidlər, şah tərəfdarları prosesə nəzarət etməyə çalışır, bunu öz adlarına çıxmaq istəyirlər. Amma azərbaycanlıların milli təşkilatı yoxdur ki, hamı onun sözünə qulaq assın. Odur ki, mən hadisələrin rejim dəyişikliyinə səbəb olacağını düşünmürəm. Amma sözsüz, istək odur ki, bu aksiyaların bir xeyri olsun, insanlar istədiklərini alsın, azərbaycanlıların hüquqlarının təmin edilməsinə dair addımlar olsun. Təəssüflər olsun ki, hadisələrin gedişi proseslərin bu istiqamətdə yön alacağını deməyə əsas vermir”.


Müəllif: Cavad

Oxşar xəbərlər