Prezident İlham Əliyev ilk dəfə 2016-cı ildə Davos İqtisadi Forumunda belə bir təklif vermişdi ki, neftin qiymətinin sabitliyi ilə bağlı tədbirlərə OPEC-dən kənar oyunçuları da dəvət etmək lazımdır. Bu da ona gətirib çıxarıb çıxardı ki, “OPEC+” formatı yarandı və sonrakı illərdə neftin qiymətinin sabitləşməsində bu format özünü həqiqətən də doğrultdu.
Bunu Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Onun sözlərinə görə, biz 2020-ci ildə də görürük ki, neftin volatilliyi bazarda kəskin dəyişir:
“Əgər birinci ayda, yəni yanvar ayında neftin qiymətləri kifayət qədər yüksək idisə, ayın sonundan, əsasən də fevral ayının əvvəlindən kəskin azalmalar baş verib. Neft çox həsssas xammaldır. Bir çox hadisələr bazarda qiymətlərə təsir göstərir. Bu baxımdan Azərbaycan Prezidentinin növbəti çağırışı məhz neftin dünya bazarında qiymətlərinin sabitliyinə yönəlib.
Başa düşüləndir ki, iqtisadiyyatı neftdən asılı olan ölkə rəhbəri, digər tərəfdən OPEC-ə, o cümlədən “OPEC+”ə daxil olan ölkələrin əksəriyyətinin iqtisadiyyatı monoiqtisadiyyatdır və neft gəlirləri onların iqtisadiyyatının əsasını təşkil edir. Ona görə də bazarda tənzimləyici funksiyanı yerinə yetirmək və birgə səylər ortaya qoymaq ümumi işin xeyrinədir. Yəni, istər istehsalçıların, istərsə də isethlakçıların maraqlarının təmin edilməsi istiqamətində atılan addımlardır. Bunu alqışlamaq olar”.
Qeyd edək ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib. Dövlət və hökumət başçılarının, aparıcı şirkətlərin rəhbərlərinin qatıldığı dəyirmi masada Prezident İlham Əliyev nitq söyləyib.
Dövlət başçısının nitqində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, Cənub Qaz Dəhlizinin əhəmiyyəti, Avropanın təbii yanacaqla təmin olunmasında Azərbaycanın yeni və etibarlı mənbə olması, Azərbaycanın sabit neft təchizatçısı olması, 2050-ci ilədək sabit istehsal profilinin olması, yeni layihələrin kəşfiyyat işlərinin aparılması, dünya bazarında neftin qiymətinin sabit qalmasında Azərbaycanın rolu, Azərbaycanın “OPEC+” formatının əsas təşəbbüskarlarından olması, ötən dövrdə bu formatın fəaliyyətinin müsbət nəticələri, həmçinin Azərbaycanda bərpa olunan enerli istehsalı sahəsində görülən işlər, 2030-cu ilədək elektrik enerjisinin 30 faizinin bərpa olunan enerji hesabına ödənilməsi planından bəhs edilib.