“Gürcülər və ermənilər qardaş xalqlardır və hər zaman bir-birlərini dəstəkləyiblər”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze Tiflisdə keçirdiyi brifinqdə deyib.
O, Gürcüstanın həmişə Ermənistana yardım əli uzatdığını və bu ölkənin yanında olduğunu bildirib:
“Biz qardaş xalqlarıq, hər zaman bir-birimizi dəstəkləyirik və Ermənistan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ilə yaxşı münasibətlərimiz var. Əgər Ermənistan hər hansı bir köməyə ehtiyac duyursa, biz səlahiyyətimizə əsaslanaraq kömək etməyə hazırıq”.
O, həmçinin xəstələrin müalicəsində Ermənistana mümkün dəstək məsələsinə toxunub: “Əminəm ki, Gürcüstan hökuməti və Səhiyyə Nazirliyi bundan imtina etməyəcək, əksinə, hər cür səy göstərəcəklər. Əvvəlcə Ermənistan Səhiyyə Nazirliyi bu məsələni qaldırmalıdır və sonra əminəm ki, Gürcüstan bunu məmnuniyyətlə qəbul edəcək. Bildiyiniz kimi, gürcülər Spitak zəlzələsi zamanı digər millətlər arasında Spitaka ilk gəlmişdilər”.
Əlavə etmək yerinə düşür ki, Gürcüstan həmişə Ermənistan-Azərbaycan münaqişəsində “məsafəli” dayanıb. Yəni, bu “məsafə” heç də Azərbaycanın xeyrinə olan mövqe kimi görünməyib. Söhbət istər 2008-ci ildə Abxaziya və Cənubi Osetiyada həyata keçirilən işğal, istərsə də bundan əvvəl və bundan sonrakı dönəmlərdə ona qarşılıqsız yardım əli uzadan və xüsusi güzəştlərlə neft-qaz satan Azərbaycana həmin Gürcüstanın münasibətindən gedir.
İşğala məruz qalan Gürcüstandan fərqli olaraq, Azərbaycan həmişə bu ölkənin ərazi bütövlüyünə dəstəyini ifadə edib.
Amma Dağlıq Qarabağ münaqişəsinə “ümumi” yanaşma sərgiləyən Gürcüstan zaman-zaman Azərbaycana qarşı ərazi iddialarını dilə gətirib. Bu azmış kimi, Ermənistana silah-sursat sata biləcəyini ən yüksək səviyyələrdə bildirib.
Bu baxımdan, zaman-zaman Tiflisdən ermənilərə qardaşlıq mesajı verilməsi anlaşılandır.