MSK-nın iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd Mehman Hüseynovun həmin dairədən digər namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, MSK üzvü Ramiz İbrahimov bildirib ki, digər namizədlər Orxan Kəngərli və Etibar Əiyev də oxşar məzmunda şikayət ediblər:
“Mehman Hüseynov bildirib ki, Fərəc Quliyev onunla görüşmək istəyib. Söhbət zamanı Fərəc Quliyev ona namizədliyini geri götürmək üçün 15 min manat pul təklif edib. Şikayətçi bununla bağlı audiomaterial təqdim edib. Qeyd edib ki, Fərəc Quliyev özünün maddi imkanlarından istifadə edərək seçkinin nəticələrinə təsir etmək istəyib. Mehman Hüsynov, həmçinin, qeydə alınmış digər namizədlər Kəgərli Orxan və Əliyev Etibar da Fərəc Quliyevin namizədliyinin ləğvini xahiş ediblər. Həmin ərizəçilərdən Mehman Hüseynov və Orxan Kəngərli hazırda iclasda iştirak edir".
R.İbrahimov deyib ki, araşdırma prosesində 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyevlə əlaqə saxlanılıb. Fərəc Quliyev səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini deyib:
"Fərəc Quliyev deyib ki, Mehman Hüseynovdan vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədikdə o, şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa, ümumiyyətlə, seçkidən çəkiləcəyini bildirdi. Mən ona “konsentrasiyanı pozma, nəticə nə olur-olsun (labaratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik” deyərək təsəlli verdim".
R.İbrahimov şikayətin qismən təklif edilməsini təklif edib. Daha sonra qərar layihəsini oxuyub. Qərarda bildirilir ki, M.Hüseynovun və Orxan Kəngərlinin şikayəti qismən təmin edilsin, Fərəc Quliyevə xəbərdarlıq edilsin.
MSK sədri M.Pənahov bildirib ki, xəbərdarlıq indiki məqama aiddir:
“Yenidən şikayətlər olarsa, başqa tədbirlər də görülə bilər”.
İclasda iştirak edən M.Hüseynov qəbul ediləcək qərarla razılaşmadığını, F.Quliyevin tam səs yazısında müxtəlif insanların ünvanına söyüşlər söydüyünü deyib:
"Məhz bu baxımdan mən həmin videonu tam yaymadım. O videoda çoxlu digər məqamlar var. Mənə vəd olunur ki, sənə QHT yaradacağıq. Başa düşmürəm, mən alverçiyəm, nəyəm? Fərəc Quliyevin indiyədək həbs olunmaması biabırçılıqdır. Burada korrupsiya faktı var. Mən tam videonu yaymağa hazıram. Orada başqa insanların ünvanına təhqirlər var. Səsi montaj etmək qeyri-mümkündür. O mənim atamdır, qohumdur ki, mənə pul təklif edir?”
MSK sədri bildirib ki, indiki mərhələdə xəbərdarlıqdan əlavə digər tədbir görmək hüquqi cəhətdən qeyri-mümkündür:
“Sizin şikayətinizin digər hissəsi prokurorluqdadır. Prokurorluğun qərarına əsasən, biz də tədbirlər görəcəyik”.
MSK sədri M.Hüseynova bütöv videonu KİV-də yaymağı təklif edib.
M.Hüseynov bu addımı atacağını deyib.
Daha sonra F.Quliyevə xəbərdarlıq edilməsinə dair qərar qəbul olunub.