31 May 2020 21:32
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumiyyətlə, bütün sahələrdə olduğu kimi, sosial şəbəkələrin də fəaliyyətinin qanunla tənzimlənməsini vacib hesab edirəm.

Milli Məclisin deputatı Tamam Cəfərova Teleqraf.com-a açıqlamasında belə deyib.

O vurğulayıb ki, dünya alimləri sosial ünsiyyət portallarını bəşəriyyəti məhvə aparan silah kimi qiymətləndirsələr də, bu şəbəkələrin üstünlüklərini də inkar etmək olmaz. Sosial şəbəkələrin inkişafı məlumatlılıq, ünsiyyətin daha optimal olması baxımından xüsusi rola malikdir. Lakin istənilən sahələrdə olduğu kimi, sosial şəbəkələrin bütün subyektlərinin də fəaliyyətinin qanunlarla tənzimlənməsinə ehtiyac var.

T.Cəfərova diqqətə çatdırıb ki, 2020-ci il mayın 28-də ABŞ Prezidenti Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” Sərəncam imzalayıb. Söhbət ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair qərardan gedir və bu sıradan bir qərar deyil. Hələ 1996-cı ildə qəbul edilmiş “Kommunikasiya Müdafiə Aktı”nın 230-cu paraqrafının fəaliyyətinin dayandırılması ilə bağlı D.Trampın qəbul etdiyi bu qərar təkcə ABŞ-ın özü üçün deyil, eyni zamanda bütün dünya ölkələri üçün də mühüm əhəmiyyət daşıyır.

“Belə ki, ABŞ prezidenti öz qərarında göstərir ki, sosial şəbəkələrin nəzarətdən kənarda qalması dövlətin təhlükəsizliyi üçün son dərəcə ciddi təhdidlər yaradır. Bura Tvitter, Facebook, İnstaqram, Teleqram və digər beynəlxalq miqyaslı sosial şəbəkələr daxildir. Trampın qərarı ilə ləğv edilən sözügedən paraqrafda göstərilirdi ki, texnoloji şirkətlər və ya sosial şəbəkələr yayılan istənilən məlumatın məzmununa və dezinformasiya olub-olmamasına görə məsuliyyət daşımırlar. ABŞ prezidentinin son qərarından sonra texnoloji şirkətlərin və sosial şəbəkələr bundan sonra hüquqi məsuliyyət daşıyacaqlar. Daha dəqiq desək, sosial şəbəkələr öz platformalarında yayılan informasiyalarn məzmununa görə məhkəmə qarşısında məsuliyyət daşıyacaqlar”.

Millət vəkili bildirib ki, dünyada sosial şəbəkələrlə bağlı mövcud vəziyyət Prezident Trampın fikirlərinin və qərarının tam əsaslı olduğundan xəbər verir. İndiki dövrdə sosial şəbəkələr söyüş, qeyri-etik davranış, terrora, qarşıdurmaya çağırış məkanına çevrilib. Ölkələrdə sabitliyin pozulması prosesi də buradan idarə olunur.

Əlavə edib ki, D.Trampın bu addımı təbii ki, siyasi mahiyət daşıyır. Biz bilirik ki, ABŞ-da prezident seçkiləri yaxınlaşır. Bu baxımdan ictimai fikri çaşdıran və ya yönləndirən, heç bir sərhəd tanımayan, məsuliyyət prinsipindən uzaq olan sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsinə ehtiyac var idi.

“2016-cı ildə Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərində sosial şəbəkələrin ictimai rəyə təsiri ilə bağlı qalmaqalı yəqin ki, xatırlayırsınız.

“Facebook” istifadəçiləri haqqında məlumatların toplanması, ötürülməsi faktı böyük bir qalmaqala səbəb olmuşdu. Seçkiyə müdaxilə iddiası, nəticələrin ləğvi təhlükəsini yaratmışdı. Bu baxımdan, heç bir məsuliyyəti, öhdəliyi olmayan sosial şəbəkələrin hansısa qüvvələrin alətinə çevrilməyəcəyinə heç bir təminat ola bilməz”.

Deputata görə, ümumiyyətlə, bütün sahələrdə olduğu kimi, sosial şəbəkələrin də fəaliyyətinin qanunla tənzimlənməsi vacibdir. Təbii ki, qanunlar hansısa fəaliyyəti məhdudlaşdırmır, sadəcə insanların məsuliyyət sferasını cızır, manevr imkanlarını müəyyənləşdirir.

“Bu gün biz sosial şəbəkələr vasitəsilə hakimiyyətlərin qeyri-qanuni yolla ələ keçirilməsi, konstitusion quruluşların zorla devrilməsinə çağırışların şahidi oluruq. Bu təxribatları biz xeyli vaxtdır ki, öz üzərimizdə hiss edirik. Saxta profillərlə Azərbaycan iqtidarına qarşı min cür oyunlardan çıxan sapı özümüzdən olan baltaların arxasında duran xarici qüvvələrin məqsədi hamıya məlumdur. Azərbaycanda sabitliyi pozmaq, öz iddialarını diqtə etmək... Bu isə dövlətlərin milli təhlükəsizliyinə birbaşa və ciddi təhdiddir ki, bu da yolverilməzdir. Biz bunu Azərbaycana qarşı xarici qüvvələrin fəaliyyətində də görmüşük və görməkdə davam edirik. Bunların qarşısı birmənalı alınmalıdır.

Düşünürəm ki, sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənsə, həmin qüvvələrin onsuz da zəif olan təsiri sıfıra enəcək. Eyni zamanda, qaydalar sərtləşdirilsə, sosial şəbəkələrdən istifadə şəffaflaşsa, sağlam təfəkkürlü istifadəçilərin sayı da artmış olacaq. Düşünürəm ki, bu tənzimləmə beynəlxalq və milli səviyyələrdə aparılmalıdır. O cümlədən də Azərabaycanın bu istiqamətdə qabaqlayıcı tədbirlər görməsinin zamanıdır. Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunların qəbulu artıq labüddür. Hər bir kəs qanunla məsuliyyət daşımalı və onun məsuliyyət dairəsi də qanunla aydın şəkildə müəyyən edilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı