Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən erməni təxribatından sonra Ermənistan hökuməti dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi. Az sonra KTMT-nin iclasının çağırıldığına dair informasiya yayılsa da, sonradan bəlli oldu ki, bu qurumun toplantısı təxirə salınıb.
Teleqraf.com xatırladır ki, KTMT hərbi blokdur və bu qurumda başda Rusiya olmaqla, təmsil olunan ölkələr Ermənistanın hərbi müttəfiqi hesab olunurlar. Amma ötən gün KTMT-nin iclasının çağrılmaması Ermənistanda ciddi etirazla qarşılanıb. Ermənistan parlamentinin bitərəf deputatı Arman Babadjanyan KTMT-dən narazılığını gizlətməyib. Deputat “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibəsində açıq elan edib ki, KTMT-nin toplantısı Azərbaycanın təzyiqləri sayəsində təxirə salınıb:
“Mən çox yaxşı başa düşürəm ki, elan edilən toplantı Azərbaycanın təzyiqi ilə ləğv edilə bilər. Sadəcə müttəfiqlərini və dost ölkələrini bu görüşün baş tutmamasına çağırdı. Bu həm də onu sübut edir ki, bu ittifaqda Rusiyadan başqa əslində Ermənistana dost ölkələr yoxdur. Buna görə də, bu ittifaq çərçivəsində Ermənistan ərazilərində qanun pozuntusu “törədən” Azərbaycana qarşı müvafiq qiymətləndirmə, münasibət və tədbirlər planının əldə edə biləcəyimizi gözləmək sadəcə mənasızdır”.