12 Mart 2020 12:57
1 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Duması Prezident Vladimir Putinin səlahiyyət müddətinin artırılması üçün konstitusiyaya dəyişikliyi nəzərdə tutan sənədi artıq qəbul edib.

Qanun referendumla qəbul olunacağı təqdirdə Putin 2036-cı ilə qədər prezident seçilmək üçün namizədliyini irəli sürə bilər. Qanun hazırda prezident olan və keçmişdə dövlət başçısı seçilən şəxslərə şamil edilir.

İndiki konstitusiyayagörə Putin iki dəfədən artıq prezident seçilə bilməz. Yeni referendum isə aprelin 22-də keçiriləcək.

Dövlət Dumasında məsələ müzakirə olunan zaman “Vahid Rusiya” fraksiyasından olan deputat, məşhur kosmonavt Valentina Tereşkova Konstitusiyaya prezidentlik müddətinin sıfırlanması ilə bağlı dəyişiklik təklifi ilə çıxış edib. Putin bu təklifi dəstəkləməsə də, prezidentlik limitinin aradan qaldırılması üçün konstitusiyaya dəyişiklik edilməsini vacib sayıb.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Vladimir Putinin prezidentlik yolunu açacaq konstitusiyaya dəyişikliyi Teleqraf.com-a şərh edib.

Politoloqun sözlərinə görə, konstitusiya referendumu Putinin yenidən prezident seçilməsinə imkan verəcək, ancaq bu o demək deyil ki, Putin mütləq bu imkandan istifadə edəcək:

“Putin özünü nə dərəcədə buna hazır biləcək, növbəti prezident seçkilərində Rusiya elitasındakı atmosfer, əhalinin ona münasibətinin necə olacağını öncədən demək mümkün deyil. Dünyada gedən proseslər, iqtisadiyyat, sosial məsələlər var. Hazırda dünyada koronavirus peyda olub. Rusiya daxilində heç də Putin və onun hökuməti üçün ürəkaçan bir vəziyyət yoxdur”.

Rasim Musabəyov hesab edir ki, indiki konstitusiya dəyişiklikləri Putinə komandasının parçalanmasının qarşısını almağa imkan verəcək:

“Ola bilər ki, Putinin yenidən prezident seçilmək imkanı olmasın. Bu halda onun komandasında “kim növbəti prezident olacaq” məsələsinin müzakirəsi başlana, “niyə mən olmayım” iddiaları ortaya çıxa bilər. Yəni bu halda Putinin komandasında parçalanma, rəqabətin güclənməsi, intriqaların artması qaçılmaz olacaq. Amma indi yeni dəyişiklik Putinə prezident seçilmək imkanı açır. Putinin özü seçkilərə gedib-getməmək qərarını ortaya qoymayıb. Amma bu fürsət ona imkan verir ki, komandanı yumruq kimi əlində saxlasın. Yəni bu problemi həll edir. Amma sonra nə olacaq, yenidən seçiləcəkmi, ümumiyyətlə, seçkiyə gedəcəkmi kimi suallar açıq qalır.

Amma cənab Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalacağı barədə iddia cəfəngiyyatdır. Bunu heç kəs deyə bilməz. Fikrimcə, Putinin 2024-cü ildə seçkiyə gedib-getməyəcəyi konkret vəziyyətdən asılı olacaq. Burada yaş amilini də nəzərə almaq lazımdır. İndiki dəyişikliklər imkan verəcək ki, azı 2024-cü ilə qədər heç kəs öz oyununa meyilli olmasın”.

Rasim Musabəyov hesab edir ki, “Putin olmasa, Rusiya dağılar” yanaşması sadəcə, təbliğatdır: “Deyirdilər, Stalin vəfat etsə, dünyanın sonu çatacaq. Amma bu, baş vermədi. Deyilənlər daha çox Putinin şəxsi hakimiyyətinin möhkəmlənməsinə hesablanan təbliğatdır. Mən əminəm ki, Putinin olub-olmamağı Rusiyanın dağılıb-dağılmaması üçün əsas amil deyil”.

Bununla belə politoloq hesab edir ki, Putin hakimiyyətinə alternativ göstərmək çətindir:

“Əslində bu suala nəzəri baxımdan cavab vermək mümkün deyil. İndiki Rusiya rejimi çalışıb ki, bütün rəqiblərini sıradan çıxarsın. Demək olar ki, bütün siyasi səhnəni öz nəzarətinə ala bilib. Kommunistlərdən tutmuş Jirinovskiyə qədər bütün siyasi fiqurlar nəzarət altındadır. Əvvəllər də Rusiyanın tarixində belə situasiyalar olub, ancaq vəziyyət birdən-birə dəyişilib. Ona görə “indi belədir və bu vəziyyət əbədi qalacaq” fikri yanlışdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər