“Cenevrədə ATƏT Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş baş tutdu. Hesab edirəm ki, bu formatda keçirilən görüşlərdən müsbət nəticənin əldə olunması qeyri-mümkündür. Minsk qrupu belə görüşləri ona görə təşkil edir ki, atəşkəsə davamlı əməl edilsin”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, həmsdərlərin bu təşəbbüsləri imitasiya xarakterlidir və görüntü yaratmağa xidmət edir: “Əlbəttə, belə bir situasiya da işğalçı Ermənistanın maraqlarına uyğundur. Bu baxımdan, xarici işlər nazirlərinin bu görüşünün növbətçi görüş olduğunu düşünürəm.
Rəsmi İrəvan nəticəsiz danışıqların aparılmasında maraqlıdır. Xarici işlər nazirlərinin görüşündə konkret məsələlərə aid nəticə yoxdursa, Azərbaycan belə görüşlərin keçirilməsində maraqlı olmamalıdır.
Ermənistan Baş naziri Nikol Paşinyan ötən həftə Qafanda keçirdiyi mətbuat konfransında həll planın olduğunu vurğulasa da, erməni siyasi istibleşmenti buna hazır deyil”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin arxasındakı güc dəyişməz qalır: “Münaqişə tərəfləri arasındakı Rusiya faktoru yenə də özünü göstərməkdə davam edir. Təsadüfi deyil ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşloğlu da ötən gün Qarabağ məsələsində Rusiyanın rolunu önə çəkdi. Demək, Türkiyə münaqişənin həllində öz fəaliyyətini Rusiya ilə koordinasiya edəcəyi istisna deyil. Ankara buna hazırdır, amma Rusiya Türkiyə ilə Qarabağ münaqişəsinin həllində maraqlı deyil”.