Neftin qiyməti, gördüyünüz kimi, 1 dollar deyil, dünən də olmayıb, ola da bilməz. “Brent” 25, WTI 20 dollar ətrafındadır. Dünən bəzi birjalarda sıfıra qədər düşən neftin qiymətləri yox, neft fyüçerslərinin spot qiymətləri idi.
Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkə hesabında Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib.
Vüsal Məmmədov spot qiymətlərinin nə olmasına aydınlıq gətirib: “Dediyimiz kimi, fyüçers özü də bir əmtəədir və alınıb-satılır. Birjalarda satılan, ucuzlaşıb-bahalaşan neftin bilavasitə özü yox, məhz onun fyüçersləridir. İndi isə təsəvvür edin ki, mən fyüçers alveri ilə məşğul olan brokerəm. Normal günlərdə kimlərsə gəlib məndən fyüçers alır, kimlərsə gəlib, fyüçerslərini satırlar.
Birincilər onun daha da bahalaşacağını, ikincilər isə ucuzlaşacağını zənn edirlər. Bəs mən nə edirəm? Fyüçers alanların mənə verdiyi pulu fyüçers satanlara ödəyirəm.
Alanlar az olsa, satanlara öz cibimdən pul verirəm. Bir gün ərzində haqq-hesab belə davam edir. Axşam isə əlimdə olan bütün fyüçersləri aparıb, hansısa böyük şirkətə təhvil verir və pulumu alıram. Bu mexanizmə “spot bazarı” deyirlər. Yəni hər fyüçers üçün böyük şirkətin üstünə qaçmıram, öz imkanlarımın hesabına alıb-satanların əməliyyatlarını idarə edirəm. Onlar isə heç fərqində də olmurlar. Mən peşəkar brokerəmsə, satanlar alanlardan 2 dəfə, 3 dəfə, lap 5 dəfə çox olsa da, onların fyüçersini almağa ehtiyat pulum olmalıdır. Buna görə də, satan heç vaxt fikirləşmir ki, onun satdığını almaq istəyən var, ya yox?! O, ancaq proqramda “sell” düyməsini basır, vəssalam. Qalanı brokerin işidir”.
Jurnalist daha sonra deyib: “Amma əgər alan heç yoxdur, satanlar isə həddindən artıq çoxdursa, brokerin bir gün üçün spot bazarındakı əməliyyatları təmin etmək məqsədilə ayırdığı məbləğ tükənə bilər. Onda artıq əlindəki fyüçersləri satmaq istəyənlərə ödəmək üçün bir qəpik də qalmır və ayrılıqda götürülmüş konkret fond bazarı çökür. Diqqət edin ki, çökən neft bazarı yox, fyüçerslərin alınıb-satıldığı bazar, yəni qiymətli kağızlar bazarıdır. O da spot xarakterli olduğu üçün günün sonuna doğru çöküb. Bu gün isə yenidən WTI fyüçersləri 20 dollar ətrafında alınıb-satılmaqda davam edir”.