2020-ci ilin birinci rübü ərzində ölkəmiz beynəlxalq müstəvidə mövqelərini gücləndirməkdə davam edib. Dünyada koronavirus pandemiyasının hökm sürdüyü şəraitdə ölkəmizdə vacib tədbirlər həyata keçirilir. Bunun nəticəsində başqa ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət kritik deyil.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, ölkə başçısının Davos Forumu və Münhen Təhlükəsizlik Konfransında iştirakı böyük əhəmiyyət kəsb edir: “Çünki hər iki beynəlxalq tədbirdə dövlətimizin başçısı vacib görüşlər keçirib, Azərbaycanın beynəlxalq əlaqələrinin daha genişləndirilməsi yönündə vacib addımlar atılıb. Xüsusilə, Münhen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair debatın təşkil olunması çox mühüm hadisə idi. Bu hadisə işğalçı Ermənistanın təbliğatını darmadağın edib. Azərbaycan Prezidenti bütün beynəlxalq tribunalardan dövlətimizin bu məsələdə prinsipial mövqeyini bir daha səsləndirib, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Dağlıq Qarabağda qondarma “seçki”nin dünya ölkələrinin və beynəlxalq təşkilatların mütləq əksəriyyəti tərəfindən tanınmadığını deyən millət vəkili qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər təşkilatlar bu seçki şousunu pisləyiblər: “Bütün bunlar onu göstərir ki, beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Amma Avropa Şurası tərəfindən bu seçki şousuna heç bir münasibət bildirilmədi.
Cənab prezidentin qeyd etdiyi kimi, bu təşkilat Azərbaycana şər, böhtan atmaqla məşğuldur. Təbii ki, bu fakt təşkilatın hansı maraqlara xidmət etdiyinin göstəricisidir. Əslində, bu gün həmin təşkilatda ciddi böhran hökm sürür və onun özündə ciddi islahatların aparılmasına ehtiyac var. Beynəlxalq təşkilatlardan söz düşmüşkən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, üzv dövlətlərin əməkdaşlığı bütün dünyaya nümunə ola bilər. Türk Şurası dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirib və bu görüşdə Azərbaycanın koronavirusla mübarizə istiqamətində təcrübəsi dünya üçün nümunə kimi qiymətləndirilib”.