Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bağlı İngiltərənin “Guardian” qəzetində nəşr olunmuş məqaləyə cavabı dərc edilib.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, məqalədə Dağlıq Qarabağın "mübahisəli ərazi" olmadığı, Azərbaycanın ayrılmaz, beynəlxalq səviyyədə tanınmış bir hissəsi olduğu və Azərbaycanın yeddi rayonu ilə birlikdə 25 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal olunduğu və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır. Həmçinin 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyi, lakin bu qətnamələrin hələ də yerinə yetirilmədiyi bildirilir.
Məqalədə Ramil Səfərovun uşaq ikən hazırda erməni işğalı altında olan doğma şəhəri Cəbrayıldan zor gücü ilə qovulduğu diqqətə çatdırılır. Onun səkkiz il həbsdə olduğu Macarıstandan Azərbaycana verilməsinin qanuni əsaslarla həyata keçirildiyi və istənilən suveren dövlət başçısının vətəndaşlarını əfv etməsi isə konstitusiya hüququ olduğu bildirilir. Sonda, Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün ədalətə çağırış etdiyi vaxt, Ermənistanın Azərbaycan ərazilərində işğalını möhkəmləndirmək üçün bütün vasitələrdən və platformalardan istifadə etdiyi qeyd edilir.