Bu, Qərbin Rusiyaya qarşı hazırladığı güclü siyasi gediş idi. Rusiyanın yürütdüyü siyasət Qərbin xoşuna gəlmədiyi üçün onu cəzalandrmaq istədilər və bunu bacardılar. İkinci Dünya müharibəsində qələbənin əldə edilməsində kimin daha çox rolu olması barədə ciddi qarşıdurma var. Bu məsələdə Qərblə Rusiyanın fikirləri üst-üstə düşmür. Qərb istəmir ki, bu məsələdə Rusiyanı qələbənin vahid lideri kimi qəbul etsinlər. Bu səbəbdən də qarşıdurma davam edir. Bu konteksdə keçmiş SSRİ ölkələrinin əksəriyyətinin Moskvada keçirilən parada getməməsi maraq doğurur.
Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev bu gün Moskvada II Dünya Müharibəsində qələbənin əldə edilməsi münasibəti ilə keçirilən hərbi parad və orada əksər ölkələrin dövlət və hökumət başçılarının iştirak etməməsini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Azərbaycanın pandemiya ilə əlaqədar paradda müdafiə naziri səviyyəsində təmsil olunması anlaşılandır: "Eyni zamanda Bakı qəhrəman şəhər olmalı idi, amma bu statusu Bakıya vermədilər, buna qısqanclıqla yanaşdılar. Amma buna baxmayaraq Azərbaycan paradda müdafiə nazirinin başçılığı altında hərbi heyətlə iştirak edir. Üstəlik müharibə veteranlarımız da parada qatılıb. Bu, prezidentin verdiyi qərardır və dəstəkləyirəm. Unutmayaq ki, Rusiya həm də həmsədr dövlətdir və bizim ərazi bütövlüyümüzün bərpa olunmasında çox zəif iştirak edir”.
Mütəxəssis xatırladıb ki, Ermənistan hökumət başçısının parada qatılmaması birmənalı Rusiyanı saymamaqdır: “Nəzərə almaq lazımdır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan isə Rusiya ilə hər hansı bir hərbi blokda yoxdur. Ermənistan Rusiya ilə hərbi müttəfiq olmasına baxmayaraq Moskvaya getməməsi artıq Rusiyaya dirsək göstərməsi və Qərbə yarınmaqdır”.
C.Nuriyev vurğulayıb ki, Rusiyanın indiki siyasəti MDB ölkələrinin çoxunu qane etmir: "Üstəlik bəllidir ki, MDB ölkələrinin çoxu bu parada qatılmayıb. Baltikyanı ölkələr bunu qəbul etmir. Ukrayna və Gürcüstan MDB-dən çıxıb. Rusiyanın Belarusla böyük problemi var və indi Minsk demək olar ki, əks-cəbhəyə keçib. Ukraynanın gördüyü problemi Belarus da görə bilər”.
Xatırladaq ki, Moskvada keçirilən paradda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ad gününü əsas gətirərək iştirak etməyib.
Xorvatiya Prezidenti Zoran Milanoviç isə təyyarəsinin xarab olması səbəbindən parada qatıla bilməyib.