19 İyun 2020 15:20
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev bütün tədbirlərdə həm rus, həm də ingilis dillərində ciddi arqumentlərlə dolu, səlis, bəlağətli və məntiqli çıxışları ilə Nikol Paşinyanın qorxulu kabusuna çevrilib.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.

Xəyal Bəşirov vurğulayıb ki, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Prezident İlham Əliyev də iştirak edib:

"Ölkə başçısı bütün mötəbər tədbirlərdə olduğu kimi bu sammitdə də Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq, Ermənistana qarşı diplomatik hücuma keçməklə onların işğalçı siyasətini ifşa edib. Prezidentin bu istiqamətdə çıxışının ən əhəmiyyətli tezisləri bunlar oldu: Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə, ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın Baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.

Siyasi şərhçi əlavə edib ki, bütün bunların fonunda işğalçı bir dövləti təmsil edən Paşinyanın elə işğalçı təfəkküründə və dilində səsləndirdiyi replika onu yenidən Münhen konfransındakı kimi gülüş hədəfinə çevirdi:

"Paşinyan ötən gün sammitdə etdiyi mahiyyətdən tam kənar çıxışı ilə Münhen konfransındakı ingilis dili səviyyəsindən heç bir irəliləyişin olmadığını, əksinə kağızdan belə düzgün oxumağı da bacarmadığını ortaya qoydu. Bununla yanaşı, o, Prezident İlham Əliyevin Ermənistanın yürütdüyü işğalçılıq siyasətinə aid tezislərinə qarşı heç bir arqument səsləndirə bilməməsi ilə də dolayı yolla işğalçılıq siyasəti yürütdüyünü təsdiq etmiş oldu. Azərbaycan rəhbəri Paşinyana yenidən gülüş obyektinə çevrilməməsi üçün bu cür məsələlərin müzakirəsi zamanı susmağı tövsiyə etdi. Ümumiyyətlə, heç bir siyasi təcrübəyə, idarəçilik peşəkarlığına və diplomatik bacarığa malik olmayan Nikol Paşinyanın artıq dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevlə iştirak etdiyi görüş və tədbirlərdə səsləndirilən ciddi arqumentlər və əsaslı dəlillər qarşısında gülünc vəziyyətə düşməsi onda çox ciddi kompleksin yaranmasına səbəb olub. Bu da onu deməyə əsas verir ki, Prezident İlham Əliyev bütün tədbirlərdə həm rus, həm də ingilis dillərində ciddi arqumentlərlə dolu, səlis, bəlağətli və məntiqli çıxışları ilə artıq Nikol Paşinyanın qorxulu kabusuna çevrilib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər