İlk olaraq onu qeyd edim ki, bu görüş Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə Görüşüdür. Hələ aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVID-19-a həsr olunmuş Zirvə Görüşü keçirilmişdir. Bir müddət əvvəl Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə Görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Yusif Bağırzadə bildirib.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, bu zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirildi: "40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldığı videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirakı cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən zirvə görüşünün nə dərəcədə əhəmiyyətli olduğunun ən bariz göstəricisi sayıla bilər.
Prezidentin də qeyd etdiyi kimi Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və bu plana uyğun da praktiki fəaliyyətə başlayıb. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verib. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü də bunu göstərir".
Y.Bağırzadə qeyd edib ki, Zirvə görüşündə pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsinin vacibliyinin qeyd olunması Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmiş Azərbaycan üçün olduqca vacib məqamdır: "Eyni zamanda, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi ilə bağlı qəbul edilmiş qərarlar da mühüm əhəmiyyət kəsb edir.
Zirvə Görüşündə həmçininün üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarının vahid məlumat bazasına daxil edilməsi və həmin məlumatlar əsasında mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim edilməsi ilə bağlı da razılıaq əldə olunmuşdur ki, bu da ümumilikdə üzv ölkələrin pandemiyaya qarşı birgə mübarizəsini şərtləndirir.
Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırması və bu vəsaitin Azərbaycan dövləti ilə razılaşıldırmaqla Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələrə verilməsi isə ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ümumilikdə isə qeyd etmək lazımdır ki, bu kimi tədbirlər onu göstərir ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir".