“Rusiya tərəfi Ərdoğanla görüşə başlasa, güzəştlərə getməlidir. Görünən budur ki, bunu etməmək üçün Rusiya hansısa gedişlər fikrindədir. Buna görə də belə bir görüşdən hər vasitələrlə yayınmağa çalışır”.
Politoloq Elşən Manafov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- İdlibdəki gərginlik pik həddə çatıb, Suriya ordusu və rus qırıcılarının son hücumlarında Türkiyə ağır itki verdi. Bundan sonra prosesin istiqaməti hansı tərəfə yönələ bilər?
- Ümid vardı ki, tərəflər martın 5-də görüşərək, İdlib ətrafındakı vəziyyətə aydınlıq gətirəcəklər. Lakin Rusiya Prezidentinin mətbuat katibi Peskov həmin gün Putinin gərgin iş qrafikinin olduğunu əsas gətirərək, görüşün baş tutmayacağını bildirdi. Bu da gərginliyin yüksələn xətt üzrə arta biləcəyindən xəbər verir. Düşünürəm ki, bu, Rusiya və Türkiyə arasında gərginliyin artmasında maraqlı olan ABŞ və NATO-nun xeyrinə işləyəcək. Artıq NATO gərginliyin miqyasının genişlənəcəyi təqdirdə, Türkiyənin yanında olacağını bəyan edib. Üstəgəl, İngiltərə də Rusiyanın öz mövqeyində möhkəmlənməsindən narahatlığını ifadə edib. Bu onu göstərir ki, müttəfiqlər Rusiyanı sıxışdırmaq və ona qarşı sanksiyaların gücləndirilməsi mövqeyində olacaqlar. Görünən budur ki, İdlib ətrafındakı gərginlik yüksələn xətt üzrə artacaq.
Rusiya və Türkiyənin toqquşma ehtimalına gəlincə, bunu hadisələrin gedişatı göstərəcək. Çünki Rusiya və Türkiyəni birləşdirən təkcə Suriya böhranının çözülməsi prosesi deyil, eyni zamanda, Rusiyanın Türkiyənin enerji təhlükəsizliyində oynadığı rol var, “Türk axını” layihəsi mövcuddur. 2015-ci ildə rus qırıcısının türk hərbçilər tərəfindən vurulmasından sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri Ankaranın təşəbbüsü ilə qaydasına düşdü. Bu baxımdan, NATO və ABŞ yenidən münasibətləri gərginləşdirmək üçün addımlar atmayacaqlarsa, Türkiyə tərəfi əlaqələri normallaşdırmaq üçün Rusiya ilə danışıqlara getməkdə maraqlı olacaq.
Rusiya ilə münasibətlərin gərginləşməsi İranı da narahat edəcək. Çünki bu halda Rusiyanın mövqeləri zəifləyə bilər ki, bu da Suriyada maraqları olan İranın mövqelərinə təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, yaxın vaxtlarda Rusiya və Türkiyə danışıqlara getməsə, bu həm ikitərəfli münasibətlərdə, həm də Rusiya-NATO münasibətlərində arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Yaxın gələcəkdə gərginliyin artacağı istisna deyil, buna görə də diplomatiyanın gücünü ortaya qoyub qarşılıqlı güzəştlərə gedilməlidir, əks halda Rusiya və Türkiyə təkcə Suriyada yox, Liviyada da üz-üzə qalacaqlar. Bu da təkcə regiona yox, dünyaya yaxşı heç nə vəd etmir.
- Digər yandan, baş verənlərdən o ehtimal yarandı ki, gərginliyin açıq qarşıdurma həddinə gəlib çatmasına baxmayaraq, Rusiya Prezidenti Putin türk həmkarı Ərdoğanla görüşməyə o qədər də isti baxmır.
- Rusiya tərəfi Ərdoğanla görüşə başlasa, güzəştlərə getməlidir. Görünən budur ki, bunu etməmək üçün Rusiya hansısa gedişlər fikrindədir. Buna görə də belə bir görüşdən hər vasitələrlə yayınmağa çalışır. Hesab edirəm ki, Rusiya özünü sığortalaya biləcək addımların atılmasında maraqlıdır. Bu razılaşmanın olacağı halda, Putin və Ərdoğan arasında görüşün keçiriləcəyini istisna etmirəm.
- Yəni indiki halda üstün tərəf Türkiyədir?
- Türkiyə Adana müqaviləsinin şərtlərini pozmamışdı. Bu baxımdan, Türkiyəyə qarşı bu addımların atılması suallar doğurdu. Əslində İdlibin tərəflər üçün o qədər də böyük əhəmiyyəti yoxdur. Rusiya və Türkiyə Hələb və Dəməşqi bir-birinə birləşdirən M4 və M5 yolları uğrunda mübarizə aparırlar. Bu məsələ ətrafında razılaşma əldə olunsaydı, İdlibdəki gərginliyi azaltmaq üçün imkanlar açılardı. Bu razılaşmanın olmaması da, gərginliyin artmasına səbəb oldu.
Rusiya və Türkiyə arasında qarşıdurmanın yaranması, Rusiya-NATO münasibətlərinin pik həddə gərginləşəcəyi ehtimalına bərabər olacaq. Bu da dünyaya yaxşı heç nə vəd etmir. Amma inanmıram ki, Rusiya güzəştə gedəcək. Çünki belə bir güzəşt Rusiyanın uzun illərdən sonra Suriyada əldə etdiyi uğurları və mövqeləri sual qarşısında qoyacaq. Bu, Putinin reytinqinə də ciddi şəkildə təsir göstərə bilər. Buna görə də xarizmatik keyiyyətlərə malik olan Putin bu güzəştlərə gedəcək.
- Bəs, bu toqquşmanın baş verəcəyi ehtimalı nə qədər yüksəkdir?
- Hər şey Türkiyənin bundan sonra ata biləcəyi addımlardan asılı olacaq. Əgər, Türkiyə verdiyi 33 şəhidin qisası mövqeyindən çıxış edərək gərginliyin qızışması yönündə addımlar atsa, bu, Rusiya və İran tərəfindən adekvat cavabların verilməsinə səbəb olacaq. Güman edirəm ki, buna görə də İran və Rusiya Bəşər Əsəd rejiminə hər cür dəstəyi verəcək. Bu olacağı halda isə, artıq Suriyadakı mövqelərini itirmiş ABŞ-ın yenidən oyuna qayıtmasına səbəb olacaq. Bu, dünya müharibəsinin başlanması ehtimalına bərabərdir. Tərəflər də bunu yaxşı bilirlər.
ABŞ-da başa düşür ki, Rusiya kimi dünyanın ən güclü nüvə arsenalına sahib olan dövlətlə zarafat etmək olmaz. Əlbəttə burada tərəflərin maraqları nəzərə alınmaqla, razılaşma əldə edilməlidir. Bu da olmasa, hərbi əməliyyatlar başlayacaq ki, nəticədə təkcə region yox, bütün dünya üçün ciddi təhlükə yaranacaq.