Dövlət pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər edib. Eyni zamanda koronavirusla mübarizədə ön cəbhədə yer alan polislər, həkimlər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə vermiş olurlar. İstər xüsusi karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisinin əməyini yerə vurmaq olmaz.
Bunu Teleqraf.com-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, pandemiya ilə mübarizədə ön cəbhədə yer alan Azərbaycan polisi vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atırlar:
“Sosial şəbəkələrdə izlədiyimiz görüntülərdə əks olunduğu kimi, Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışı ilə həm də milli həmrəyliyə töhfəsini vermiş olur. Bütün bunlar isə vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır”.
Hikmət Babaoğlu qeyd edib ki, sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı qara piar kampaniyası təşkil etmək milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməzdir:
“Xüsusi karantin rejimi çərçivəsində həftə sonu tətbiq olunan qapanma şəraitində – evdən çıxma qadağasının qüvvədə olduğu iki gün ərzində də polis fədakar fəaliyyət göstərib, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra edib. Lakin təəssüflər olsun ki, bəzi hallarda sosial şəbəkələrdə polisin fəaliyyətinə kölgə salmaq məqsədilə əsassız iddiaların irəli sürülməsinin şahidi olduq. Xüsusilə də, radikal müxalifət düşərgəsinin sabotajla məşğul olaraq xüsusi karantin rejimi çərçivəsində görülmüş işlərlə bağlı manipulyativ informasiyalar yaymaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaq cəhdləri müşahidə edilir.
Onlar sosial izolyasiya qaydalarının tətbiqini internet resurslarından və sosial şəbəkələrdən istifadə etməklə ictimai rəyə fərqli formada təqdim etməyə çalışırlar. Hətta insanların sağlamlığının qorunması naminə atılan addımları “azadlıqların məhdudlaşdırılması” kimi göstərmək cəhdləri var. Bu, tamamilə manipulyativ yanaşmadır, çünki sosial özünütəcrid vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə atılan addımdır.
Təbii ki, hazırkı pandemiya dövründə ictimai maraqlarımızın tələb etdiyi karantin rejiminin tələblərinin bu cür manipulyasiya edilməsi ümumi mənafelərimizə qarşı atılmış təhlükəli addım kimi qiymətləndirilməlidir. Ona görə də bu cür hərəkətlər ictimai rəy tərəfindən ciddi şəkildə qınaq obyektinə çevrilməlidir. Bütövlükdə, sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı “qara piar” kampaniyası təşkil etmək, onun fədakar və uğurlu fəaliyyətinin üzərinə kölgə salmaq milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməz və qəbulolunmazdır”.