Teleqraf.com-un suallarını ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı cavablandırıb. Müsahibəni təqdim edirik:
- Qafar müəllim, ötən gün Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldığı elan olundu. Əvvəlcə bilmək istərdik, bu ideya necə yarandı?
- Bu ideya 1990-cı illərin əvvəllərindən var, hətta işlədiyim mətbuat orqanlarında, o cümlədən “Avrasiya” qəzetində silsilə yazılar da verilmişdi. O vaxt Oqtay Ataxan bu məsələni çox kəskin şəkildə ortaya qoyurdu və yazılarında dövlətdən tələb edirdi ki, bu işlə məşul olmaq lazımdır. Adını başqa cür deyirdi, bildirirdi ki, mühacirətdə belə bir hökumətin yaradılması Azərbaycanın mövqeyini daha da gücləndirər. Beynəlxalq danışıqlar və sənədlərdə biz bu məsələni də ortaya qoya bilərik ki, əgər Dağlıq Qarabağda ermənilərə muxtariyyət veriləcəksə, azərbaycanlılara da muxtariyyat verilsin. Çünki ora azərbaycanlıların tarixi Vətənidir. O vaxt muxtariyyətdən söhbət gedirdi. Sonrakı illərdə də bu ideya həmişə cəmiyyətin müzakirə etdiyi ideya olub. Amma həmişə onun yaradılması ilə bağlı məsələ ortaya çıxanda müəyyən maneələrlə üzləşirdik.
- Hansı maneələrlə?
- Çoxu süni əngəllər olub. Tutalım, bir məmur deyib ki, bunu yaratmaq bizə zərər verər, bundan vaz keçilib. Amma bu ideya həmişə olub, 2000-ci illərin ortalarında da var idi, indi də var. Təşkilatı elan edəndən sonra bəziləri deyir ki, biz elan edəcəkdik, niyə siz bunu elan elədiniz.
- Bunu deyən kimlərdir?
- Bəzi bu işlə məşğul olan və hətta onunla manipulyasiya edən adamlardır. Mənim də onlara cavabım odur ki, edən idiniz indiyə qədər edərdiniz. İçərisində qısqanclıqla yanaşan adamlar da var. Onları da anlayıram. Yaradan adam çoxdan bunu yaradardı, demək o adamların qabiliyyəti çatmayıb ki, yarada bilməyiblər. Onlara baş qoşmağa zamanım yoxdur. Biz daha ciddi işlərlə məşğul olacağıq. Biz bu ideyaya söykənərək bir neçə aydır sənədlərin hazırlanması ilə məşğuluq. Artıq qərarlaşdırdıq ki, təşkilatı elan edək. Qərbi Azərbaycan (İrəvan) Respublikası rəsmi şəkildə elan olundu. Artıq bundan sonrakı mərhələdə başqa işlər görəcəyik.
- Bu ideya təkcə süni əngəllərə görəmi vaxtilə uğur qazanmamışdı?
- Bunun bircə cavabını bilirəm ki, məsuliyyətsizlikdən olub. Yəni bu işi boynuna götürən adamlar buna ciddi şəkildə yanaşmamışdılar. Bəziləri də bayaq dediyim kimi, hansısa məmurun sözü ilə vaz keçib. Yaxud kimlərsə bu ideya ətrafında manipulyasiya edib. Elə adamlar ində də var, müəyyən bir məqsədləri həyata keçirmək üçün bu addan istifadə etməyə çalışırlar. Başqa bir məmur demişdi, lazım deyil, sabah bizi suçlayarlar ki, daxili siyasətə qarışırsınız. Ona görə də “təhlükəli” ideya idi deyə heç kim buna girişmirdi. Hamı bir-birini gözləyirdi ki, belə bir məsələni kim gündəmə gətirəcək, kim əlini daşın altına qoyub bunu reallaşdıracaq. Bir neçə il idi ki mən bununla bağlı fikirləşirdim, əslində gözləyirdim, Azərbaycanda daha təcrübəli, ağsaqqal adamlar var idi ki, bu işləri görmək istəyirdilər. Amma gördük ki, yox, ideya cəlbedici və yaxşı olsa da, bunun dalınca gedən yoxdur. Təxminən bir neçə ay Qərbi Azərbaycandan olan bir neçə ziyalı toplaşdıq və belə bir hökumətin qurulması haqqında qərar verdik.
- Azərbaycanda cəmiyyətin ilkin reaksiyaları necə oldu?
- Azərbaycandan çox ciddi reaksiya oldu. Çoxlu zənglər gəlir. Sosial şəbəkələrdə bu mövzuda paylaşımlar, fikir mübadilələri aparıldı. İnşallah, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası öz sözünü deyəcək. Ermənilər bizim dədə-baba yurdumuzu onsuz da öz vətənləri saymırlar. 100 ildir əhalinin sayı 3 milyondan yüksəlmir, əksinə azalır, get-gecə ciddi köçlər var, o torpaqlara sahib ola bilmirlər, o torpaqların sahibi var. Biz Vətənimizə qayıdacağıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə dəfə bəyan edib ki, biz İrəvana, Zəngəzura, Göyçəyə və digər torpaqlarımıza qayııdacağıq. Qayıtmağın da yolu hüquqi müstəvidən, ciddi təşkilatlanmış bir qurumun fəaliyyətindən keçir. Bu məsələdə ciddi şəkildə iş görmək fikrindəyik. İnşallah, qarşımıza qoyduğumuz planları yerinə yetirəcəyik.
- Qərbi Azərbaycan Mühacirət Hökumətinin yaradılması bizə nə verəcək, faydası nədən ibarət olacaq?
- Çox yaxşı məqama toxundunuz, Müharicət Hökumətinin meydana çıxması və fəaliyyəti Azərbaycan və Türkiyə dövlətinə nə verəcək? Öncə onu qeyd edim ki, ermənilər yüz il bundan qabaq, təxminən 1919-cu ildə Qərbi Ermənistan adlı bir hökumət elan etmişdilər. Daha sonrakı mərhələdə erməni diasporu xaricdə bunu daha da gücləndirmək məqsədi ilə bəzi tədbirlər keçirmişdi və sovet hökuməti vaxtı çox da dəstək verilməmişdi. Bu hökumət 2000-ci illərdə daha da fəallaşdı. Xüsusi olaraq vurğulayım ki, 2018- ci ildə bir qurultay keçirdilər və Qərbi Ermənistan Hökumətinin Məclisini seçdilər, bu hökumətin 101 nəfərdən ibarət Məclisi var. Baş naziri, xarici işlər naziri, prezidenti olmaqla bir hökumət formalaşdırıblar. Biz ondan nümunə götürüb eləməmişik. Qərbi Azərbaycan Mühacirət Hökuməti ona görə lazımdır ki, bizim bu torpaqlara iddiamız indiyə qədər aradan qalxmayıb, İrəvan xanlığına iddialarımızı ortaya qoymalıyıq. Çünki burada bir dövlətimiz olub. Ermənilərin Şərqi Anadoluda heç bir dövləti olmadığı halda iddia qaldıra bilirlərsə, biz nədən bu məsələni ortaya atıb iddia qaldırmayaq?! İrəvanın özünün xanlıq mərkəzi kimi fəaliyyəti uzaq tarix deyil. Bəlli bir sərhədləri olan, 15 mahala malik dövlət olub, özünün ordusu, pul vahidi, başqa ölkələrlə diplomatik əlaqələri vardı. 1813-cü ildən başlayan proses 1828-ci ildə başa çatıb, İrəvan xanlığı Rusiya tərəfindən işğal edilib və bizim dövlətçiliyimizə son verilib. Biz bu dövlətin yenidən bərpa olunmasını tələb etməliyik. Bu dövləti əlimizdən alıblar, daha sonraki illərdə orada ermənilər bir dövlət yaradıblar. Əvvəlcə XIX əsrdə burda bir erməni vilayəti qurdular, sonra İrəvan quberniyası elədilər, daha sonrakı illərdə də bu ərazilərə erməniləri köçürüb İrəvanı bizim əlimizdən aldılar. Sovet hökuməti dövründə də dövlət səviyyəsində sənədlər var ki, azərbaycanlıları son nəfərinə qədər çıxararaq bizim ordakı varlığımıza son qoydular. Buna görə bu dövləti qaytarmaq lazımdır. İkinci bir tərəfdən də Ermənistanın işğalçılıq niyyəti var, bu işğalçılıq siyasətinin qarşısını almaq üçün bu dövləti elan eləməliyik. Çünki Ermənistan Zəngəzuru özünə birləşdirib, o vaxtı iddia etdiyi Dağlıq Qarabağ ərazisini də işğal edib. Biz İrəvanı 1918-ci ildə Ermənistana bir şərtlə güzəşt eləmişik ki, İrəvana və Dağlıq Qarabağa ərazi iddialarından vaz geçəcək. Bundan vaz keçməyib. Ermənistan oyun qaydalarını pozduğuna görə biz İrəvanı tələb eləməliyik. 1918-ci il mayın 29-da verilən qərar, 3 nömrəli protokol ləğv edilməlidir. İrəvan geri tələb olunmalıdır, burada yaşayan əhalinin öz tarixi dövlətçiliyini bərpa eləməyə haqqı var.
- Niyə bu hökumət Türkiyədə elan edildi?
- Bunun səbəbi ondan ibarətdir ki, əsas ideya müəlliflərindən biri kimi mən Türkiyədə yaşayıram və çalışıram. Bir səbəbi də odur ki, Qərbi Azərbaycan kökənli insanların demək olar yarısı Türkiyədə yaşayırlar. O zaman Ermənistan sovetləşəndən sonra orada yaşayan əhalinin böyük bir hissəsi Türkiyəyə köç etdi. Qars, İğdır, Van və digər bölgələrdə yaşamağa başladı. İndi onların da bir hissəsi həmin ərazilərdən də köç edib Türkiyənin müxtəlif yerlərində yaşayırlar. Bu hökuməti elan etdikdən sonra Türkiyənin müxtəlif şəhərlərindən mənə zənglər oldu, onlar dədə-baba torpaqları ilə bağlı etinasız olmadıqlarını dilə gətirdilər. İzmir, İstanbul, Ankaradan müraciətlər oldu, bizim təşəbbüs qrupumuz fəaliyyət göstərir, orada təmsil olunanların bir hissəsi də Türkiyədə yaşayan Qərbi Azərbaycan kökənli Azərbaycan türkləridir.
- Bir qrup şəxslər uzun illərdir Dağlıq Qarabağ danışıqlarının faydasız olduğunu əsas gətirərək, Qarabağı bu yolla azad edə bilməyəcəyimizi bildirir və Qərbi Azərbaycan Mühacirət Hökuməti ideyasını utopiya hesab edirlər. Sizin bu iddialara qarşı əks arqumentləriniz nədən ibarətdir?
- Qarabağ danışıqlarının fayda vermədiyini bununla əsaslandırmaq məntiqli bir arqument deyil. Qarabağ danışıqlarını ciddi şəkildə izləyən adamlardan biriyəm. Qərbi Azərbaycan Mühacirət Hökuməti ideyasını utopiya sayanlara da demək istəyirəm ki, bu, utopiya deyil, təməl atmadır. Bu gün bunun təməlini atırıq, sabah nə olacağını tarix göstərəcək. Biz torpaqlarımıza iddiamızı ortalığa qoymalıyıq, çünki bura bizim dədə-baba yurdumuzdur. Tarixən, min illər boyu orada yaşamışıq, burada dövlətimiz olub. Biz bu dövləti ermənilərə niyə verməliyik? Ermənilər Qafqaz milləti deyillər, XX əsrin əvvəllərində Qafqaza köç etdilər, çox az sayda erməni vardı. Ermənilərin burda dövlət qurmasının səbəbləini araşdıranlardan biri də mənəm. 1915-ci ildə Türkiyədə təchir, yəni yerdəyişmə qanunu qəbul olundu,ermənilər Şərqi Anadolu bölgələrindən köç etdilər, ondan sonra erməni siyasi düşüncə sistemində belə fikir yarandı ki, biz artıq həmin ərazilərdə dövlət qura bilməyəcəyik. O zamanki erməni siyasi təşkilatları, o cümlədən Daşnaksütyun partiyası Qafqazda bir dövlətin qurulması ideyasını ortaya atdılar. Qafqazda bu dövlətin yaradılmasına ermənilərin çoxu inanmırdı. 9 min kv kilometr ərazi ilə Türkiyə Ermənistanı 1918-ci ildə tanıyanda erməni siyasi xadimləri içərisində elə adamlar vardı deyirdilər ki, biz Azərbaycanın tərkibində muxtar qurum kimi fəaliyyət göstərsək, daha ağlabatandır. Çünki o dövrün şəraitinə və qanunlarına görə aclıq, səfalət vardı. Ermənistanın indiki ərazisi dağlıq ərazi idi. Əlimdə sənədlər var ki, erməni nümayəndə heyəti İstabula səfər edib demişdi ki, Türkiyə Azərbaycandan xahiş eləsin, Ermənistana buğda versin. 1918-ci ildə çıxan qəzetlərdə yazılıb ki, Azərbaycan türklərin xahişi ilə Ermənistana 90 min ton buğda verib.
- Bu, sülh danışıqlarına necə təsir göstərəcək?
- Sülh danışıqlarına bunun az dəxli var, təsir eləsə də, yaxşı təsir göstərəcək. Ermənilərin işğalçılıq niyyətlərinin qarşısını almaq üçün onların önünə müəyyən arqumentlər qoymaq lazımdır. Yəni sən bizim ərazilərə iddia edirsən, amma bizim də öz tarixi ərazilərimizə iddia etməyə haqqımız var. Çünki 100 il bundan əvvəl bu torpaqların ən azı yarısında Azərbaycan türkləri yaşayırdılar. Bu, əlimizi daha da gücləndirəcək, nəinki zəiflədəcək.
- Bu ideya Türkiyə siyasi dairələrində nə dərəcədə dəstəklənir?
- Hələlik ötən gün elan etmişik, mənim siyasi xadimlərlə söhbətlərim olub, bu söhbətlərin içində hələ bir adama rast gəlməmişəm desin ki, bu ideya zərərli ola bilər, Türkiyə və ya Azərbaycanın siyasətinə müəyyən dərəcədə ziyan vura bilər. İkinci bir tərəfdən ermənilər artıq neçə illərdir ki, Qərbi Ermənistan Hökuməti qurublar, virtual qurum yaradıblar və Türkiyəni təhdid edir, beynəlxalq səviyyədə ona qarşı ideoloji müharibə aparırlar. Bizim ideyamız Türkiyənin əlinə çox yaxşı vasitə kimi düşə bilər. Ümid edirəm ki, Türkiyənin siyasi dairələri bunu anlayışla qarşılayacaqlar.
- Beynəlxalq hüquq müstəvisində hansı addımlar atmağı nəzərdə tutursunuz?
- Şübhəsiz ki, biz əsasən beynəlxalq müstəvidə hərəkət edəcəyik. BMT-nin başqa ölkənin ərazisində yaşayan xalqlarla bağlı sənədləri var, həmin sənədləri öyrənib Ermənistanın qarşısında böyük iddialarla çıxış etmək fikrimiz var. Planlarımız çoxdur, amma il ərzində Milli Məclis seçiləcək, sonra hökumət yaranacaq, ayrı-ayrı qurumları olacaq, o qurumların qarşısında da müəyyən vəzifələr qoyulacaq. Bu vəzifələrdən biri də beynəlxalq səviyyədə hərəkət etməkdir, biz hüquqi müstəvidə addımlar atacağıq, sivil, demokratik qaydada haqq və hüquqlarımızı tələb etməyə çalışacağıq.