23 İyul 2020 00:09
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi təkcə Azərbaycan hərbçilərini deyil, Azərbaycan kəndlərini də atəşə tutub və bunun nəticəsində hərbçilərimizlə yanaşı, 76 yaşlı mülki şəxs də həlak olub.

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş katibi Antonio Quterreşlə telefon söhbətində bildirib.

"Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində Ermənistanın hücumunun qarşısı alınıb və hazırda vəziyyət nisbətən sabitləşib. Prezident İlham Əliyev vurğulayıb ki, toqquşmalar işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan uzaq məsafədə baş verib və Azərbaycanın Ermənistan ərazisində hərbi məqsədləri yoxdur. Biz sadəcə öz ərazilərimizi və insanlarımızı qorumalıyıq və qoruyuruq", - Prezident vurğulayıb.

Dövlətimizin başçısı BMT Baş katibinin fikri ilə razı olduğunu bildirib ki, status-kvo həmişəlik davam edə bilməz və qeyd edib ki, Azərbaycan həmişə danışıqlar masası arxasında konstruktiv mövqedə olub. Lakin Ermənistan Baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı və digər tərəfdən onun “Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsi danışıqlar prosesini ciddi şəkildə təhlükə altına salır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər