16 Aprel 2020 17:40
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışı koronavirus pandemiyası ilə mübarizədən tutmuş siyasi, sosial və iqtisadi sahələri, kənd təsərrüfatı da daxil olmaqla, ölkənin bütövlükdə gündəmini əhatələyən və olduqca əhəmiyyətli mesajların verildiyi konsepsiya idi.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. Onun sözlərinə görə, iqtisadi, siyasi, sosial proqramların tezislərini özündə birləşdirən bu nitqdə diqqəti cəlb edən xüsusi məqamlardan biri də islahatların davam edəcəyi barədə ismarış idi:

“Əlbəttə, koronavirus pandemiyası və onun yaratdığı çətinliklər siyasi-iqtisadi proseslərə öz təsirini göstərir. Ancaq Prezident xüsusi olaraq vurğuladı ki, 2020-ci il də islahatların daha da dərinləşməsi ilə yadda qalacaq. Xüsusilə Prezidentin iqtidar-müxalifət münasibətlərini ən yüksək səviyyəyə qaldırmaqla bağlı toxunduğu məqamlar ölkənin siyasi mənzərəsini aydınlatmaq baxımından önəmli idi”.

Politoloq vurğulayıb ki, martın ilk günlərindən koronavirusla bağlı fövqəladə qərarların qəbuluna və dövlətin öz resurslarını bu istiqamətdə səfərbər etməsinə baxmayaraq, Prezident İlham Əliyev digər məsələləri də heç bir halda diqqətdən kənarda qoymadığını təsdiqlədi:

“Cənab Prezidentin Novruz bayramı ilə bağlı öz adından ölkənin siyasi partiya sədrlərini təbrik etmək üçün Prezident Aparatının Siyasi Partiyalarla İş şöbəsinin rəhbəri Ədalət Vəliyevi görəvləndirməsi bu istiqamətdə ilk addım olmaqla, dövlət başçısının niyyətini ortaya qoymuş oldu. Yəni bütün gərginliklərə və vaxt məhdudiyyətinə baxmayaraq, ölkə gündəmini məşğul edən və xalqın sağlamlığının qorunmasını tələb edən təcili-təxirəsalınmaz fəaliyyətin içində Prezidentin müxalif siyasi liderlərə bir-bir telefon açdırması sıradan bir hadisə deyil. Bu, Prezidentin şəxsi iradəsi ilə ölkədə başlayan böyük prosesin tərkib hissəsidir”.

A.Camalqızı onu da qeyd edib ki, Prezident bunu az qala bütün çıxışlarında xüsusi olaraq vurğulayır:

“Bu istiqaməti bütün tezis-çıxışlarında vurğulaması artıq siyasi konsepsiya, istiqamət deməkdir və komandasından da bu münasibətin davam etdirilməsi üçün dolayısı bir tələbdir. Biz həmişə doğma Türkiyədəki siyasi prosesləri maraqla diqqətdə saxlayırıq və müşahidələrimiz odur ki, burada siyasi yönündən asılı olmayaraq, bütün siyasi qüvvələr milli maraqlar naminə anındaca bütün umu-küsünü, ədavəti və kəskin münasibətləri bir kənara qoyaraq birləşə bilirlər. Təsəvvür edin, mediada, parlamentdə bir-birini ən sərt ifadələrlə tənqid edən siyasi yetkililər lazım gələndə Türkiyənin maraqları naminə çiyin-çiyinə dayana bilirlər. Bu siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi Azərbaycan üçün də arzuolunandır və cənab Prezidentin də hədəfi budur”.

A.Camalqızının sözlərinə görə, Prezident bu siyasi xəttində nə qədər səmimi və tərəfsiz olduğunu da açıq şəkildə ortaya qoydu: “Bir məsələni xüsusilə vurğulamaq istəyirəm. Prezident İlham Əliyevin son bir neçə ildə atdığı addımlar artıq bir lider, siyasi rəhbər çərçivələrindən çox-çox yüksəyə qalxır: o artıq bütün azərbaycanlıları birləşdirən dəyərə çevrilməkdədir və bu, həm tarixi, həm milli, həm də strateji baxımdan olduqca böyük missiyadır. Görünən isə odur ki, o, bu missiyanı böyük sevgi ilə, uzaqgörənliklə, el dilimizlə desək, ağsaqqallıqla daşıyır. Məhz bu statusun, bu missiyanın doğurduğu mənəvi zənginliklə Prezident İlham Əliyev hətta bugünə qədər dövlətimizin, millətimizin əleyhinə mövqe tutan Əli Kərimli və Milli Şurada toplanan 2-3 şəxsi də kənarda qoymadı. İnanılmaz dərəcədə böyük bir ağsaqqallıq, müdriklik nümunəsidir və etiraf edək ki, bu qədər böyük addımı yalnız İlham Əliyevdən gözləmək olardı. Bəli, o, 17 il öncə dediyi kimi, hər bir azərbaycanlının prezidenti olmaq üçün yola çıxmışdı və bu gün artıq bu azərbaycanlıların dəyəridir. Bu humanizm və böyüklüyün qarşısında nə müşahidə etdik? AXCP tərəfindən dialoqdan imtina və “ənənəvi” siyasi-milli düşmənçiliyi, xarici xüsusi xidmət orqanlarının maşalığına davam... Son günlər dövlətimizin pandemiyaya qarşı mübarizəsi, xalqı qorumaq üçün atdığı addımlar, koronavirusun iqtisadi zərbəsini minimallaşdırmaq yönündə görülən işlər, həssas sosial təbəqəyə qayğı və bu yöndə Prezidentin imkanlı şəxslərə birbaşa çağırış xarakterli müraciəti fonunda “beşinci kolon”un yenə öz xislətinə sadiq qalması artıq nonsesdir. Dünyanın heç bir yerində müxalifət adına iddia edən şəxs iqtidarla bu cür iyrənc və siyasətlə əlaqəsi olmayan üsullarla mübarizə aparmır”.

Politoloq qeyd edib ki, bu, İlham Əliyevin koronavirusun yaratdığı siyasi daşqın fəlakətindən onları qurtarmaq üçün bəlkə də son cəhdi idi:

“Dünyanın siyasi mənzərəsi, iqtisadi münasibətləri dəyişir, hazırda planetimiz böyük dalğalanma içərisindədir və hər bir lider öz xalqını Dövlət adlı “Nuh gəmisi”ndə xilas etmək istəyir. Əli Kərimli və Milli Şura son anlarında da dövlət gəmisinə qalxmaq istəmədilər və özləri özlərini siyasi daşqınların yaratdığı bataqlığa batırdılar. Görünür, onların öhdəlik götürdüyü xüsusi xidmət orqanlarında bizim bilmədiyimiz elə kompromatları var ki, onlar istəsələr belə, artıq həqiqətə geri dönə bilməzlər”.

Politoloq bu yaranan yeni siyasi münasibətlərdən müxaliflərin dövlətimiz və xalqımız üçün istifadə etməli olduğunu bildirib:

“Təəssüf ki, hələlik bunu müşahidə etmirik. Yalnız bir-iki siyasi lideri çıxmaqla. Buna misal olaraq, yaxınlarda baş verən bir olayı xatırlatmaq istərdim. Bu günlərdə erməni ictimai fəalları ABŞ sanksiyalarına rəğmən, Ermənistanın İrandan neft və neft məhsulları aldığını təsdiqləyən video-görüntülər yaydı. Bu görüntülər bizi həm də ona görə narahat edirdi ki, İran nömrə nişanlı bu TIR-lar Dağlıq Qarabağda, Xankəndidə görüntüləndi. Bu prosesi sona qədər yalnız BAXCP və onun lideri gördü, nədənsə siyasi müxalifətin böyük əksəri İrana məxsus TIR-ları görməzdən gəldi. Nə etiraz, nə müraciət, nə də rəsmi sorğular ortaya çıxdı.

Bilirsinizmi, hər şeyi dövlətdən istəməzlər və Qarabağ kimi problemi olan Azərbaycandan qonşularla münasibətdə hər dəfə rəsmi bəyanat gözləmək siyasi baxımdan doğru deyil. Bəs, müxalif siyasilər bu məsələdə niyə ortaya mövqe qoymadılar? BAXCP sədri Qüdrət Həsənquliyevdən başqa hamı susdu. Halbuki çox gözəl fürsət yaranmışdı. Beynəlxalq təşkilatlara, Qarabağda keçirilən “seçki” şousunu gözardı edən AŞPA-ya, İranla iqtisadi əməkdaşlığa görə dünyanı sanksiyalarla hədələyən ABŞ-a müraciət edilə bilərdi.

Prezident İlham Əliyevin Milli Məclisdəki 10 mart çıxışından bir maraqlı mesajını da xatırlayaq. Millət vəkillərinə demişdi ki, elə məsələlər var, onu mən deməməliyəm. Yəni bu məsələdə millət vəkilləri də fəallıq göstərə bilərdilər. Eynilə müxalifətdən gözləntilərimizi onlara da ünvanlaya bilərik. Amma acı reallıq budur ki, nə parlamentə üzv olan 43 yeni deputat, nə də kiçik istisnalarla köhnə üzvlər bu missiyanı daşımaq gücündə deyillər. Yenə də mediada və sosial şəbəkələrdə əvvəlki yorğun simaları görməkdəyik. Yenə də hər cəbhədə medianı görürük və hər dəfə də hədəfə media tuş gəlir. Bu zərbələrin qarşısına kim verəcək sinəsini? Özlərini qorumaqla məşğul olanlar bilmirlərmi ki, bu zərbələrə sinələrini verməsələr, zərbə dövlətimizə dəyəcək?”

A.Camalqızı son olaraq ümid etdiyini bildirib ki, nə vaxtsa müxaliflər bu siyasi münasibətləri qiymətləndirməyi və proseslərin içində olmağı, dövlət, dövlətçilik və xalq üçün davalarda sinələrini qabağa verməyi bacaracaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər