6 Avqust 2020 22:06
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını xalq hərəkatının iştirakçısı, hüquq müdafiəçisi Sahib Məmmədov cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Sahib müəllim, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı bu günlərdə "Youtube" kanalında 1990-cı ilin yanvarın 13-də Bakıda baş verən “erməni talanları”nın guya azərbaycanlılar tərəfindən təşkil edilməsinə dair iddalarla çıxış etdi. Həmin dövrdə cərəyan edən siyasi proseslərin aktiv iştirakçısı olmuş bir insan kimi bu barədə nə deyə bilərsiniz?

– Bu hadisələrdən əvvəl – 27-29 fevral 1988-ci də fevralın sonlarında məlum Sumqayıt hadisələri baş vermişdi. Sumqayıt hadisələrinin kimlər tərəfindən, hansı məqsədlə törədildiyi sənədlərlə sübuta yetirilib. Jurnalist İbrahim Məmmədovun da bununla bağlı filmi və kitabı var. O materiallarda da sübut olunur ki, Sumqayıt hadisələrini mərkəz – “KQB” təşkil edib. 13 yanvar hadisələrinə gəldikdə isə o dövrün hadisələrinin bütün detalları ilə içərisində olmuş bir adamam. Artıq bu təhlilin yox, gözümlə gördüklərimin nəticəsidir. Bilirsiniz ki, bundan əvvəl Naxçıvanda – İranla dövlət sərhədində sərhəd təxribatı da olmuşdu. Sərhəd dirəklərinin sındırılması, sökülməsi prosesi baş vermişdi. Sonra ortaya dini amillər atılmışdı.

1990-cı il yanvarın əvvəlində vəziyyət pisləşəndə yenə də həmin təxribatçı qüvvələrin əli ilə Bakıda belə hadisələr baş verdi. Amma bunlar paralel gedirdi. Artıq həmin vaxt Ermənistanda azərbaycanlılar qalmamışdı. Hamısı didərgin salınmış, deportasiya olunmuşdular. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində olan azərbaycanlılara qarşı da həmin hərəkətlər baş verirdi. Bunlar da paralel olurdu. Əgər onu kimsə deyirsə – adını çəkdiyniz məlum şəxs obyektiv təhlil etmək istəyirsə bütün vəziyyət kontekstində bunu deməlidir.
Əlbəttə, 20 yanvar ərəfəsində Bakıda belə hallar baş verdi. Mən həmin vaxt SSRİ Nəqliyyyat Nazirliyinin tabeliyində olan Bakı Tuneltikinti İdarəsində işləyirdim. Mümkün təxribatların qarşısını almaq üçün tezliklə 50 nəfərlik bir dəstə düzəltdik. Nə qədər erməni həmin vaxt xilas edildi. Yəni, sağ-salamat Ermənistana yola salındı. Sonradan – 1990-cı ilin may-iyun aylarında onların çoxu Bakıya qayıtdı. Evləri sağ-salamat idi. Evlərini dəyişdirdilər, satdılar, içindəki əmlaklarını götürüb apardılar və sair. Yəni, məsələ bu cür olub. Əsasən erməni mənşəli əhalinin köçüb getməsi məsələsi olub. Bir daha qeyd etmək istərdim ki, bu da qarşılıqlı idi.

Ermənistandan 320 min azərbaycanlı olduqca ağır şəraitdə – əksəriyyəti ev-eşiyindən nəinki əsas əşyalarını, heç paltarlarını da götürə bilməyərək Azərbaycana pənah gətirmişdilər. Bununla bağlı xatirələr var. Hətta, itini zəncirdən aça bilməyənlər olmuşdu. Nə qədər insanı, körpə uşağı yığıb məhv etmişdilər, ağır işgəncələrə məruz qoymuşdular. Eyni zamanda Azərbaycan ərazisində – keçmiş DQMV-də əhaliyə qarşı talanlar, insanların öldürülməsi, terror davam edirdi.

Sonradan məlum oldu ki, bütün bu hadisələr, o cümlədən 13 yanvar hadisəsi 20 yanvarda sovet qoşunlarını Bakıya yeritmək üçün qəsdən törədilmiş təxribat idi. Sovet qoşunlarını Bakıya yeritməkdə də məqsəd o idi ki, burada artıq çox güclənmiş milli-azadlıq hərəkatı boğulsun. Təəssüf ki, onun içərisində provokasiya yaratdılar. İnsanların hisslərindən həmişə istifadə olunub. Məsələn, iyulun 14-də insanların vətənpərvərlik hisslərindən istifadə edən təxribatçılar tapıldı. Gözlərimiz önündə insanların kütləvi şəkildə küçəyə çıxmasından sui-istifadə etmək istəyənlər oldu. Bu, hər zaman, təəssüf ki, o dövrdə də olub. Əvvəlcə Sumqayıtda törədilən hadisələrin də başında erməni – Eduard Qriqoryan dururdu. Sərhəd təxribatı və Bakıda baş verənlər də bir zəncir idi və kənardan idarə olunurdu. Amma eyni zamanda yenə deyirəm ki, əhalini də qıcıqlanırdı. Bizlər görürdük axı Ermənistandan olan həmvətənlərimiz Bakıya hansı vəziyyətdə gəlib tökülmüşdülər. Evsiz-eşiksiz, orda-burda, yataqxanalarda yerləşmişdilər. Onlar da görürdülər ki, Bakıda ermənilər yaşayırlar, bunların isə ev-eşiyi, əmlakları ermənilər tərəfindən əllərindən alınıb, özləri də qovulub. Əlbəttə, insanlarda bir kin, nifrət hissi də var idi.

– Sevinc Osmanqızı onu da qeyd edib ki, 13 yanvar hadisələri 20 Yanvar qırğınının baş verməsində, sovet qoşunlarının Bakıya yeridilməsində əsas rol oynayıb. Yəni, açıq-aşkar o vaxtkı Xalq Cəbhəsini və təbii ki, Azərbaycan xalqını günahlandırıb...

– O adamın ermənipərəstliyi, Amerika Erməni Milli Komitəsi ilə kontraktı, işi, onların sifarişini yerinə yetirməsi aydındır. Mən buna toxunmaq istəmirəm. Məsələ ondadır ki, məhz qoşunların yeridilməsi üçün belə bir provokasiya lazım idi. Bunun üçün təbii ki, daxildəki radikal qüvvələrdən də istifadə olunurdu. Təəssüf ki, həmin vaxt insanları qızışdırmaq istəyən qüvvələr də var idi. Amma prosesdə iştirak edən əksəriyyətin, məsələn metro tikintisi ilə məşğul olan bizim – 50 nəfərin missiyası şəhərdə asayişi bərpa etmək idi. Biz milis qüvvələrinə, asayişi təmin edən qüvvələrə kömək edirdik. Əslində məqsədimiz o idi ki, provokasiyalar baş verməsin və qoşunların Azərbaycana yeridilməsinin qarışısını alaq. Adını çəkdiyiniz şəxsin fikirləri tamamilə yanlış fikirdir və erməni mövqeyidir. Ermənilər neçə illərdir bu istiqamətdə təbliğat aparırlar. İndi isə bu təbliğatın daha effektiv olması üçün azərbaycanlıların özlərindən istifadə edirlər.

– Xalq Cəbhəsinin 13 yanvar hadisələrinə münasibəti necə idi?

– Xalq Cəbhəsi belə deyək, radikallar və liberallardan ibarət olmaqla iki yerə parçalanmışdı. O vaxt leytenant Şmidt adına zavodda Milli Müdafiə Şurası yaranmışdı. Faktiki olaraq ona Rəhim Qazıyev, Etibar Məmmədov və Nemət Pənahlı rəhbərlik edirdi. Onlar artıq Xalq Cəbhəsinin İdarə Heyətinin göstərişləri, qərarları ilə oturub-durmurdular. O dövrdə geniş xalq hərəkatı var idi. Xalq hərəkatının içərisində Xalq Cəbhəsindən başqa da müxətlif qüvvələr mövcud idi. Qruplar yartmışdılar və sair. Dövr belə idi ki, bütün proseslərə nə hakimiyyət, nə də Xalq Cəbhəsi nəzarət edə bilirdi. Xalq Cəbhəsi də təbii ki, sovet dövründə yaranmış bir qurum idi. Ona birmənalı yanaşmaq olmaz. Görünür, onun da içərisində müəyyən adamlar yeridilmişdi. Xalq hərəkatının konstruktiv hissəsi çalışırdı ki, Azərbaycana qarşı məkrli planlar həyata keçməsin. Amma bu planların qarşısını almaq mümkün olmadı.

– Ermənilər 13 yanvar hadisələrindən hər zaman azərbaycanlılara qarşı istifadə ediblər. Hətta, bu il yanvarın 13-də təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan İrəvanda “Bakı qırğınları”nın "xatirəsinə" ucaldılmış abidəni təntənəli şəkildə ziyarət etdi. Sizcə, Sevinc Osmanqızının 13 yanvar hadisələrini azərbaycanlıların ayağına yazmaq cəhdi yaxın gələcəkdə Sumqayıt hadisələrinin, həmçinin, Xocalı soyqırımının azərbaycanlılar tərəfindən törədilməsinə dair cəfəng fikirlərlə üzləşə biləcəyimizin anonsu deyilmi?

– Bunu da edənlər var. Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qəbul etdiyi qərarında bir neçə məqam var. Orada göstərilir ki, bu münaqişəni Ermənistan tərəfi başlayıb. Münaqişənin ilk silahlı hissəsinə də ermənilər tərəfindən başlanıb. Yəni, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təşəbbüskarı ermənilər olub. 320 min azərbaycanlını da öz vətənindən ermənilər qovub. 1988-ci ilin dekabrında Ermənistanda demək olar ki, azərbaycanlı qalmamışdı. Hamısını deportasiya etmişdilər. Amma Bakıda və bəzi rayonlarda, məsələn İsmayıllı, Şamaxıda, indi Oğuz adlanan Vartaşen rayonunda kompakt yaşayan ermənilər yaşamaqda davam edirdilər. Hətta, 1990-cı ilin yanvarınadək onlar qalmaqda davam edirilər, halbuki həmin vaxt Ermənistanda artıq bir nəfər də azərbaycanlı qalmamışdı. Artıq onlar Xankəndidən, DQMV-nin ermənilərin çoxluq təşkil etdiyi digər yerlərdən azərbaycanlıları qovmağa başlamışdılar. Artıq faciəli hallar da baş vermişdi. Bu münaqişədə ilk itki verən də azərbaycanlılar olub. Ona görə də bu məsələlərdə erməbilərin danışmağa dili yoxdur. Ona görə də onlar bütün siyasətlərini saxta və total yalanlar üzərində qurublar. Qarakənd səmasında Mi-24 vertolyotunun vurulmasından tutmuş Xocalı faciəsini, 13 yanvar hadisələrini azərbaycanlıların əli ilə azərbaycanlıların üstünə atmaq taktikasını seçiblər. Təəssüf ki, bu prosesdə iştirak edən azərbaycanlılar var. Bu da onunla bağlıdır ki, müəyyən illərdə azərbaycanlılar istər daxildə, istərsə də xaricdə erməni şəbəkəsi ilə işbirliyinə cəlb oluna biliblər. Məsələn, ermənilərin üçüncü fondlar vasitəsilə maliyyələşdirdiyi çoxlu layihələr var ki, azərbaycanlılar orada iştirak edirlər. Tutaq ki, erməni milyonerdir, onun xeyriyyə fondu var. Həmin xeyriyyə fondu vasitəsilə üçüncü fonda vəsait verir və anti-azərbaycan təbliğatının aparılması üçün ora azərbaycanlıları cəlb edir. Yaxud birbaşa bu işi görürlər.

Məsələn, Çexiyada PİN təşkilatı var. Bu, sırf erməni təşkilatıdır. Baxmayaraq ki, Çexiya humanitar təşkilatı kimi qeydə alınıb. Onun rəhbəri vaxtilə Xankəndidə hospital açmışdı, Qarabağ müharibəsi zamanı orada ancaq erməniləri müalicə edirdi. Bu da beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir. Yəni, əgər kimsə humanitar missiya yerinə yetirirsə orada fərq olmamalıdır – kim işğalçıdır, kim işğala məruz qalandır. Hər iki tərəfə eyni kömək olmalıdır. Sonra bu təşkilatın başçısı Yaromir Ştaten bizim milli qəhrəmanımız Əlif Hacıyevi quldur adlandırırdı. İndi də aktiv erməni təşkilatı kimi Azərbaycanın əleyhinə total təbliğat aparır və Azərbaycandan xeyli QHT rəhbərini, jurnalisti, bəzən vəkilləri cəlb edərək təsir agentinə çevirib. Onlardan Azərbaycana qarşı istifadə edirlər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər