8 May 2020 09:05
12 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düşünürəm ki, bu qərar hakimiyyətin ötürülməsi prosesinin tərkib hissəsidir. Dariq Nazarbayevanı prezident kürsüsünə hazırlaşdırırlar, bunun başqa adı yoxdur”.

Qazaxıstan parlamentinin spikeri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqda Teleqraf.com-un sualını cavablandıran politoloq Cümşüd Nuriyev belə deyib.

Ekspert Nazarbayevanın səlahiyyətlərinə xitam verən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin o qədər də güclü siyasi fiqur olmadığını bildirib:

“Ölkənin ilk dövlət başçısı Nursultan Nazarbayev Ali Şuranın sədridir, yəni səlahiyyətləri Tokayevdən daha genişdir. Yəni bu qərarı Tokayevin özbaşına verdiyini düşünmürəm. Beləliklə, Dariqa Nazarbayeva müsəlman dünyasında ilk qadın prezident ola bilər. Baş verənlər də, buna hazırlıq mərhələsi kimi görünür. Nazarbayevin razılığı olmadan, kimsə onu postundan kənarlaşdıra bilməz. Tokayevin özü də, Nazarbayevin ən yaxın adamlarından biridir, buna görə də, məsələyə başqa şərh vermək olmur. İndi bunu necə baş verəcək: parlament təyin edəcək, yoxsa seçkilər keçiriləcək? Hər ikisi mümkündür”.

Cümşüd Nuriyev Rusiyanın Qazaxıstanda baş verən son proseslərə reaksiyası ilə bağlı da fikirlərini bölüşüb:

“İlk növbədə, Tokayev elə də böyük siyasi fiqur deyil, onun nəyisə həll etmək səlahiyyəti yoxdur. Digər yandan, Rusiyanın Belarusla münasibətləri gərginləşəndən sonra əsas ağırlığı Qazaxıstana verib. Qazaxıstan əhalisinə, resurslarına və ərazisinə görə Belarusdan öndədir. Buna görə də, Qazaxıstanın siyasi sistemi Rusiya üçün önəm kəsb edir. Hazırda Putin SSRİ-nin bərpa olunmasına cəhd göstərir. Strateji mütəxəssislər bu prosesin 2024-cü ilədək yekunlaşacağını görürlər. Siyasi araşdırmalar da göstərir ki, Rusiya bu sahədə ciddi işlər görür. Dünyanın dərin dövləti Putinə müqavimət göstərir, pandemiya da Rusiyanı çökdürməyə hesablanmış bir proyektdir. Putin görsə ki, ya hakimiyyətdən gedir, ya da SSRİ-ni yarada bilmir – hansısa bir formada müharibəni gündəmə gətirəcək. Çünki Rusiyanın bu iflasdan qurtarmasının yeganə çıxış yolu, müharibədir, ruslar da müharibə etməyi sevirlər.

Qazaxıstana gəlincə, Nazarbayev də ağıllı bir adamdır, başa düşür ki, Qazaxıstan Rusiyanın qarşısında tab gətirə bilməz. Hər halda Nazarbayev Putinsiz bir iş görməz. Dariqanın vəzifədən kənarlaşdırılması, həm də daxili siyasi qüvvələrə hesablanıb. Yəni belə bir addım atırlar ki, daxili qüvvələrin reaksiyasını ölçə bilsinlər. Bununla müəyyən edirlər ki, əks-qüvvələrdən hansı daha güclüdür. Həmin əks-qüvvəni də zərərsizləşdirmək məsələsi gündəmə gətirilə bilər. Təsadüfi deyil ki, Qazaxıstanda xaricdən maliyyələşən qüvvələr də var. Başqa sözlə, istisna deyil ki, bu məsələ həmin qüvvələrin fəaliyyətlərini sıfıra endirmək üçün gündəmə gətirilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər