15 İyul 2020 15:45
1 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlarımıza dövlətimizə, Azərbaycan Ordusuna verdiyi dəstəyə, şəhid olan hərbi qulluqçularımızın ruhuna böyük ehtiramına görə dərin minnətdarlığımı bildirirəm. Dünən insanlar küçələrə çıxaraq müharibəyə hazır olduqlarını, birlik və bərabərlik nümayiş etdirdilər. Vətənpərvərlik göstərən insanların bu əzmi qürurverici idi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova bildirib.

Komitə sədri birlik nümayişi zamanı təxribata əl atılmasına təəssüfləndiyini bildirib: “Əfsuslar olsun ki, burada da öz məqsədlərini güdən, düşmən dəyirmanına su tökən bir qrup insanın hərəkətləri, səsləndirdikləri şüarlar oraya toplaşan insanların ümumi məqsədinə -dövlətə və orduya dəstəyinə uyğun deyildi. Hansısa qüvvələrin təxribatı nəticəsində dövlətin qanunverici orqanının binasına daxil olmaq, polis əməkdaşları ilə konflikt yaratmağa çalışmaq, hadisələri gərginləşdirmək o insanların əsl simasını göstərdi. Gəlin, bir məsələni unutmayaq, Ermənistan tarixin bütün dövrlərində öz çirkin əməllərini həyata keçirməyə çalışıb. Bu gün dünya qlobal pandemiya ilə mübarizə aparır və dövlətlərin birgə səylərinin gücləndirilməsini tələb edir. COVID-19 Ermənistana öz dərin təsirini göstərir və bu təsirlərdən xalqın diqqətini yayındırmaq üçün Ermənistan rəhbərliyi bu cür təxribatçı əməllərə əl atır”.

Hicran Hüseynova qeyd edib ki, hazırda Ermənistanla yanaşı gözəgörünməz düşmən olan koronavirusla mübarizə aparırıq: “Bu çətin zamanda insanlar daha da birlik nümayiş etdirməli, həmrəy olmalıdır. Təbii ki, təxribatçı qüvvələr öz çirkin niyyətlərinin dalınca qaçaraq hər vasitəyə əl atacaqlar. Biz açıq bir hədəfə - düşmənlə mübarizəyə fokuslanmalıyıq. İnsanlar bunu başa düşməli, hər hansı təxribata uymamalıdır”.

Millət vəkili vurğulayıb ki, dünən bir qrup insanın etdiyi hərəkətlər canını bu torpaq, xalq uğrunda fəda verən şəhidlərin ruhuna hörmətsizlikdir:

“Bir daha dövlətimizə, onun rəhbərinə, ordumuza dəstək olan insanlarımızı təxribat törətməyə çalışan qruplardan uzaq olmağa çağırıram. Gəlin, imkan verməyək ki, anti-milli qruplar ordumuzun gücünə, zəfərinə, insanlarımızın vətənpərvərlik hisslərinə, onun dəstəyinə kölgə salsınlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər