“Bağlanan quru yollar ilə əlaqədar Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşü zamanı deyib.
“Dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Bütün bəşəriyyət indi görünməz bir düşmənə qarşı çətin müharibə aparır. Türk Şurasının bu fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizəmizdə aramızdakı həmrəyliyi möhkəmləndirəcək. Türk dünyası olaraq Allahın izni ilə bu çətin dövrdən də güclənərək çıxacağımıza səmimi qəlbdən inanıram”, - o deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronovirus pandemiyası ilə əlaqədar ölkəsində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu çətin günlərdə Türkiyə öz qardaşlarının yanında olmağa, onlara yardım etməyə çalışır. Bu baxımdan Türk Şurası üzvləri arasında da həmrəyliyin nümayiş etdirilməsi məmnunluq doğurur. Rəcəb Tayyib Ərdoğan pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirindən danışıb, onun fəsadlarının azaldılmasının, həmçinin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu xəttini Orta Asiyayadək uzada bilərik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə mövcud yükə əlavə olaraq gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görürük”.
“Əlbəttə ki, koronovirusla savaşda qalib gələcəyik, bunun ardınca yeni dünya reallığı ilə üz-üzə qalacağıq”, - deyən Türkiyə Prezidenti pandemiyadan sonrakı dövr üçün də hazırlıqların görülməsinin əhəmiyyətinə toxunub.