5 Fevral 2020 18:39
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilində ölkə iqtisadiyyatında çox böyük uğurlar əldə edilib. Son 16 ildəki iqtisadi artım səviyyəsinə əsasən əldə edilən rəqəmlərlə müqayisə aparsaq, belə bir göstəriciyə heç bir ölkənin nail olmadığını görərik. 2020-ci ildə dövlət büdcəmizin həcmi müstəqillik qazandıqdan üzü bəri ən böyük büdcədir. Valyuta ehtiyatlarımız 30 dəfəyə yaxın artıb. Azərbaycan xarici dövlət borcunu valyuta ehtiyatlarının bir qisminə xərcləməklə bağlaya bilər. Dünyanın nadir ölkələri bu imkana malikdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, iqtisadiyyatda qeyri-neft sektorunun neft sektorunu üstələməsi əsas hədəf seçilib:

“Sənaye istehsalı üç dəfəyə yaxın, kənd təsərrüfatı isə iki dəfə artıb, xarici ticarət dövriyyəmiz genişlənib, qeyri-neft sektoru üzrə ixrac imkanları yaranıb, onun daha da genişləndirilməsi qarşıya məqsəd qoyulub. Bundan başqa dövlət büdcəmiz 16 il ərzində hər il artıb. Zəngin infrastruktur yaradılıb, avtomobil yolları, dəmir yolu xətləri çəkilib. Sovet dövründən qalan yollar modernləşdirilib. Heç vaxt dəmir yol xətti olmayan istiqamətlərdə artıq xətlər var. Kiçik bir dövlət olmağımıza baxmayaraq 6 beynəlxalq hava limanı var. Ələtdə tikilən beynəlxalq ticarət dəniz limanı Xəzər dənizində ən böyük limandır. Bunun özünün gələcəkdə regionların inkişafı üçün çox böyük əhəmiyyəti olacaq”.

Ekspert vurğulayıb ki, əhalinin gəlirləri artıb, 16 il bundan qabaq yoxsulluq səviyyəsi 50 faizə yaxın idisə, indi 5 faiz səviyyəsinə qədər enib, işsizlik azalıb:

“Bunlar dövlət proqramının icrası, regionlarda yaradılan zəngin infrastruktur, emal müəssisələri, istehsal sahələrinin hesabına olub”.

Yeni proqramın məqsədinə gəlincə, Pərviz Heydərov vurğulayıb ki, yeni çağırışlar yaranıb, əhalinin demoqrafik vəziyyəti, artım səviyyəsi olduqca qənaətbəxş səviyyədədir:

“Hər il əmək bazarına 100 min nəfər işçi qüvvəsinin daxil olur. Bu, yeni tələb yaradır. İqtisadiyyatda elə bir şərait təşkil olunmalıdır ki, heç olmazsa, 70-80 min iş yeri yaradılsın, əks halda bu, işsizlik səviyyəsini arta bilir. Bu səbəbdən yerlərdə yeni istehsal sahələri yaradılmalı, ümumi daxili məhsulun artım tempi sürətlənməli, iqtisadi artımın azalmasına qətiyyən yol verilməməli, əhalinin gəlirlərinin artmasında stabillik qorunub saxlanmalıdır. İqtisadiyyat yenidən xammal satışı üzərində köklənsə, bu məqsədlərə nail olmaq mümkün olmayacaq. Ona görə də qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bazara daxil olan 100 min işçi qüvvəsini işlə təmin etmək üçün aqrar sektor, sənaye inkişaf etdirilməlidir, çünki əmək qabiliyyətli insanların 40 faizi regionlardadır, regionlarda istehsal sahələri yaradılmalı, camaat kənd təsərrüfatı, aqrar sektora cəlb olunmalıdır. Dövlət başçısı İlham Əliyev Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da qeyd etdi ki, sənaye istehsalı ilə bağlı qeyri-neft sektoruna üstünlük veriləcək, kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər