Dünyanın harasında yaşamasından asılı olmayaraq ermənilər hər yerdə, yerinə düşüb-düşməməsindən asılı olmayaraq erməni məsələsini qaldırırlar. Xüsusilə 2011-ci ildən bu yana Suriyada yaşanan vətəndaş müharibəsindən sonra bu ölkədə yaranmış boşluq, xaotik vəziyyət ermənilər arasında canlanmaya səbəb olub.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov bildirib.
O qeyd edib ki, bu günlərdə ABŞ-ın Kaliforniya ştatındakı ermənilər özlərinə muxtariyyət statusu almalarının vacibliyi haqqında da çıxışlar etmişdilər:
“Biz ermənilərin dünyanın digər ölkələrində də bu kimi çıxışlar etmələri ilə tez-tez rastlaşırıq. Əlbəttə, dünyada olan erməni mafiyası bütün beynəlxalq təşkilatlarıda, eyni zamanda qeyri-hökumət təşkilatlarında öz həmyerlilərini müxtəlif vəzifələrə yerləşdirərək faktiki olaraq həmin ölkələrdə vətəndaş cəmiyyətinin vəziyyətinə, humanitar vəziyyətə baxılmasının əvəzinə erməni məsələlərini gündəmə gətirirlər.
“Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika bölməsinin icraçı direktoru, erməni əsilli Sara Leah Vitsonun Ümumerməni Xeyriyyə İttifaqının (ingiliscə The Armenian General Benevolent Union – AGBU) hazırda edə biləcəyimiz ən yaxşı şeyin AGBU-nun işini dəstəkləməkdən ibarət olduğunu deməsi bu təşkilatın əsl mahiyyətini ortaya qoyur.
Onun “Reallıq budur ki, AGBU insanların həyatını xilas edir, ailələri bir yerdə saxlayır, qidalandırır və tibbi ehtiyaclarını ödəyir. Mən AGBU-nun bu müddət ərzində məcburi köçkün olan Suriya ermənilərinə, habelə Ermənistanda məskunlaşanlara dəstək vermək üçün gördüyü işlərdən qürur duyuram” deməsi ondan xəbər verir ki, “Human Rights Watch”u Suriyanın gələcək taleyi maraqlandırmır. Onların məqsədi yenidən erməni məsələsini qabartmaqdır”.
Z.Məmmədov qeyd edib biz azərbaycanlılar onların müsəlman ölkələrində xristian ölkələrinin maraqlarının ermənilərin vasitəsilə reallaşmasına nail olmağa çalışdıqlarını çox yaxşı bilirik:
“Bəzi hallarda buna bir növ müyəssər olurlar. Hər halda Suriyada yaşaya ermənilər orada kompakt halda heç bir regionda yaşamırlar və onların istər Suriyadan, istər Livandan, istərsə də Türkiyədən hər hansı tələb irəli sürməsi düzgün olmazdı. Bu üç ölkədə yaşayan ermənilər faktiki olaraq indi yatmış kimi görünsələr də əslində onlar fürsətdən istifadə edib əlverişli məqam yetişən kimi həmin ölkələrə, onların dövlətçiliyinə zərbə vurmaq üçün tam olaraq hazırdılar. Bu mənada “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika bölməsinin icraçı direktoru Sara Leah Vitsonun dedikləri əslində absurd çıxışlardır.
Görünən odur ki, ümumdünya erməni şəbəkəsi tərəfindən onun üzərinə müxtəlif vəzifələr qoyulub. Həmin xanım bu vəzifələrin icraçısı qismində çıxış edir”.