9 İyul 2020 19:25
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan danışıqlar prosesində sadəcə olaraq görüntü xatirinə iştirak edir. Bunu biz hər ötən gün daha aydın şəkildə müşahidə edirik.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı məqam ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun üzərinə götürdüyü missiya ilə sərgilədiyi mövqe arasında ciddi ziddiyət mövcuddur.

Deputat qeyd edib ki, Minsk Qrupunun münaqişənin dinc yolla həlli üçün bir vasitəçi olaraq üzərinə düşən müəyyən vəzifə və məsuliyyət var: "Hər şeydən öncə onlardan tələb edilən odur ki, münaqişə ilə bağlı obyektiv mövqe sərgiləsin. ATƏT-in Minsk Qrupu yarandığı gündən biz onun obyektivliyini müşahidə etməmişik. Obyektiv mövqe ondan ibarətdir ki, Ermənistan Azərbayacn torpaqlarını işğal edib və bu gün də bu işğalı davam etdirir”.

Millət vəkili bildirib ki, biz ATƏT-dən bu münaqişə ilə bağlı gerçəkliyi səsləndirdiyini eşitməmişik:
“Əgər vasitəçiliyi həyata keçirən subyekt münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe nümayiş etdirmirsə, onun vasitəçiliyi səmərəsiz olacaq. Ermənistan bir tərəfdən münaqişənin dinc yollarla tənzimlənməsinin tərəfdarı olduğunu bəyan edir, digər tərəfdən isə işğalçı ölkənin baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” kimi absurd bir ifadəni işlədir. Əgər Paşinyan belə bir absurd ifadə işlədirsə, onunla münaqişənin hansı prinsiplərindən danışmaq olar?! Münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənə bilər. Bu gün formalaşmış beynəlxalq mövqe ondan ibarətdir ki, münaqişənin tənzimlənməsi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş tuta bilər.

Amma Paşinyan absurd bəyanatlar səsləndirir, beynəlxalq təşkilatlar isə ona reaksiya vermir. Reallıqda isə ona bildirilməli idi ki, onun səsləndirdiyi fikirlər bütövlükdə ATƏT-in Minsk Qrupunun keçirdiyi missiyaya ziddir. Bu açıqlama bu günə qədər olan işlərin əhəmiyyətini də sıfıra endirir. Cənab prezident İlham Əliyevin də sərgilədiyi mövqe ondan ibarətdir ki, Azərbaycan danışıqlar naminə danışıqlar aparmayacaq: “Bizim Ermənistana ən böyük güzəştimiz onlarla danışıqlara getməyimizdir".

Elşad Mirbəşiroğlu vuröulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər hərbi gücə malikdir: "Dövlətimiz hərbi gücdən istifadə etməyib Ermənistanla danışıqlara gedirsə, biz onlara çox böyük güzəşt etmiş oluruq. Dövlət başçısı BMT nizamnaməsində də istinad edərək vurğuladı ki, biz öz ərazi bütövlüyümüzü istədiyimiz yolla təmin etmək iqtidarındayıq. Çünki Prezident də qəti şəkildə diqqətə çatdırdı ki, Azərbaycan öz hərbi qüdrətinə əsaslanaraq işğala birdəfəlik son qoyacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər