Hər sözünün mübtədası da, xəbəri də inqilab olan Nikol Paşinyanın başı yenə dərddədir. 2018-ci ilin mayında hakimiyyəti inqilabla zəbt edən, Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə debatda biabırçı məğlubiyyətə düçar olub çarəni “3 mikroinqilab”da axtaran Nikol Paşinyan indi də COVID-19 pandemiyasına qarşı mübarizədə ermənisayağı “peyvənd” ixtirası ilə baş qatır. Bu “peyvənd”in adı “koronovirus inqilabı”dır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov bildirib.
O qeyd edib ki, özü koronavirusa yoluxmazdan əvvəl Ermənistanın “inqilabçı” rəhbəri xalqa müraciət edərək deyib:
“Mənim çağırışım və xahişim ondan ibarətdir ki, hər biriniz fərdi məsuliyyət hissi ilə bizə kömək göstərməlisiniz ki, koronavirus inqilabını edə bilək. Bu, əsas mesajdır”. El dilində desək, “bişmiş toyuğun gülüşü”nə səbəb olan bu sayıqlamaların yaranmasının əslində ciddi motivləri var. Heç kəsə sirr deyil ki, Ermənistan rəhbərliyinin ilk günlərdən başlayaraq pandemiyaya qarşı səriştəsiz, bacarıqsız və məsuliyyətsiz davranışı ucbatından bu gün bu ölkə Cənubi Qafqazın “qırmızı zonası”na çevrilib. Artıq Nikol Paşinyan etiraf etməyə məcbur olub ki, işlər çox pis gedir. Qeyd edib ki, koronavirusla bağlı ölkədə olduqca ağır situasiya formalaşıb və biz mahiyyət etibarilə virusun ikinci dalğası ilə üz-üzə qalmışıq”.
Elman Nəsirov bildirib ki, son statistikaya görə, Ermənistanda 10 mindən artıq yoluxma faktı qeydə alınıb. Ölənlərin sayı 158 nəfərə çatıb:
“Erməni ekspertlər artıq tam bədbinliyə qapılaraq bildirirlər ki, onları “İtaliya ssenarisi” gözləyir. Yenə də həmin ekspertlərin qənaətinə görə, ölkədə təxminən 50 minə qədər yoluxan insan var, sadəcə, onların böyük bir qismi bundan xəbərsizdir və virusun inkubasiya dövrünü yaşayırlar, digər bir qismində isə xəstəlik simptomsuz keçməkdədir.
Ermənistanın səhiyyə naziri Arsen Torosyan isə reanimasiya çarpayıları ilə bağlı üzüntülü statistikanı elan etməyə məcbur olub. O, mövcud reanimasiya çarpayılarının çox böyük hissəsinin xəstələrin xidmətində olduğunu deyib və ehtiyatda çox az çarpayı qaldığını bildirib. Bu acınacaqlı statistika virusa yoluxma hallarının kəskin artması reallığında Ermənistanda xəstələrin taleyin ixtiyarına buraxıldığı anlamını ortaya qoyur”.
Politoloq qeyd edib ki, pandemiyanın Ermənistanda bu qədər geniş miqyas almasının əsas səbəbi qeyri-səmərəli idarəçilikdir:
“Sərt karantin rejimi Parisdə və Nyu-Yorkda 48 gün, Milanda 53 gün çəkdi. “İnqilabi” Ermənistanda isə 19 gündən sonra məhdudiyyətlərin böyük əksəriyyəti aradan qaldırıldı. Ticarət mərkəzləri və restoranlar açıldı. Ermənistanın səhiyyə naziri isə gözlənilmədən bu sahədə vəziyyəti qənaətbəxş olan Gürcüstanı koronavirus yoluxmaları üzrə statistikanı bilərəkdən kiçiltməkdə ittiham etdi. Cavab olaraq Gürcüstan Xarici İşlər Nazirliyi Ermənistana etiraz notası göndərdi və Ermənistan tərəfi üzr istəməli oldu”.
Elman Nəsirovun sözlərinə görə, beləliklə, Ermənistan baş nazirinin məlum “koronavirus inqilabı” kimi cəfəng ideyanı ortaya atdığı reallıqda Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı əhalinin həyat və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması və iqtisadi fəallığın inkişaf etdirilməsi kimi 3 istiqamətdə müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər sırasındadır:
“Bu reallıq Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində də bir neçə dəfə etiraf olunub və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilib. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilib və təkrar olunmaqdadır. Xüsusilə də Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVID-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunmuş zirvə görüşlərinin təşkil edilməsi Azərbaycanın fors-major vəziyyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə böyük töhfə verdiyini təsdiqləyir”.