Ermənistanda sağlam düşüncə hakim olmasa belə, başa düşürlər ki, başqa ölkənin ərazisini işğal ediblər. İşğal etdikləri ərazidə qurulan separatçı rejimin müstəqilliyini tanımağa isə cürət etmirlər. Çünki bu halda regionda şərtlər tamamilə dəyişə bilər.
Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüeyn Əlibəyli dünən Balakən rayonun səfər edən Prezident İlham Əliyevin Ermənistan hökumətinə göndərdiyi mesajları qiymətləndirərkən deyib.
Prezident İlham Əliyev Baləkəndə bəyan edib ki, Azərbaycan heç vaxt Qarabağdakı separatçılarla danışıqlar aparmayacaq, çünki “Dağlıq Qarabağ respublikası” yoxdur, bu “respublika"nı heç kim tanımır: “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli, qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir”.
Qulamhüseyn Əlibəyli xatırladır ki, 1990-cı ildə Ermənistanın yeni konstitusiyası qəbul edilib: “Həmin vaxt Ermənistan parlamenti qərar verdi və bu qərarla Dağlıq Qarabağ Ermənistan ərazisinin “tərkib hissəsi” hesab olundu. Onların baxışlarına görə, Dağlıq Qarabağ hüquqi baxımdan Ermənistanın “tərkib hissəsidir”. Ondan sonra müəyyən müddət keçsə də, bu qərar dəyişməyib.
Amma qəribədir ki, hətta belə bir qanunsuz qərarın olmasına baxmayaraq Ermənistan faktiki Dağlıq Qarabağı özündən kənarda saxlayır və ayrı “dövlət” olduğu anlayışını guya ortaya qoyur. Məncə, Ermənistan bilir ki, Dağlıq Qarabağda qurulan saxta respublika dünya dövlətləri tərəfindən tanınmayacaq və qəbul edilməyəcək. Ona görə də özü qabağa düşmür, ilk addımı özü atmır. Elə çalışır ki, bölgədə status-kvo bu formada davam etsin.
Məhz qeyd etdiyim səbəblərdən Ermənistan işğal edilən ərazilərimizdə qurulmuş saxta rejimin müstəqilliyini nə özü tanıyır, nə də başqalarının tanıyacağına inanır”.
Partiya sədrinin fikrincə, Azərbaycan prezidentinin son çıxışı Ermənistana mesajdır: “Bu mesaj ondan ibarətdir ki, əgər özünüz qurduğunuz bu saxta rejimi rəsmən tanımırsınızsa, deməli, bu əraziləri işğal etdiyinizi özünüz də bilirsiniz. Və bu torpaqları geri qaytarmalı olacaqsınız”.