6 Avqust 2020 18:11
2 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb Belarusda “rəngli inqilab” reallaşdırmaq istəyir. İrəvan ssenarisini Belarusda həyata keçirmək məqsədləri var. Tixanovskaya da bunun üçün ideal namizəddir”.

Jurnalist Elçin Alıoğlu belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Livanın paytaxtı Beyrutda baş verən partlayış ətrafında maraqlı müzakirələr gedir. Bunun təsadüf olduğunu deyənlər də var, xarici müdaxilə fikrini irəli sürənlər də. Sizcə, baş verənlər nədən qaynaqlanır?

- Əslində, bu nə təsadüfdür, nə də müdaxilə. Livanın son illərdə, daha doğrusu 2008-ci ildən bəri yaşadığı proseslər, habelə bu ölkəni təhlükə altında qoyan situasiya belə bir partlayışın olacağını qaçılmaz edirdi. Bunun terror aktı olduğunu düşünmürəm. ABŞ Prezidenti Donald Tramp bunun kənardan müdaxilə olduğunu desə də, bu fikri bölüşmürəm. Bunun texniki fəlakət olduğunu da düşünmürəm. Beyrutda bir neçə dəfə olmuşam, oranın yaşayış tərzinə bələdəm. Ötən ildən bəri Beyrutda kommunal təsərrüfatlar işləmir, dövlət qurumlarının əksəriyyəti günün yarısınadək işləyir, digər yandan fasiləsiz yürüşlər, etiraz aksiyaları, nümayişlər ölkədə ictimai-siyasi proseslərin idarəolunmaz vəziyyətdə olduğunu sübut edir.

Beyrut limanı isə demək olar, ölkə iqtisadiyyatının nəbzidir. Livan iqtisadiyyatı son illərdə idxala möhtac qalıb, ərzaqdan tutmuş, bütün materiallar və mallara qədər lazım olan hər şey bu liman vasitəsilə gətirilir. Həmin limanda saxlanılan ammonium nitratın partlayışı gözlənilən idi. Çünki orada heç bir texniki və təhlükəsizlik qaydalarına riayət olunmurdu. Əlbəttə, Beyrutda olan bu hadisə məşum bir fəlakətdir. Yaxşı ki, Azərbaycan dövləti Livana bir milyon dollar yardımın edilməsi barədə qərar verdi. Bu, bizim insani borcumuzdur. Söhbət partlayışın harada baş verməsindən və ya orada neçə erməninin ölməsindən getmir, söhbət humanizmdən gedir.

Bu partlayışda da hansısa dövlətin və ya təşkilatın əlinin olduğunu düşünmürəm. Bu, Livandakı hərc-mərclik, anarxiya, xaos və dövlət idarəetmə strukturlarının iflic olmasının nəticəsidir.

- Məsələni bir qədər ətraflı izah edə bilərsinizmi?

- Livanın siyasi strukturu etno-konvensional seçki əsasında formalaşan dövlət qruplarına hesablanıb. Yəni Livanın prezidenti müəyyən millətin, baş naziri də müəyyən dini etiqadın nümayəndəsi olmalıdır və s. Sünnilər, şiələr, xristianlar, ərəblər, ermənilər və digərləri siyasi mövqelərinə görə yox, mənsub olduqları din, etnos və təriqətlərə görə hakimiyyətdə təmsil olunurlar.

Dediyim odur ki, Livan 12 ildir ağır iqtisadi-siyasi böhranın içindədir. Livan funtu da kəskin ucuzlaşıb. Livan hökuməti hər il funtun dollara olan məzənnəsini stabil saxlamaq üçün 8-10 milyard dollar vəsait xərcləməyə məcbur qalır. Livan iqtisadiyyatı markinq sisteminə hesablanıb. Yəni xaricdə işləyən livanlıların göndərdiyi pullar banklara qoyulurdu. Buna görə Livana “Yaxın Şərqin Fransası” deyirdilər. Çünki Livanın protektorat hamisi Fransadır.

Digər yandan, dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərinin kəskin aşağı düşməsi Livanı iflic vəziyyətinə saldı. Çünki livanlı mütəxəssislər xarici ölkələrdə əsasən neft-qaz və bank sektorlarında işləyirlər. Bu sahələrdə yaranan böhran da Livan iqtisadiyyatına çox ciddi təsir göstərdi.

- Bəs Beyrutdakı son olay Yaxın Şərqdə gedən proseslərə necə təsir göstərəcək?

- Bu, ilk növbədə Livan daxilindəki vəziyyəti sərtləşdirəcək. Çünki Livana investisiya qoyanlar az idi, bundan sonra lap azalacaq. Bunun səbəblərindən biri yaxınlıqdakı Suriyada bitmək bilməyən vətəndaş savaşı, digəri də regional oyunçuların daha da fəallaşması, geosiyasi dəyərlərin və təmrinlərin öz anlamlarını dəyişməsidir. Livanda dərinləşən böhran İordaniya, Suriya və İsrailə də öz təsirlərini göstərəcək. Bu dövlətlər də öz mövqelərini ortaya qoymaq məcburiyyətində qalacaqlar. Bu mövqelərin də nədən ibarət olacağını demək çətindir.

Livan indiyədək bölgədə gedən proseslərdən bir qədər kənarda durmağa çalışıb. Amma bu alınmayacaq. Çünki Livandakı Hizbullah hərəkatı birmənalı olaraq bildirir ki, bu partlayışdan sonra İsrailə qarşı aktivliyini artıracaq. Əlbəttə, İsrail bunu cavabsız qoymayacaq. Suriya da açıqlayıb ki, bu partlayışın texnoloji fəlakət olduğuna inanmır. Bəşər Əsəd bunu açıq formada deməsə də, Suriyanın dövlətə məxsus media qurumlarında dilə gətirilir.

- Bölgədə tektonik dəyişikliyin olacağı ehtimalı nə qədərdir?

- Bunun baş verəcəyini düşünmürəm. Çünki bölgədəki oyunçular Livanın ikinci Suriya olmasında maraqlı deyillər. Sadəcə olaraq, bölgədəki geosiyasi proseslərə aktiv şəkildə müdaxilə edən dövlətlər öz fəallıqlarını daha da artıracaqlar ki, qazandıqları payları, dividentləri və təsir rıçaqlarını əldən verməsinlər. Bunlar ABŞ, Çin, Rusiya, İran, Britaniya və Türkiyədir. Bu oyunçular arasında “bölünən” Yaxın Şərqin bundan sonra necə olacağı bilinmir.

İndi əsas məsələ Türkiyənin Aralıq dənizinin şərqindəki fəallığıdır. Livandakı partlayışdan sonra Türkiyəyə qarşı təzyiqlər artacaq. Livanın daha da çökməsinə imkan verməmək üçün diqqəti Aralıq dənizinin şərqinə yönəltməyə başlayacaqlar. Burada enerji layihələrindən, Türkiyənin guya kimlərinsə haqqına girməsindən, dənizin dibinin bölüşdürülməsindən və digər məsələlərdən söhbət gedəcək. Yəni kiçik bir ölkə Livan istəsə də, istəməsə də həm Liviyadakı, həm də Suriyadakı proseslərə təsir edəcək. Hətta Yəməndə gedən proseslərə də təsirsiz ötüşməyəcək. Fars körfəzindəki ərəb monarxiyaları Yəmənlə yanaşı, Livandakı proseslərlə də məşğul olmaq məcburiyyətində qalacaqlar. Livan indi hər an partlamağa hazır olan barıt çəlləyidir.

- Rusiyanın “Vaqner” qrupunun Belarusda peyda olmasının səbəbi nədir? Moskva hər nə qədər təkzib etsə də, Minsk bunun siyasi motivli müdaxilə olduğu ittihamında israrlıdır.

- Əvvəlcə elan etdilər ki, Belarusa gəlib buradan İstanbula gedəcəkdilər. Amma bu, ağlabatan görünmür. Çünki İstanbula getmək istəyənlər Soçi, Odessa və ya Sevastopoldan da gedə bilərdilər. İstanbula getmək üçün Belarusa gəlmək, sol qulağı sağ əllə qaşımaq kimi bir şeydir. Məsələ budur ki, Belarus müxalifəti yekdil deyil – xaotik və dağınıqdır. Belarus müxalifətindən prezident seçkisinə qatılmaq niyyətini bildirən altı nəfər – Babarikodan tutmuş, Tixanovskayaya qədər hamısı yekdil proqram ortaya qoymayıblar. Tixanovskayanın özü, ailəsi xaricdə yaşayan bir adamdır. Yəni, o, Belarus müxalifətinin “Yusif Sərrac”ıdır – müvəqqəti fiqur sayılır. Birmənalı olaraq Qərbin kriyaturasıdır. Əlbəttə, Tixanovskayanın bundan əvvəlki mitinqinə 50, sonuncusuna isə 60 min insan qatılıb. Amma bu, Belarus müxalifətinin güclü olması demək deyil.

“Vaqner” muzdlularının Belarusda görünməsinə gəldikdə, məqsəd bu ölkədə böyük siyasi qalmaqal yaratmaq idi, bu niyyətlərinə də çatdılar. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirdi ki, ölkədə vəziyyət gərginləşərsə, bu, durumu Vladivostoka qədər pisləşdirə bilər. Bu, Rusiyaya aşkar bir siqnal idi.

- Kim Belarusda vəziyyəti gərginləşdirməkdə maraqlı ola bilər?

- İki qüvvə var. Bunlardan biri Belarus daxilində təmərküzləşmə prosesini başlamaq istəyən radikal müxalifətdir. İkinci qüvvə isə Qərbdir. Qərb Belarusda “rəngli inqilab” reallaşdırmaq istəyir. İrəvan ssenarisini Belarusda həyata keçirmək məqsədləri var. Tixanovskaya da bunun üçün ideal namizəddir. Əslində Tixanovskaya da Paşinyan kimi siyasətdən çox uzaq adamdır. Belaruslular onu “evdar qadın” adlandırırlar. Onun çıxışlarına fikir versəniz görərsiz ki, ifadələrində siyasi terminlər, nüanslar çox az işlənir. Tixanovskaya sadəcə özünə səs verənləri yox, Lukaşenkonun əleyhinə səs verənlərə güvənir. Əslində güvənmir, ssenari budur – Lukaşenkonu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər.

- Səbəb nədir?

- Çünki son on ildə Belarus müstəqil iqtisadi siyasət yürütməyə başlayıb. Eyni zamanda, aşkar şəkildə Rusiyanın enerji, iqtisadi və maliyyə asıllığından qurtulmağa çalışır. Buna paralel olaraq, Belarus və Avropa İttifaqı arasındakı münasibətlərdə normallaşma tendensiyası güclənib. O həmin Avropa İttifaqıdır ki, Belarusa qarşı bitmək bilməyən sanksiyalar tətbiq edirdi və Lukaşenkonu “Avropanı sonuncu diktatoru” adlandırırdı. Yəni kobud təzyiqlər nəticə vermədikdə, Belarusla müzakirələrə başladılar. Amma Lukaşenko deyəndə ki, Belarus müstəqil siyasətindən əl çəkməyəcək və xalqın mövqeyindən çıxış edəcək – bundan sonra yenidən onu “diktator” adlandırmağa və Belarusa aşkar müdaxiləyə başladılar.

Hazırda müşahidə etdiyimiz proses budur ki, Belarusa kobud və primitiv şəkildə müdaxilələr edirlər. Məsələ Lukaşenkonu təxribata çəkmək, dinc nümayişçilərə qarşı zorakılığın tətbiq edilməsinə nail olmaqdır. Bunları da “hakimiyyətin repressiyalarının yeni dalğası” kimi təqdim etmək cəhdlərindən söhbət gedir. Ortada olan hər iki oyunçu da öz məqsədinə çatmaq istəyir. Təsadüfi deyil ki, Rusiyanın hakimiyyət dairələrinə yaxın olan qüvvələr bildirdilər ki, Lukaşenkonu yox, seçkidə qalib gələcək şəxsi dəstəkləyəcəklər. Bu, artıq oyun qaydasının dəyişməsi deməkdir. Yəni Lukaşenko hazırda iki təhlükəni neytrallaşdırmaqla məşğuldur. Birincisi, ölkə daxilində xaos və anarxiya yaradaraq dinc nümayişlər adı altında “rəngli inqilab” ssenarini reallaşdırmağa çalışan qüvvələr; ikincisi, Belarusun daxili siyasi həyatına kobud formada müdaxilə edən və Qərbə qarşı olan qüvvələr.

- Lukaşenko bu gərginliyin içindən necə çıxacaq, yəni iqtidarını qoruyub-saxlaya biləcəkmi?

- Seçkilər vaxtı baş verəcək təxribatlar qarşıdurmalara çevrilməsə, Belarus xalqı xüsusi öyrədilmiş adamların təhriki ilə dövlət orqanlarına və seçki məntəqələrinə hücum etməsə, Lukaşenko mütləq şəkildə qalib gələcək. Mən Belarus xalqını tanıyıram. Belaruslular sivil, mədəni və inkişafa meylli xalqıdır. İkinci Dünya müharibəsində hər üç belarusludan biri həlak olduğuna görə, onlar öz tarixlərinə və qan yaddaşlarına çox bağlıdırlar, aşkar qərbyönlü deyillər.

Əvvəllər Lukaşenkonon böyük və kiçik şəhərlərdən dəstəyi vardısa, son vaxtlar bu azalıb. Digər yandan, son 10 ildə Belarusda iqtisadi, texniki və maliyyə inkişafı zəifləyib. Bu da Qərbdən tətbiq edilən sərt sankisyalar, habelə Rusiya ilə iqtisadi qarşıdurmalardan qaynaqlanır. Seçkilərdə təxribata yol verilməsə, Belarus xalqının Lukaşenkoya səs verəcəyini düşünürəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər