Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin onlayn iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasa Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev sədrlik edib.
Komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının aidiyyəti şöbələrinin əməkdaşlarının da iştirak etdiyi iclasda “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyət haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.
Müzakirələr zamanı dövlət tərəfindən gənclərə, xüsusilə də əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan danışılıb, bunun davamı kimi qanunvericiliyin təkmilləşdirilməsi məqsədəuyğun hesab edilib.
Qanunveriricilikdə nəzərdə tutulmuş “əlil” sözü Azərbaycan Respublikasının 2008-ci ildə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasının tələblərinə uyğunlaşdırılıB, habelə əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsi ilə əlaqədar dəyişikliklər edilməsi təklif edilib.
İclasda qanun layihələri ilə yanaşı Milli Məclisin Gənclər və İdman komitəsinin hesabatının qısa icmalı da Komitə üzvlərinə təqdim edilib, gələcək perspektivləri müzakirə olunub.
Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.