23 Aprel 2020 20:37
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun məlum bəyanatı Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı olduqca ciddi ittihamların irəli sürülməsinə, hətta ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefaya göndərilməsinə qədər tələblərin səslənməsinə rəvac verib. Paşinyanın ölkədaxili əleyhdarlarının mövqeyinə görə, Sergey Lavrovun səsləndirdiyi bu fikirlər həqiqəti əks etdirmir və əgər bu, dezinformasiya diversiyasıdırsa, deməli, Ermənistan-Rusiya münasibətləri ən bərbad vəziyyətdədir və bunun məsuliyyəti, ilk növbədə, Ermənistan hakimiyyətinin yarıtmaz fəaliyyətinin üzərinə düşür. Yox, əgər səslənən fikirlər həqiqəti əks etdirirsə, bu, artıq Ermənistanın milli və dövlət maraqlarının iflasıdır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

O qeyd edib ki, başqa sözlə, baş nazir Nikol Paşinyanın Ermənistanın milli maraqlarına xəyanətdə açıq şəkildə ittiham olunması ölkədaxili situasiyanın kifayət qədər mürəkkəb vəziyyətdə olduğunun göstəricisi hesab edilə bilər:
“Bundan başqa, Nikol Paşinyanın Ermənistanın İctimai Televiziyasında çıxışından öncə “texniki kadrlar”ın efirdə göstərilməsi və həmin kadrlarda onun tez-tez öskürməsi, butulkadan su içməsi və bu kontekstdə onun koronavirus daşıyıcısı olmasını təbliğ edən videogörüntülərin sosial şəbəkələrdə yayılması, əslində, hakimiyyətin sosial dayaqlarının kifayət qədər zəifləməsi və nüfuzunun fəlakətli səviyyədə aşağı düşməsinin göstəricisi hesab oluna bilər”.

Elman Nəsirov Sergey Lavrovun münaqişənin tənzimlənməsi ilə bağlı məlum mövqeyi və bu kontekstdə Ermənistanda ictimai fikrin Nikol Paşinyan və Zöhrab Mnatsakanyan əleyhinə sərtləşməsinin sonuncunun radikal və ritorikaya söykənən davranışını şərtləndirdiyini vurğulayıb:

“Zöhrab Mnatsakanyan bəyan edib ki, yalnız 2014-cü və 2016-cı illərdə mərhələli həll variantı danışıqlar predmeti olub, lakin erməni tərəfinin maraqlarını təmin etmədiyindən qəbul edilməyib. Hazırda danışıqlar masasında heç bir sənəd yoxdur. Yalnız ayrı-ayrı elementlər müzakirə olunur. Ermənistan heç bir birtərəfli güzəştlərə getməyəcək və heç bir qərar “Qarabağ xalqı”nın razılığı olmadan qəbul edilə bilməz. Zöhrab Mnatsakanyanın bu məsuliyyətsiz mövqeyi münaqişənin həlli ilə bağlı onsuz da kövrək olan danışıqlar prosesinə arxadan vurulan zərbə kimi qiymətləndirilə bilər. Onun bu avantürist fikirlərini fəaliyyət istiqaməti kimi qəbul edən separatçı rejimin yeni “rəhbəri” Araik Arutyunyan özünün “kompromissiz” siyasətçı obrazının ilkin dizaynını erməni ictimai fikrinə calaq etmək məqsədilə bir qədər də irəli gedərək siyasi diversiya hesab olunan açıqlama ilə çıxış edib. Separatçı “lider”in siyasi sayıqlamasına əsasən, qondarma “DQR” münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bütün mərhələlərində tamhüquqlu iştirakçı olmalıdır və onun “xalqı”nın müqəddəratının təyin edilməsindən öncə tənzimlənmə prosesi ilə bağlı heç bir variant müzakirə predmeti ola bilməz”. Qondarma rejimin rəhbəri öz siyasi sayıqlamalarında hətta bir qədər də irəli gedib, Azərbaycanın mümkün hücum əməliyyatlarına qarşı qeyri-mütənasib əks zərbə endirəcəklərini və bu əməliyyatları qarşı tərəfin ərazisinə keçirəcəklərini də dilinə gətirməkdən çəkinməyib. Bu yerdə xalqımızın “ac toyuq yuxusunda darı görər” misalını xatırlamamaq olmur.

Qeyd edək ki, aprelin 21-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə videoformatda keçirilən görüşündən əvvəl bəyanat verib.
Belə ki, S.Lavrov görüşdən əvvəl A.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun təşkil etdiyi dəyirmi masada çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, danışıqlar masası ətrafında Qarabağ münaqişəsinin mərhələli həllini özündə ehtiva edən sənədlər müzakirə olunur və həmin sənədlərin imzalanması BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icra olunmasında mühüm addım olardı.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər