13 Fevral 2020 16:35
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament seçkilərinin Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirilməsini yerli və beynəlxalq müşahidəçilər də təsdiqləyiblər. Baş verən qanun pozuntuları isə seçkilərin yekun nəticəsinin, həmçinin Azərbaycan dövlətinin seçkilərin şəffaf və ədalətli keçirilməsi ilə bağlı iradəsinin üzərinə kölgə sala bilməz.

Bu sözləri Teleqraf.com-a açıqlamasında siyasi analitik Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsinin cüzi bir hissəsində Seçki Məcəlləsinin tələblərinin pozulması sensasiya xarakterli fakt deyil:

“İnsan amili olan yerdə çatışmazlığın, qanun pozuntusunun olması təbiidir. Pozuntu olan seçki məntəqələrində araşdırmalar aparılıb və Mərkəzi Seçki Komissiyası da araşdırmaların nəticələrinə uyğun olaraq qərarını verəcək. Bu gün sosial şəbəkələrdə bir, yaxud bir neçə məntəqədə baş verən qanun pozuntularının müxtəlif adda təqdimatını görürük. Seçkinin üzərinə kölgə salmağa çalışan dairələr, sabotajçılar, islahat düşmənləri eyni videonu montaj edərək paylaşır və stəkanda fırtına qoparmağa çalışırlar. Cənab Prezident Kürdəmirdə, “ASAN xidmət” mərkəzinin açılış mərasimindəki nitqində bəyan etdi ki, mövcud pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Azərbaycan Prezidentinin, dövlətin iradəsi ortalıqdadır. Seçkilər təbii ki, yüksək rəqabətlilik şəraitində keçib”.

Elçin Mirzəbəyli vurğulayıb ki, az qala dairə seçki komissiyalarına müraciət edən hər kəsə passiv seçki hüququnu həyata keçirmək, deputat kürsüsü uğrunda mübarizə aparmaq şansı verilib:

“Təbliğat kampaniyası dövründə də dövlətin təqdim etdiyi resurslardan hər kəsə bərabər qaydada istifadə etmək imkanı verilib. Amma seçkidə uğur qazanmaq üçün bu resurslar yetərli deyil. Ortalıqda ciddi bir siyasi komanda, təcrübə və təbliğat-təşviqat kampaniyasını aparmaq üçün maliyyə imkanları, bu maliyyəni ianə şəklində xüsusi seçki hesabına köçürəcək ətrafın olmalıdır. İndi kimsə parlamentə sadəcə iş yeri kimi yanaşıb heç bir komandası, təcrübəsi, təbliğat-təşviqat kampaniyası təşkil etmək üçün maliyyə resursları yoxdursa, 3-5 nəfər seçici ilə görüşünün şəkillərini sosial şəbəkələrdə paylaşıb yığdığı “layk”ları seçici səsi kimi qəbul edirsə, hesab edirəm ki, belələri DSK-lara və MSK-ya deyil psixoloqa müraciət etməlidirlər”.

Siyasi analitik seçkidən dərhal sonra beynəlxalq müşahidə missiyalarının, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatının açıqlandığını xatırladıb:

“ATƏT DTİHB-nin hesabatı tarazlı, məruzənin ümumi nəticəsi obyektivliyə daha yaxın oldu. Digər müşahidə missiyalarının da seçkilərlə bağlı pozitiv dəyərləndirməsinin hər kəs şahidi oldu. Bu baxımdan, düşünürəm ki, parlament seçkilərinin legitimliyini, yaxud nəticələrini şübhə altına alan hər hansı bir pozuntu olmayıb”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər