15 İyul 2020 01:21
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bu gün də Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizəmizə töhfə verməyə davam edir. Bəzi ölkələr FETÖ-nun yaratdığı təhlükəni hələ də dərk etmir və ya dərk etmək istəmir. FETÖ ilə mübarizə təşkilatın son üzvü təmizlənənə qədər davam edəcək.

Teleqraf.com-un suallarını Türkiyə Cümhuriyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral cavablandırıb. Müsahibəni təqdim edirik.

– Cənab səfir, Türkiyə Cümhuriyyətinin tarixinə millətin zəfər günü kimi yazılmış 15 iyul çevrilişə cəhd hadisəsindən 4 il keçir. İstərdik həmin günlərdəki şəxsi yaşantılarınızı oxucularımızla bölüşəsiniz...

– Türkiyənin 15 iyul mənfur çevriliş cəhdi üzərindəki demokratiya qələbəsindən 4 il keçir. Bu qələbə dövlətimiz, hökumətimiz və xalqımızın böyük iradəsi ilə dövlətimizin əbədiliyinə və ölkəmizin demokratik birliyinə qəsd edən xəyanətkar terror təşkilatı FETÖ-yə qarşı mübarizədə qazanılıb. 251 vətəndaşımızın şəhid, 2196 vətəndaşımızın da qazi olduğu o uzun qaranlıq gecənin ağrı-acısı hələ də ürəyimizdədir. O gecə hamımız çok kədərli səhnələrə şahid olduq. Millətəmizin qəhrəmanlığı da hələ xatirələrimizdədir. Xalqımız həmin gecə cənab prezidentimizin çağırışına səs verərək meydanlara axışdı və tək vücud olaraq demokratiyamıza sahib çıxdı. Tankların qarşısında özünü demokratiyaya sipər etdi. Bu az təsadüf edilən cəsarət nümunəsidir. Xalqımızın qəhrəmanlığı heç bir zaman unudulmayacaq.

Türkiyə Böyük Millət Məclisi bombalandığı zaman parlamentdə təmsil olunan bütün partiyalardan olan millət vəkillərimiz ölümü göz altına alaraq məclisə doğru qaçdılar. Demokratiya növbəsi o gecə səhərə qədər bütün vətəndaşlarımızın qəhrəmanlığı ilə davam etdi və təhlükəsizlik qüvvələrimiz ilə birlikdə bu bəlanı dəf etdik. Bütün bu prosesdə xalqımız, hökumətimiz, siyasi partiyalarımız və media orqanlarımız tam həmrəylik şəraitində hərəkət etdilər. Qısacası hamımız gördük ki, dövlətin əbədiliyi məsələsi qarşıda durduqda millətimiz hər zaman bir səs, bir yumruq kimi hərəkət etməyi və düşmənləri məhv etməyi çox yaxşı bilir. O uzun gecənin səhəri hamımız bu anlayışla oyandıq.

– O gecə Türkiyədə baş verənlər Azərbaycanda da böyük həyəcanla izlənilirdi. Azərbaycan xalqının və dövlətinin həmin günlərdə qardaş ölkəyə verdiyi dəstəyi necə qiymətləndirirsiniz?

– Azərbaycan bu çətin prosesdə hadisələrin əvvəlindən bəri yalnız öz qardaşının deyil, eyni zamanda həqiqətlə eyni cərgədə duraraq bütün dünyaya nümunə oldu. Azərbaycanın ən yüksək səviyyədə – Prezident cənab İlham Əliyev tərəfindən və Xarici İşlər Nazirliyinin açıqlaması ilə bəyan etdiyi dəstək və həmrəylik unudulmayacaq. O gecə qardaş Azərbaycan xalqı vətəndaşlarımızla birlikdə səfirliyimizin qarşısına gələrək həmrəylik nümayiş etdiriblər. Bu prosesdə Azərbaycanın istər dövləti, istərsə də qardaş xalqı ilə Türkiyəyə verdiyi dəstək “Bir millət, iki dövlət” ruhunun canlandığı formasıdır. Bunu heç bir zaman unutmayacağıq.
Azərbaycan, həmçinin, FETÖ terror təşkilatı ilə mübarizə məsələsində Türkiyəni dəstəkləyən ölkələrin ilk sırasında gəlir. Bu xəyanətkar terror təşkilatı özünə yalnız Türkiyə Respublikasını deyil, başqa ölkələri də hədəf seçib və məqsədi bu dövlətləri də ələ keçirməkdir. Təşkilatın qlobal hədəfləri və bu hədəflərə uyğun strukturları vardı. Bu səbəbdən təşkilatla mübarizənin beynəlxalq miqyasda aparılması məcburidir. Bu sahədə son dörd ildə böyük məsafə qət etmişik. Qət ediləcək daha mühüm bir yol var. Bəzi ölkələr təşkilatın yaratdığı təhlükəni hələ də dərk etmir və ya dərk etmək istəmir. Bu ölkələrə təşkilatın nə olduğunu başa salmağa davam edəcəyik.
Azərbaycan bu mübarizədə ilk günlərdən bizə böyük dəstək verdi və nümunəvi əməkdaşlıq nümayiş etdirdi. Bu gün də eyni anlayışla təşkilata qarşı mübarizəmizə öz töhfəsini verməyə davam edir.

– Türkiyə Cümhuriyyətinin müasir tarixində çoxlu sayda çevriliş və ya çevrilişə cəhd hadisələri olub. Sonuncu çevriliş cəhdi mütəşəkkil şəkildə hazırlansa da, onun həyata keçirilməsi mümkün olmadı. Belə ki, türk milləti ayağa qalxaraq onun baş tutmasına imkan vermədi. Əksər siyasi ekspertlər bu fikirdədirlər ki, bununla da Türkiyədə çevrilişlər yolu ilə siyasi hakimiyyəti ələ keçirmək dönəmi başa çatdı. Siz bu fikirlərlə razısınız, yoxsa Türkiyə gələcəkdə də bu cür cəhdlərdən sığortalanmayıb?

– XXI əsr Türkiyəsində heç kimin görəcəyini gözləmədiyi, hətta inanmaqda çətinlik çəkdiyi bu təcrübənin son dərəcə ağrılı tərəfləri olmaqla yanaşı Türkiyə bu prosesdən demokratiyası, siyasəti, ordusu ilə güclənərək çıxıb. Ötən dörd ildə bu virusu təmizləyərək bünövrəmizi möhkəmləndirdik və indi dövlətimizlə, xalqımızla dimdik ayaqdayıq. Türkiyə Cümhuriyyəti milləti və dövləti ilə birlik, bərabərlik və həmrəylik şəraitində hər müsibəti dəf edə biləcək qüdrətə malikdir. Türk xalqı o uzun qaranlıq gecədə bir vücud kimi ölkəmizdə artıq çevrilişlər dövrünün geridə qaldığını bütün dünyaya nümayiş etdirib.

FETÖ terror təşkilatı Türkiyədə 40 ilə yaxın müddət ərzində təşkilatlanıb, dövlətin ən strateji nöqtələrinə sızaraq dövləti ələ keçirməyə çalışıb. 15 iyuldan sonra çox sayda təşkilat üzvü ifşa edilərək ədalət divanına təhvil verilib. Eyni zamanda qanunlara uyğun olaraq inzibati tədbirlər görülüb. Xüsusilə Türkiyə Silahlı Qüvvələri, məhkəmələr, polis təşkilatı kimi güc strukturları təşkilatın hədəfi olub. Bu qurumlarda ciddi təmizlik aparılıb, təşkilatın üzvləri qurumdan kənarlaşdırılıb. Bu prosesin bütünlüklə başa çatdığını demək hələlik mümkün deyil. Lakin təşkilat gücdən düşürülərək bundan sonra aktiv ola bilməyəcək vəziyyətə gətirilib. Mübarizə təşkilatın son üzvü təmizlənənə qədər davam edəcək. Bu prosesdə təşkilat üzvləri özlərini güclü göstərmək üçün müxtəlif yolları sınaya bilərlər. Dövləti hədəf seçən digər strukturlaşmalarla birlikdə hərəkət edərək yeni aksiyalar keçirmə təşəbbüsü göstərə bilərlər. Ancaq bu təşəbbüslərə qarşı ən böyük təminatımız türk xalqının demokratiyaya, hüquq prinsiplərinə, qanunçuluğa və öz iradəsi ilə seçdiyi hökumətə bağlılığıdır. Türk milləti bu sədaqətini 15 iyul 2016-cı ildə ən bariz şəkildə isbatlayıbdır. Beləliklə, Türkiyədə xalq hakimiyyətinin demokratiyaya yad metodlarla dəyişdirilmə təşəbbüslərinə qətiyyən imkan verməyəcəyini sübut edib. Xalqın demokratik prinsiplərə bu sadiqliyi mənbəyindən asılı olmayaraq demokratiyaya qarşı təhdidləri zərərsizləşdirəcək ən mühüm gücdür.


Müəllif: Səxavət Həmid