13 İyul 2020 12:51
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat göstərir ki, Ermənistan nəinki danışıqlar aparmağa, tam əksinə, vəziyyəti gərginləşdirməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu məlum təxribatla bağlı şərhində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev 2019-cu ilin yekunlarını şərh edərkən qeyd etmişdi ki, ötən il Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı “itirilmiş il” hesab olunmalıdır:

“Mərkəzimiz hələ 2019-cu ilin sentyabrında iki ölkənin post-danışıqlar mərhələsinə daxil olduğunu açıqlamışdı. Ümumiyyətlə, İrəvan hər hansı substantiv danışıqlardan boyun qaçırırdı. Buna baxmayaraq Azərbaycan dünya ictimaiyyətinə öz xoş niyyətini nümayiş etdirərək danışıqları davam etdirmişdi. Lakin 2020-ci il yanvarın sonunda Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin apardığı danışıqların uğursuz nəticələri yenə də sübut etdi ki, Ermənistan hökumətinin destruktiv mövqeyi dəyişməyib.

Daha sonra aprel-may aylarında COVID-19 pandemiyasının yaratdığı böhranla əlaqədar Ermənistan hökumətinin yay aylarında təxribat cəhdlərinə əl atacağı barədə tərəfimizdən proqnoz verilmişdi. Təxribatın münaqişə ilə bağlı təmas xəttində deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verməsi onu göstərir ki, İrəvan üçüncü dövlətin və yaxud qurumun cəlb olunmasına nail olmaq istəyir”.

Fərid Şəfiyev qeyd edib ki, belə olan şəraitdə hər hansı imitasiya tipli danışıqların davam etdirilməsi mənasızdır və cəbhə bölgəsində etimad tədbirləri (confidence building measures) yalnız status-kvonun saxlanılmasına xidmət edir:

“Eyni zamanda, hazırkı mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın addımları hərtərəfli, düşünülmüş olmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğunun inkişafı, o cümlədən ordu potensialının güclənməsi, xarici siyasət sahəsində nailiyyətlər (buna sonuncu misal kimi prezidentin təşəbbüsü ilə çağırılan BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının açılması) və digər sahələrdə islahatlar dövlətçiliyin möhkəmlənməsinə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına xidmət edir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər