7 May 2020 22:02
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu barədə TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində danışıb.

Prezident İlham Əliyev deyib:

"Biz tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik. Azərbaycan bir sıra forumlarda bu mövzuda açıq çıxış edib, o cümlədən mən dəfələrlə öz mövqeyimi bildirmişəm. Deməliyəm ki, Azərbaycan cəmiyyəti bu mövqeyə tam şərikdir. Əlbəttə, bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması prosesi bizim üçün əsla qəbuledilməzdir. Bilirsiniz, bir müddət əvvəl belə qənaətdə idik ki, sübut edilməsinə ehtiyac olmayan həqiqətlər var, Böyük Vətən müharibəsinin tarixi də belə həqiqətlərdən biri idi. Lakin təəssüf ki, bəzən müəyyən dairələrin tarixi həqiqəti təhrif etmək, İkinci Dünya müharibəsində Qələbədə Sovet İttifaqının rolunu azaltmaq və faşizmi qəhrəmanlaşdırmaq üçün əlaqələndirilmiş səylərinin şahidi oluruq. Ona görə bu meylə son qoyulmalıdır, biz bunu yalnız birgə səylərimizlə edə bilərik. O cümlədən Böyük Vətən müharibəsi dövründə baş vermiş hadisələr haqqında həqiqəti gənc nəslə çatdırmaq yolu ilə. Ona görə ki, onlar həqiqəti bilməlidirlər, vətənpərvərlik, əcdadlarının qəhrəmanlığı ruhunda tərbiyə olunmalıdırlar. Əlbəttə, bəzi ölkələrdə baş verənlər, İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır. Bunu keçmiş SSRİ məkanında, MDB məkanında görmək xüsusilə xoşagəlməzdir. Axı faşizm üzərində ümumi Qələbə naminə ən böyük qurban verən Sovet İttifaqı olub. Buna görə bu meyillər pislənməli, bu cəhdlərə son qoyulmalı və mənim fikrimcə, dünya liderləri bu barədə daha açıq danışmalıdırlar.

Bizə gəldikdə isə, qeyd etdiyim kimi, mən bu məsələləri dəfələrlə qaldırmışam, o cümlədən MDB ölkələrinin sonuncu Zirvə görüşündə müzakirə mövzularından biri məhz bizim Böyük Qələbə bayramına, Qələbənin yubileyinə hazırlıq məsələsi idi. Mən təəssüflə qeyd etdim ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Konkret misallarla göstərdim ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Yeri gəlmişkən, Qələbənin 75 illiyi ərəfəsində həm Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlər də buna sübutdur. Bu adam müharibə dövründə deyirdi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu adamın təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb və təsadüfi deyil ki, müharibə qurtarandan sonra o, SMERŞ tərəfindən həbs edilib, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.

Belə bir adama Ermənistanda 6 metr hündürlüyündə heykəl qoyulur. Heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edir. Mən bu məsələni qaldırmaqla MDB üzrə həmkarlarımın diqqətini ona cəlb etmək istəyirdim ki, biz, ilk növbədə, özümüzdə, öz təşkilatımızda hər şeyi öz adı ilə adlandırmalıyıq, burada siyasi korrektlik, selektivlik prinsipini və ya kiminsə xətrinə dəyməmək istəyini rəhbər tutmamalıyıq. Biz həqiqəti deməliyik, əks halda, bu təşkilat formatında diskussiyalar, səmimi desək, mənasını itirər. Buna görə bu məsələni qaldıranda ümid edirdim ki, Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Lakin təəssüf ki, bunun əksini gördüm. Gördüm ki, Ermənistan nümayəndə heyətinin rəhbəri, baş nazir bu canini müdafiə etməyə başladı, dedi ki, nə olsun o, həbs düşərgələrində olub, Soljenitsın da həbs düşərgələrində olub. Bilirsiniz, bu yerdə protokol qaydalarını pozdum, yenidən çıxış üçün söz aldım və dedim ki, Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etmək həyasızlığın yüksək dərəcəsidir. Ona görə bütün bunlar böyük təəccüb, heyrət doğurur və belə bir fikrə əsas verir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır.

Yeri gəlmişkən deməliyəm ki, Rusiya Federasiyasının ərazisində, məsələn Armavir şəhərində də cinayətkar, faşistlərin əlaltısı Njdeyə xatirə lövhəsi vurulub. Yalnız mən bu məsələni dövlət başçılarının Zirvə görüşündə qaldırandan və bu məsələ kütləvi informasiya vasitələrində əksini tapandan sonra həmin lövhə götürülüb. Haqlı olaraq sual yaranır: Ermənistanda Böyük Vətən müharibəsi qəhrəmanları olmayıbmı? Bəs Armavirdə erməni kilsəsinin yaxınlığında nə üçün onlara yox, faşist caniyə xatirə lövhəsi vurulub? Bunu necə başa düşməli? Ona görə bu məsələlər geniş müzakirə edilməlidir. Yenə də hər bir ölkə bu məsələyə öz münasibətini selektivlik, siyasi korrektlik mülahizələrinə görə deyil, birbaşa və açıq şəkildə bildirməlidir. Ermənistanda bir tərəfdən deyirlər ki, onlar Qələbənin yubileyini bayram edəcəklər, amma digər tərəfdən faşistin abidəsi önünə gül qoyurlar. Bu, ən azı ziddiyyət, əslində isə riyakarlıq təzahürüdür".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər