Teleqraf.com saytının suallarını Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
– Fazil bəy, iyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri, parlamentin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə videokonfrans formatında keçirilən görüşlə bağlı fikirlərinizi bilmək istərdik...
– Qeyd etdiyiniz dialoq-görüş dövlətin siyasi partiyalara verdiyi önəmin daha bir göstəricisi sayıla bilər. Görüşdə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və 9 siyasi partiya təmsilçisi ölkə prezidentinin nümayəndəsi ilə birgə kifayət qədər geniş və fərqli mövzularda maraqlı və məhsuldar müzakirə apardılar.
Qeyd edim ki, bu, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla geniş formatda keçirilən ikinci görüş idi. Hələ mart ayında – VI çağırış Milli Məclis yeni fəaliyyətə başlayanda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə belə bir görüş keçirilmiş və orada siyasi partiyaların parlamentdə fəaliyyətinin daha da genişləndirilməsi və aktivləşdirilməsi kimi məsələlər müzakirə olunmuşdu. İyulun 7-də keçirilən videokonfrans bu müzakirələrin bir növ davamı idi.
– Görüşün səmərəli keçdiyini söyləyə bilərikmi?
– Bu görüşə qədərki mühit artıq müzakirələrin formatının səmərəli olacağını deməyə əsas verirdi. Çünki Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev dialoq çağırışına cavab verən demək olar ki, bütün siyasi partiya sədrləri və ya təmsilçiləri ilə ayrı-ayrılıqda görüşərək həm onların problemləri, həm də ölkənin aktual məsələlərinə münasibətləri barədə müzakirələr aparmışdı. İyulun 7-də keçirilən videokonfransda Ədalət Vəliyev bir maraqlı məqama da diqqət çəkdi. O bildirdi ki, Azərbaycanda sonuncu dəfə 2011-ci ildə siyasi partiya dövlət qeydiyyatına alınıb. Lakin 2020-ci ilin son üç ayında 7 siyasi partiya dövlət qeydiyyatına alınıb ki, bu da öz-özlüyündə dialoqun konkret nəticələrindən sayıla bilər.
Digər tərəfdən ötən müddət ərzində Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin Milli Məclis rəhbərliyində, komitə sədri və komitə sədrinin müavini vəzifələrində təmsil olunması da məhz bu dialoq prosesi nəticəsində mümkün olub. Ədalət Vəliyev bildirdi ki, yeni növ koronavirus pandemiyasının yaratdığı obyektiv çətinliklər bu istiqamətdə çalışmaların tempini müəyyən dərəcədə azaltmış olsa da, proses davamlı xarakter daşıyır. Vaxtaşırı olaraq həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiyalarla hakimiyyət təmsilçiləri arasında konstruktiv müzakirələr davam etməkdədir.
– Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin videokonfransla bağlı yaydığı məlumatda sizin çıxışınız zamanı pandemiya dövründə siyasi partiyaların davranışlarını təhlil etdiyiniz qeyd olunub. Təhlildə əksini tapan başlıca məqamları oxucularımız üçün də açıqlaya bilərsiniz?
– Videokonfransda Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev tərəfindən söylənən giriş nitqin ardınca bütün siyasi partiya rəhbərləri pandemiya dövründə yaranan problemlərə, iqtidar-müxalifət münasibətlərinin hazırkı vəziyyətinə, görüşlərin gələcək formatına dair öz münasibətlərini ortaya qoydular.
Təklif olundu ki, görüşün yekunu olaraq siyasi partiyalar tərəfindən birgə bəyanat qəbul edilsin və bu təşəbbüs hamı tərəfindən bəyənildi. Mən müzakirə zamanı daha çox koronavirus pandemiyası dövründə siyasi partiyaların fəaliyyəti üzərində dayandım. Bütün siyasi partiyaların bu ağır günlərdə öz təşəbbüs və təklifləri ilə vətəndaşların sağlamlığının qorunması, hökumətin gördüyü tədbirlərin dəstəklənməsi, prosesin qanunvericilik bazasının çevik tənzimlənməsi istiqamətində çalışmalarının qaneedici olduğunu bildirdim. Qeyd etdim ki, bu mübarizədə dövlətin gördüyü tədbirlərlə yanaşı, siyasi partiyaların fəaliyyətinin də mühüm rolu var. Eyni zamanda çıxışım zamanı Milli Məclisdə müzakirə mühitinin demokratikləşdirilməsinin siyasi partiyaların fəaliyyətində də bir canlanma yaratdığını vurğuladım. Bu kimi müsbət məqamlarla yanaşı neqativ təzahürlərə də diqqət yetirdim. Bu, ilk növbədə siyasi partiyaların bir siyasi orqanizm kimi proseslərdə aktiv rol ala bilməməsi, daha çox onların rəhbərlərinin fərdi fəaliyyətinin qabarıq olması ilə bağlı idi.
Milli Məclisdə siyasi müxalifət haqqında qanunun qəbul olunmamasının da siyasi partiyaların inkişafına mənfi təsir göstərdiyini vurğuladım. Qanunvericiliyin tələblərinə görə hazırda daha çox “parlament azlığı” ifadəsi populyardır. Bu isə siyasi baxımdan natamamlıq yaradır. Çünki burada mandat qazanmış 8 siyasi partiyadan bir neçəsi iqtidaryönlü olduğunu bəyan edib, haradasa 4 siyasi partiya müxalifət partiyası olduğunu bildirib. Belə bir durumda iki siyasi terminin gündəmə gətirilməsi siyasi müxalifətin çərçivəsinin müəyyənləşdirilməsi baxımından önəmlidir; parlament müxalifəti və parlamentdənkənar müxalifət. Bu müddəalar qanunvericilikdə öz əksini tapmalıdır və siyasi partiyaların fəaliyyəti də bu çərçivə qanunu ilə tənzimlənməlidir.
Digər tərəfdən siyasi partiyaların sosial şəbəklərdə rolunun xeyli zəif olduğu, buradakı qaragüruhçu zehniyyətə qarşı nə hakim partiyanın, nə də digər siyasi partiyaların təsir gücünün ortaya qoyulması faktına diqqət yönəltdim. Dialoqdan kənarda qalmağı düşünən siyasi qüvvələrin davranışlarının da ilk növbədə onların özləri üçün mənfi imic yaradacağını vurğulayaraq, bu çətin günlərdə dövlətə qarşı barışmazlıq sindromunun davam etməsinin zərərli nəticələrini göstərməyə çalışdım. Bu formatda görüşlərin davam etməsinin, ölkə həyatına dair aktual mövzuların siyasi partiyalarla birgə platformada müzakirəsinin faydalı olacağını diqqətə çatdırdım. Çıxışımın əsas tezisi bundan ibarət idi ki, ölkədə siyasi münasibətlərin mədəni səviyyəsinin yüksəlməsi partiya demokratiyasının inkişafından çox asılıdır.
– Bu kimi görüşlərin keçirilməsinin Azərbaycan siyasi mühitini sağlamlaşdırdığını demək olar?
– Hesab edirəm ki, bu kimi görüşlər ölkədə siyasi münasibətlərin keyfiyyətinə öz təsirini mütləq göstərəcək. Ümumilikdə bu kimi görüş və müzakirələrin ölkə prezidenti tərəfindən dəstəklənməsi və orada səslənən təkliflərin xeyli hissəsinin qəbul edilərək real qərarlarda öz əksini tapması çox yaxşı haldır.