Dövlətin öz vətəndaşına diqqət-qayğısı, əhalinin sosial problemlərinin həlli üçün davamlı işlərin görülməsi, açılışda ali dövlət rəhbərliyinin şəxsən iştirakı, sakinlərlə aparılan səmimi söhbət, daha yaxşı sabahlara bəslənən dərin inamdır.
Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalının Teleqraf.com-a açıqlamasına görə, az bir müddətdə “Qobu-Park” yaşayış kompleksində yaradılan ortam, bir tərəfdən məcburi köçkün vətəndaşlarımız üçün tezliklə normal sosial mühit formalaşdırmaq məsuliyyətini ifadə edirsə, digər tərəfdən ali dövlət rəhbərliyinin göstərişlərinə, tapşırıqlarına peşəkar yanaşmanı göstərir.
Onun sözlərinə görə, cəmi 1 il içərisində belə nəhəng kompleks salmaq Azərbaycanlı mütəxəssislərin, inşaatçılarımızın vətənpərvərliyini, bacarıqlarını da nümayiş etdirmiş oldu:
"Əlbəttə, belə nəhəng və sürətli inşaatdan danışarkən, inşaatın Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirildiyini də qeyd etməliyik. Adından da göründüyü kimi, bu artıq 3-cü kompleksdir və hər üç “Qobu-Park” Lökbatanın şəhər simasını da dəyişir, gözəlləşdirir.
Komplekslərin ərazisində vacib sosial obyektlərin yaradılıdığını, əraziyə asfalt yol salındığını da göz önündə tutsaq, paytaxtımızın həyatında sosial həyat, inşaat işi və vətəndaşa qayğı baxımından ciddi hadisənin yaşandığını deməliyik. Nəzər alsaq ki, söhbət məhz məcburi köçkün həmvətənlərimizdən gedir, o zaman sözügedən hadisə, paytaxtı da aşaraq, ümumrespublika məzmunu daşımış olur”.
Ə.Qoşalı onu da diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin sakinlər qarşısında 28 may – Respublika Günü, yaxın tariximiz haqqında, açılışı olan kompleks barədə geniş fikirləri həmin açılışı yalnız bir sosial layihə olmaqdan çıxarıb ictimai-siyasi məzmunla zənginləşdirdi.
“Burada rəmzi və faktiki baxımdan diqqət yetirilməli məqamlardan biri də odur ki dövlət başçısı əziz bayramımızı məhz quruculuqla, əhalinin problemlərinin həlli ilə bağlı atılmış real addımlarla, vətəndaşlara yeni mənzillərin açarlarının təqdim olunması kimi anlamlı, xoşməramlı hadisə ilə qeyd edir, bayrama bayram qatır. İkincisi, çox aydın şəkildə dövlət başçısı tərəfindən bir daha ifadə olundu ki, heç bir çətinliyə, mürəkkəb beynəlxalq vəziyyətə, digər məsələlərə baxmayaraq, dövlətimiz işğalla barışmayacaq, torpaqlarımız azad ediləcək, ərazi bütövlüyümüz bərpa olunacaq, “ikinci erməni dövləti”nin qurulmasına imkan verilməyəcək. Unutmuruq ki Ermənistan adlanan dövlət özü tarixi Azərbaycan torpaqlarında qurulub, İrəvan şəhərinin tarixdəki ilk erməni dövlətinə paytax olaraq güzəşt edilməsindən 102 il ötür və Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirib, əksinə yeni ərazilərin işğalı hesabına daha da iştahlanıb, soyqırımı törədib, bununla da, yeni dövrün faşizmini təmsil etməkdədir. Ancaq heç bir işğal, işğalın uzun sürməsi və s. bizi öz haqlı mövqeyimizdən döndərməyib, döndərə bilməz və biz dövlət-xalq birliyi ilə torpaqlarımızı azad edəcəyik”.