13 İyul 2020 21:37
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni təxribatı ilə bağlı iki əsas istiqamətə diqqət etməliyik. Ermənistanda bu gün son dərəcədə gərgin durum mövcuddur. Paşinyan hakimiyyətinə qarşı inamsızlıq, ona qarşı güclü hücumlar və etirazlar davam edir. İşğalçı ölkə baş nazirinin yarıtmaz fəaliyyəti, hakimiyyətə gəlməmişdən öncə verdiyi vədlərin heç birisini yerinə yetirməməsi onun dairəsini günü-gündən kiçildir. Bütün bunlar fövqündə Ermənistan cəmiyyətini, ona qarşı olan qüvvələrin diqqətini yayındırmaq üçün Paşinyan növbəti hiyləyə əl atdı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Deputatın sözlərinə görə, digər bir tərəfdən Ermənistan düşdüyü belə bir durumda həmişə olduğu kimi yenidən müxtəlif dövlətlərə yardımlar üçün müraciətlər etməyə başlayıb:

“Onlar müraciət etdiyi qrumlardan biri məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Çünki Ermənistan bu təşkilatın üzvüdür. Onlar bütün imkanlardan yararlanmaqla bu təşkilat üzvlərinin diqqətini cəlb etməyə çalışırlar. Diqqəti ona yönəltmək istəyirlər ki, guya Azərbaycan Ermənistan ərazilərinə müdaxilə edir. Ermənilərin məqsədi budur ki, KTMT-dan yardım, kömək alsın. Eyni zamanda çalışırlar ki, bu təşkilat vasitəsi ilə Azərbaycana təzyiq göstərsinlər".

Elman Məmmədov bildirib ki, məhz bu səbəbdən də riyakar ermənilər təmas xəttində deyil, Azərbaycanla sərhəd məntəqələrində təxribata əl atırlar:

“Qazax, Tovuz, Naxçıvan istiqamətində vaxtaşırı biz bu cür təxribatları müşahidə edirik. Məqsəd də üzv olduqları təşkilatın diqqətini özünə yönəltmək və onlardan kömək almaqdır”.

Millət vəkili qeyd edib ki, KTMT-nin da nceə bir təşkilat olduğu hər kəsə məlumdur:

“Bu təşkilatda da ermənilərin yeganə ümidi Rusiyadır. Çünki nə Belarusiya onlara yardım edəcək, nə də ki, digər dövlətlər. Ermənilər həmişə olduğu kimi yenə də Rusiyadan kömək umur. Məqsədləri də heç bir qarşılıq olmadan silah-sursat almaq və Azərbaycana təzyiqlər göstərməkdən ibarətdir. Ermənilər hay-küy salaraq demək istəyirlər ki, guya Azərbaycan bunların ərazilərinə müdaxilə etmək istəyir. Əslində isə reallıqda bu hal baş vermir. Azərbaycanın heç bir dövlətin bir qarış torpağına iddiası yoxdur. Baxmayaraq ki, indiki işğalçı Ermənistan dövləti məhz tarixi Azərbaycan torpaqlarında yaradılıb. Azərbaycanın yeganə məqsədi 30 ilə yaxındır ki, işğal altında qalan ərazilərimizi işğaldan azad etməkdən ibarətdir. Bunu da çox yaxın zamanlarda edəcəyimizə heç kəsdə şübhə olmasın”.

Deputatın sözlərinə görə, baş verənlər ermənilərin məyusluğu ilə bitdi:

“Tovuzda törətdikləri təxribatın qarşılığında ciddi itkilərə məruz qaldılar. 30-dan artıq erməni əsgəri məhv edildi, xeyli sayda hərbi texnika və silah, sursatları sıradan çıxarıldı. Dayaq məntəqələri dağıdılmaqla düşmən layiqli cəzasını alaraq geri otuzduruldu. Beləliklə də, məqsədlərinə nail ola bilmədilər”.

Elman Məmmədov əlavə edib ki, bu, ermənilər üçün növbəti bir dərs oldu:

“Ancaq bunula da biz kifayətlənməməliyik. O zaman biz tam qane olarıq ki, Azərbaycan Qazaxdan başlamış Naxçıvana qədər bütün istiqamətlərdə xüsusilə Qarabağ cəbhəsində, təmas xəttində düşmənə sarsıdıcı, məhvedici zərbələr vurmaqla bu mənfurları torpaqlarımızdan çıxarsın. Sonda isə ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı verirəm. Yaralı əsgərlərimizə də Allahdan şəfa diləyirəm”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər