12 May 2020 09:15
1 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya, neftin qiymətinin düşməsi, qlobal böhranın təsirləri Rusiyada kəskin şəkildə hiss olunacaq. Fikrimcə, bu təsir Azərbaycanla müqayisədə daha güclü özünü göstərəcək. Həm neftin qiymətdən düşməsi, həm də iqtisadiyyatın dayanma nöqtəsinə çatması dövlətlərə ciddi zərbə vurur. Rusiya federasiyasının cəmi 3 bölgəsində nisbətən yumşaq karantin rejimi hökm sürür. Moskva və Peterburq kimi iqtisadiyyatın əsas qan-damar sistemi hesab olunan böyük şəhərlər, Rusiyanın Avropa hissəsi sərt karantin altındadır. Bu da iqtisadiyyata ciddi zərər verir, zərbələr vurur.

Bu fikirləri Teleqraf.com-a iqtisadçı Natiq Cəfərli pandemiya, neft böhranı və qlobal iqtisadiyyatda yaranan krizin Rusiyaya təsirləri haqqında danışarkən deyib.

Rusiyanın 10 trilyon rubl civarında maliyyə ehtiyyatı olduğunu xatırladan iqtisadçıya görə, bunun ən azı 3 trilyon rubla yaxını il ərzində xərclənəcək:

“Həmin vəsait ancaq pandemiya nəticəsində iqtisadi oyunçulara və əhaliyə dəyən ziyanın ödənilməsinə xərclənəcək. Bu, o deməkdir ki, Rusiyanın qızıl-valyuta ehtiyatları kəskin azalacaq. Onu da nəzərə alaq ki, rus rublu da dəyərdən düşür. Son iki ay ərzində rubl 12 faiz ucuzlaşıb. Rusiya iqtisadiyyatının 2020-ci il üçün təxminən 5 faiz daralması da gözlənilir və bu, hələ optimist proqnozlardır. Karantin dövrü daha da uzansa və neft bahalaşmasa, bundan da pis mənzərə ortaya çıxa bilər”.

Natiq Cəfərliyə görə, əslində Rusiya dövlət büdcəsi və iqtisadiyyatında mavi yanacaq neftdən daha vacib rol oynayır:

“Hazırda qazın da qiymətində ucuzlaşma müşahidə olunur. Məsələn, bu il qazın ortalama min kubmetr qiymətinin 200 dollara Avropaya satılması gözlənilirdi. Ötən gün Niderland bazarında bu göstərici 60 dollara qədər ucuzlaşmışdı. Rusiyaya qazın qiymətindən də daha çox ziyan dəyir. Çünki neft şirkətlərinin çoxu özəldir və onlar, əsasən, vergi ödəməklə büdcənin formalaşmasında iştirak edirlər. Amma qaz tamamilə dövlətin əlindədir. Qazdan gələn gəlirlər də əsasən dövlət büdcəsi və qızıl-valyuta ehtiyatları fonduna köçürülür. Odur ki, qazın qiymətdən düşməsi rus iqtisadiyyatına daha ciddi təsir göstərir”.

Müsahibimiz xatırladıb ki, rus iqtisadiyyatı ilə əlaqədar olaraq Peterburq Universiteti tərəfindən pessimist ssenari də hazırlanıb:

“Onların hesablamalarına görə, rus iqtisadiyyatında 14 faiz daralma gözlənilir. İşsizlik səviyyəsinin isə 20 faizə çatacağı ehtimal edilir. Yəni bunlar Rusiyada iqtisadi problemlərin çoxalması deməkdir. Bu da ölkənin sürətlə valyuta ehtiyatlarının əriməsi ilə müşahidə edilir”.


Müəllif: Cavad

Oxşar xəbərlər