Liviyada faktiki iki hökumət mövcuddur. Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Moskvada atəşkəsin imzalanması üçün görülən işlərin uğursuzluqla başa çatmasının arxasında əslində böyük qüvvələr dayanır. Məsələn, Sərracın rəhbərlik etdiyi milli barş hökuməti legitim hakimiyyətdir. BMT başda olmaqla beynəlxalq birlik bu hökuməti Liviyanın qanunu hakimiyyəti olaraq qəbul edir. Türkiyə və Qətər Sərrac hakimiyyətini dəstəkləyir. Qarşı tərəfdə isə ABŞ-ın arxa planda durduğu, amma Aralıq dənizində hidrogen ehtiyastlarını istismar etmək üçün yarışa girən və bu istiqamətdə fəaliyyət göstərən böyük dövlətlərin dəstəklədiyi general Haftar hökuməti durub. Əslində Haftarın Benqazidə qurduğu hakimiyyət qanunsuzdur. Onlar qiyamla Tripolidə qurulan hökumətə qarşı çıxaraq Benqazidə alternativ hökumət strukturları yaradıblar.
Bu sözləri siyasi şərhçi Oqtay Qasımov dünən Moskvada Rusiya və Türkiyənin vasitəçiliyi ilə Liviyada sülhün əldə edilməsinə dair aparılan 8 saatlıq görüşün uğursuz başa çatmasının səbəbləri haqqında danışarkən deyib.
Müsahibimiz qeyd edib ki, general Xəlifə Haftarın arxasında İsrail, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiyanın özü, ABŞ, Fransa və digər ölkələr dayanır.
Onun sözlərinə görə, Haftarın arxasında dayananların məqsədi Liviyadakı zəngin yeraltı sərvətlərinə sahib çıxmaqdır: “Eyni zamanda Aralıq dənizində bu güclərin çoxunun iştirakı ilə konsorsum yaradılıb və orada olan böyük təbii neft-qaz ehtiyatlarını əldə etməkdir. Hazırda bunun uğrunda mübarizə gedir. Qeyd edim ki, Türkiyə ilə Liviyanın qanuni hökuməti arasında bağlanan müqavilələr beynəlxalq normalara uyğundur. Amma məsələnin problemli tərəfi ondan ibarətdir ki, Liviyanın hazırkı qanuni hakimiyyəti ölkənin 10 faizinə qədərinə nəzarət edir. Qiyamçı hakimiyyət isə Liviyanın böyük hissəsini nəzarət altında saxlayır və böyüjk dünya gücləri də məhz qiyamçı qüvvələrin arxasında dayanıb”.
Müsahibimiz əlavə edib ki, Türkiyə parlamenti Liviyaya ordu göndərməklə bağlı qanun layihəsini qəbul edib: “Hazırda Türkiyə Liviyanın legitim hökuməti ilə əməkdaşlıq edir, ora hərbi təlimatçılarını göndərib. Faktiki olaraq Liviyada vətəndaş müharibəsi başa çatacaq. Çünki Tripolidə olan legitim hakimiyyətin özünü müdafiə gücü çox yüksək deyil. Əslində Moskvada keçirilən danışıqların nəticəsiz başa çatması, genral Haftarın Türkiyənin hərbi təlimatçılarının Liviyanı tərk etməsi və bağlanan müqavilənin ləğvini tələb etməsi onu idarə edən böyük güclərin tələbləridir. Başqa sözlə, general Haftar özünün deyil, onu dəstəkləyən güclərin istəyini yerinə yetirir. Amma sülhün əldə edilməməsi Liviya üçün yaxşı heç nə vəd etmir”.