21 İyul 2020 18:40
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 2021-ci il üçün Azərbaycana hərbi məqsədlər naminə 20 milyon dollar vəsait ayırıb. ABŞ-dakı erməni lobbi təşkilatları uzun müddət idi ki, erməni və yunan lobbisinin köməyi ilə Konqresin bu qərarını ləğv etməyə, eyni zamanda bu yardımın Ermənistana ayrılmasına səy göstərirdilər. Amma gözlənilməz hadisələr baş verdi. Belə ki, Amerikanın siyasi rəhbərliyi bu bölgə üçün yeni siyasi məruzə hazırlayıb və həmin məruzəni konqresmenlərin diqqətinə çatdırıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, məruzədə Ermənistanın Rusiya ilə birləşərək bu bölgədə ABŞ və onun əsas müttəfiqlərinin birləşdiyi NATO-ya qarşı mübarizə apardığı bildirilir. Bu məqsədlə ölkə ərazisində Rusiyanın hərbi bazası yerləşir:

“ABŞ administrasiyası bununla konqresmenlərə başa saldı ki, siz hansı dövləti müdafiə edirsiniz? Siz bilmirsiniz ki, Ermənistan Rusiyanın forpostudur? Beləliklə qeyd edilir ki, əslində Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu baxımdan Konqresin qəbul etdiyi düzəliş çox böyük hadisədir. Təsəvvür edin ki, yunan və erməni lobbisi, üstəlik Amerikadakı müxtəlif erməni təşkilatları, hətta öz əndamı ilə “böyük uğurlara” imza atmış Kim Kardaşyan da bu prosesə qoşulub və Azərbaycana hərbi yardım edilməsinin qarşısının alınması və bu yardımın Ermənistana göndərilməsi barədə aparılan təbliğat kampaniyasında iştirak edib”.

Q.Hüseynli qeyd edib ki, ABŞ həqiqəti olduğu kimi deməyi bacaran ölkədir:

“Burada lobbiçilik fəaliyyətinə də icazə var. Biz burada Azərbaycanla bağlı həqiqətin ortaya çıxmasında yəhudi lobbisinin Azərbaycana verdiyi dəstəyi minnətdarlıqla yad etməliyik. Yəni, Amerikada yəhudi lobbisi yeganə lobbidir ki, heç kimə dəstək vermir. Daha çox doğrulara imza atmağa çalışır. Azərbaycanla da çox xoş münasibəti var. Məhz yəhudi lobbisinin sayəsində həm Amerikanın siyasi rəhbərliyi, həm də Konqress bu bölgədə baş verən hadisələr haqqında doğru-dürüst məlumat əldə etdi və Konqresin tarixi bir ədalətsizliyə imza atmasına imkan vermədilər”.

Qeyd edək ki, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını federal səviyyədə ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilib.

Düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət katibi Müdafiə katibi ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər