“Dünyada hökm sürən pandemiyanın qlobal miqyasda tarazlığı dəyişəcəyi, yeni düzənin formalaşmasına səbəb olacağı haqda fikirlər səsləndirilir. Yeni dünya düzənin formalaşacağı deyiləndə, burada ən çox pandemiyanın ölkələrə vurduğu iqtisadi zərərlər nəzərdə tutulur”.
Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova belə deyib.
Pandemiyanın yaratdığı iqtisadi durğunluğun bir çox ölkədə özünü göstərəcəyini deyən ekspert hesab edir ki, qlobal siyasət də bundan yan keçməyəcək:
“Koronavirus bir çox ölkənin borclanmasına səbəb olacaq. Artıq böyük dövlətlərdən kredit istəyənlərin və alanların sayı artıb. Bu isə onların asılı vəziyyətə düşməsi deməkdir. Əlbəttə buna məcburdurlar, çünki pandemiya ilə mübarizə böyük vəsaitlər tələb edir ki, həmin ölkələrin də bu imkanları məhduddur. Burada yenə borc verən tərəflər Avropa İttifaqı, ABŞ və Rusiya kimi dövlətlərdir. Şübhəsiz ki, bu yardımlar qarşılıqsız edilmir.
Məsələn, İran böyük bir dövlət olmasına baxmayaraq, artıq kredit üçün Beynəlxalq Valyuta Fonduna müraciət edib. Buna məcbur qalıb, çünki pandemiya İrana böyük maliyyə itkilərinə başa gəlir. Üstəgəl, ABŞ-ın tətbiq etdiyi sanksiyalar da bir tərəfdən İranı çətin vəziyyətdə qoyub. Buna görə də borclanmaya gedir.
İran kimi bir çox kiçik ölkələr də çətin duruma düşəcək. Bu gün getdikləri borclanma, postkoronavirus dönəmində onların böyük dövlətlərdən iqtisadi asılılığının artması deməkdir”.
Ramiyə Məmmədova bildirib ki, koronavirusun zərərləri ən çox Asiya dövlətlərində, xüsusən Çində hiss olunacaq:
“Bu ölkələrdə Ümumu Daxili Məhsul istehsalının həcmində azalmanın olacağı labüddür. Çünki onların əsas bazarı ABŞ və Avropa ölkələri idi. Pandemiyadan sonra həmin ölkələrlə işləmək məsələsi bir qədər çətinləşəcək, bundan çəkinəcəklər. Çin malları bundan sonra Qərbdə potensial koronavirus daşıyıcısı kimi qəbul edilə bilər. Bu da Çin iqtisadiyyatına ağır zərbə deməkdir.
Pandemiyadan az zərərlə çıxanlar yenə də böyük dövlətlər olacaq. Bu baxımdan da, pendemiyanın nəticələri qlobal siyasətdə də öz əksini tapacaq. Hesab edirəm ki, postkoronavirus dönəmində bir sıra regional münaqişələr ətrafındakı gərginlik bir qədər də arta bilər. Bu gün koronavirusa baxmayaraq, Yaxın Şərqdə hərbi fəallıq aşağı düşməyib. ABŞ yenə də İraqdakı hərbi fəaliyyətini genişləndirməyə başlayıb. Son günlərdə yenidən Suriya və Liviya böhranları ətrafında hiss olunan fəallıq da bura daxildir. Başqa sözlə, pandemiyadan sonra münaqişə zonalarındakı vəziyyət bir qədər də gərilə bilər”.