“Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verdi. Paşinyan dedi ki, ondan əvvəlki prezident və baş nazir olan Serj Sərkisyan Azərbaycana 7 rayonu (Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın) qaytarmaqla bağlı danışıqlar aparıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert hesab edir ki, Paşinyan keçmiş prezident Serj Sərkisyanın 7 rayonun Azərbaycana geri qaytarmağı müzakirə etdyini açıqlamasıyla iki məqsəd güdüb:
“Birinci məqsəd odur ki, Paşinyan guya sirrin üstünü açaraq ermənilərə bəyan edir ki, keçmiş hakimiyyət “Qarabağı satmağa hazırlaşırdı”. Ermənistanın baş naziri bu yolla erməni cəmiyyətinin gözündə əsas rəqibi olan Qarabağ klanının mövqelərini zəiflətməyə çalışır. Paşinyanın ikinci məqsədi isə erməni cəmiyyətinə göstərməkdir ki, o, Azərbaycan torpaqlarını boşaltmaq variantını qəbul etməsə də, istər-istəməz mərhələli həll planı müzakirə olunur.
Paşinyan bu açıqlamanı verdikdən sonra yenə Dağlıq Qarabağa gəldi və orada hərbçilər üçün tikilən evlərin açılışında iştirak etdi. Paşinyan tez-tez Dağlıq Qarabağa gəlməklə göstərmək istəyir ki, o , separatçıların razılığı olmadan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmayacaq. Paşinyanın bu siyasəti bölgədə müharibə risqini artırır. Məsələn, Dağlıq Qarabağın təmsilçiləri deyirlər ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu, həqiqətən belədir. Əgər danışıqlarla müsbət nəticə yoxdursa və separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəmirlərsə , bölgədə müharibə riski azalmayacaq”.