25 İyun 2020 09:14
16 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putinin yenidən prezident seçilmək üçün konstitusiya dəyişikliyinə getməsi haqda iddialar yalnız Qərb mediası tərəfindən irəli sürülür. Bunu cəfəng iddia sayıram. Çünki Putinin buna ehtiyacı yoxdur”.

Jurnalist Elçin Alıoğlu belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiya Prezidenti Putin SSRİ qurularkən bir çox sovet respublikasının ölkəsindən torpaq “qopardığını” iddia edir. Putin hansı respublikaları nəzərdə tutur və bu açıqlaması özündə nəyi ehtiva edir?

- Bir çox siyasi təhlilçidən və media qurumundan fərqli olaraq, Putinin bu fikirlərinin revanşist və şovinist açıqlama olduğunu düşünmürəm. Çünki Putin yetərincə rasional və həddindən artıq praqmatik dövlət başçısıdır. Onun yürütdüyü siyasəti hansısa bir pərdə olmadan həyata keçirməsi, bunun bariz göstəricisidir. Putin “Sovet dövründə başqa respublikalara verilən rus əraziləri” dedikdə, nəzərində bir neçə ərazini tutduğunu ehtimal edə bilərik. Bu, ilk növbədə Rusiya və Ukrayna arasında imzalanan anlaşmalarla bağlıdır. SSRİ-nin o dönəmdəki rəhbərliyi Rusiya ərazisi olmuş bir neçə vilayəti müttəfiq respublikalara təqdim etmişdi. Rusiyanın iddiasına görə, həmin ərazilər arasında Krım da var. Tarixən də Krım həmişə Rusiyanın müstəsna maraq dairəsində olub. Rusiya-Türkiyə savaşı, o cümlədən rusların Qara dənizə çıxış əldə etmək üçün apardığı bütün müharibələr Krım yarımadası ilə bağlıdır.

Bundan başqa, Rusiyanın iddialarında Qazaxıstan da yer alır. Çünki Qazaxıstanın şimalı vaxtilə rus və ya Sibir kazaklarının yaşadığı yerlər olub. Sonradan Nazarbayevin yürütdüyü düşünülmüş siyasət nəticəsində orada yaradılmış süni demoqrafik balans Qazaxıstanın xeyrinə bərpa olundu. Yəni Qazaxıstan 1990-cı illərdə çox ciddi separatçı hərəkatla qarşılaşa bilərdi, bunun təzahürləri də vardı.

İddiaların digər tərəfi Estoniya, Latviya və Litva, xüsusən də Kalininqrad ətrafındakı ərazilərlə əlaqədardır. Bunlardan biri ümumi sahəsi təxminən 1600, digəri 4800 kvadrat kilometr olan kiçik ərazilərdir. Bunlar Kalininqrad vilayətinin əraziləri sayılırdı. Rusiyanın mövqeyindən baxsaq, guya bu ərazilər Estoniya, Litva və Latviya tərəfindən ilhaq edilib. Əslində belə deyil.

Ümumiyyətlə, mən sərhədlərin yenidən çəkilməsinə qarşı çıxıram. Sərhədlərin yenidən müəyyən edilməsinə edilən cəhdlər və fəaliyyətlər o qədər də yaxşı hal deyil. Bu, dövlətlər arasında gərginliyin yaranmasına xidmət edən məsələlərdir.

- Sizcə, Putinin Rusiyanın ömürlük prezidenti olmaq iddiası baş tutacaqmı, buna müqavimət ehtimalları nə qədər mümkündür?

- Putinin yenidən prezident seçilmək üçün konstitusiya dəyişikliyinə getməsi haqda iddialar yalnız Qərb mediası tərəfindən irəli sürülür. Bunu cəfəng iddia sayıram. Çünki Putinin buna ehtiyacı yoxdur. Putin son çıxışlarından birində açıq şəkildə bildirdi ki, onun yenidən prezident olmaq niyyəti yoxdur. Dəmir nə qədər möhkəm xassələrə malik olsa da, onun müyyən müddətdən sonra yorulma əmsalı var. Hakimiyyət də süni yaradılmış bir klasster olaraq fəaliyyət göstərirsə, onun yorulma əmsalı ciddi şəkildə böyüyür. Putin bunu gözəl başa düşür.

Rusiya konstitusiyasına edilən dəyişikliklərdə ölkə daxilində mərkəzəqaçma meyllərini gücləndirmək, federasiya idarəetmə sistemini və federasiya dairələrini daha da gücləndirmək, yerlərdəki orqanların və icraedici strukturların effektivliyini artırmaq, habelə Rusiyanın xarici siyasətində üzləşdiyi çox ciddi çağırışlar var və bu çağırışlara əməl edərək Rusiyanı yeni geostrateji və taktiki gücə çevirmək istəyi var.

Rusiya həm daxili, həm də xarici siyasətində çox ciddi dəyişikliklər edir. Əvvəlki siyasəti nə qədər Qərbə yönəlmişdisə, indi Rusiya artıq parçalanmış, yəni təmərküzləşməmiş siyasət yeridir ki, harada özünün siyasi və iqtisadi maraqlarının olduğunu tapırsa, ora iqtisadi, siyasi, mədəni, hətta hərbi güc yeritməkdən belə çəkinmir. Rusiya Suriya, Liviya və Afrikadakı hərbi əməliyyatlarını muzdlulardan ibarət “Vaqner” qrupu ilə həyata keçirdi. Bütün dünya bilir ki, bu, Rusiyanın xarici siyasətinin tərkib hissəsidir.

Konstitusiya dəyişikliyinə gəldikdə, qeyd etdiyim kimi, burada yorulma əmsalı əsas rol oynayır. Rusiya hakimiyyəti isə uduzmaq və geri çəkilmək istəmir. Çünki 1990-cı illərdən bəri Qərbin bitmək bilməyən tələbləri, çağırışları Rusiya tərəfindən zahirən də olsa, anlayışla qarşılanıb. Amma hər şeyin bir həddi olduğu kimi, Rusiya xalqı və hakimiyyətinin də səbir kasasının daşma nöqtəsi var. Qərb heç vaxt Rusiyanı güclü, müstəqil, qüdrətli dövlət qismində görmək istəmir. Qərb üçün ən əlverişli variant, Rusiyanın sadəcə xammal bazası olmasıdır. Onlar Rusiyanı bu cür görürlər.

Amma Rusiya bununla razı deyil. Çünki Rusiya çox böyük siyasi-mənəvi və etnik gücdür və bu gücünü itirmək istəmir. Yəni konstitusiyaya edilən dəyişikliklər Putinin hakimiyyətinin yox, ümumiyyətlə hakimiyyət vertikalının güclənməsinə xidmət edən bir məsələdir. Rusiya bunun vasitəsilə hakimiyyəti daha əlverişli, mütəhərrik, çevik, çağırışlara effektli və operativ cavab verə bilən sistemə çevirməyi qarşısına məqsəd qoyub.

- Bəs hər tərəfdən müqavimət və hücum qarşısında qalan Rusiya öz gücünü saxlaya biləcəkmi?

- Saxlayacaq! Dünyada azsaylı dövlətlər var ki, ona hücum edənləri assimilyasiya edirlər. Adətən ilhaq və müstəmləkə tarixi göstərir ki, ilhaq və istilaya uğrayan dövlət özünün siyasi sistemindən tutmuş, mənəvi dəyərlər kodeksinə qədər hər şeyi onu əzənlərin xeyrinə dəyişib. Məsələn, Hindistandan tutmuş, Meksika və Avropanın bir sıra dövlətlərinə qədər. Amma Rusiya elə bir ölkədir ki, onu işğal edən imperiyalar müəyyən müddətdən sonra, məsələn, üç əsrdən sonra məğlub olaraq geri çəkilib. Rusiyanı müharibədə udmaq qeyri-mümkündür. Bunu tarix göstərir ki, Rusiya ilə güc dilində danışmaq effekt vermir. Rusiya heç vaxt parçalanmayıb, heç vaxt zəif olmayıb. Çünki Rusiyanın əsrlərdən gələn dövlət ənənələri var. Əvvəllər knyazlıqlar və ayrı-ayrı feodal quruluşlar şəklində olub, amma Rusiya birləşməyi bacarıb.

Rusiyanın rəqibləri həddən artıq çoxdur. Məsələn, Çin özünü müttəfiq kimi göstərsə də, Sibirə qədər olan əraziləri – Uzaq Şərqi özünün maraq dairəsinə daxil edib. Yaponiya da Saxalin, Kuril adaları və digər əraziləri öz maraq dairəsinə alıb. İsveç və Norveç Şpispergen arxipelaqı, Frans İosif torpağı və Arktikanın şimalını öz maraq dairəsində sayır.

Pakistan və İran açıq deməsələr də, bütün Orta Asiyanı və Rusiyanın cənubunu Başqırdıstan, Çuvaşetiya və Tatarıstana qədər öz maraq dairələrinə daxil edib. Türkiyə Cənubi Qafqazı öz maraq dairəsində sayır. Bunları sadalamaqla bitməz. Məqsəd budur ki, Rusiya parçalanmalıdır və Lüksenburq Knyazlığı qismində Moskva qalmalıdır. Amma bu, belə olmayacaq.

Rusiya plastik taktika və elastik strategiya ənənələrinə malik bir ölkədir. Rusiya nə qədər çox təzyiq olunursa, o qədər möhkəmlənir, güclənir. Bu paradoksdur. Tarixçilər buna “Rusiya paradoksu” deyirlər. Məsələn, ABŞ 1986-cı ilədən bəri Rusiyanı zəiflətməyə çalışsa da, amma gördük ki, Rusiyanın hərbi sənaye kompleksi, emal-istehsal sənayesi sürətlə inkişaf etdi, yəni gözlənilənin tam tərsi oldu. İndi də OPEK-də söz sahibi olan iki dövlət var: Rusiya və Səudiyyə Ərəbistanı. On beş il bunu kimə desəydiniz, inanmazdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər